Bu gün:


FutbolPress.Az | BOS üçün büdcədən itirdiklərimiz (QEYD)

BOS üçün büdcədən itirdiklərimiz (QEYD)


oxunma sayı: 763 Paylaş:

FutbolPressZahirən bəsit, balaca mövzu təsirini bağışlasa da, fonundakı mətləbləri qabartdıqca miqyası inanılmaz böyüyən bir məqamı qabartmaq istəyirik.

Təsadüfən qarşımıza çıxan Bakı Olimpiya Stadionunun (BOS) hazırladığı təqvim.
Və təqvimdə bu gün qədəm basdığımız 2017-ci ilin avqust ayı.
Diqqət yetirin. BOS-un ortaya qoyduğu təqvimlə işlərimizi planlasaq, yaşadığımız ayın 3 gününü yaşamamış olacağıq. Bəli, avqust 7-dən birbaşa 10-a keçir.




Əvvəldə də bildirdiyimiz kimi, bu, mahiyyətdə qlobal nöqsan sayılmaya bilər. Təbii ki, hansımızsa bu təqvimlə hərəkət edəcək qədər huşsuz deyilik. Ancaq görəndə ki, BOS-un büdcəsi 1.292.975.00 manatdır, onda ortaya ciddi sual çıxır. Niyə bir stadiona bu qədər pul ayrılsa da, ən adi işlərdə səhvlər buraxılır?

Diqqət yetirsəniz, büdcədən əlavə, əmr 12/İ-1 və 01.03.2016 tarixli müqaviləyə əsasən SOCAR-dan AFFA-ya əlavə daxil olan (bu da aydınlaşmayan məqamdır; əlavə daxilolmanın təyinatı nəyədir - bilinmir) 1.810.510.00  manat da BOS-un büdcəsinə əlavə edilib. Bütün bunlar AFFA-nın illik hesabatında dərc olunan müddəalardı. 


***               ***               ***

Son vaxtlar ölkədə maliyyə böhranının çətin vəziyyətə saldığı sahələri və o sahələrdən ortaya çıxan reaksiyaları/etirazları görürsünüz. Onlardan biri də olimpiya, dünya çempionu güləşçilərimizin maaşlarının, mükafatlarının 15 aydır ödənməməsina kütləvi etirazı idi. Belə qarışıq məsələlər ortaya çıxdıqca ölkədə idarəçilik sisteminin ciddi böhranları bir-bir aşkara çıxır. Artıq dünya mediası belə mövzuları müzakirəyə çıxarır. İmciinin yaxşı olması üçün milyardlar xərclənsə də, Azərbaycanı pis vəziyyətdə məhz belə hadisələr pis vəziyyətdə qoyur və ciddi beynəlxalq korporasiyalar ölkə ilə əməkaşlıqdan imtina edir.

Maliyyə böhranının "vurduğu" sahələrə nəzər yetirsək, hər halda, BOS-dan daha əhəmiyyətli istiqamətlərdi. Ancaq heç bir gəlir gətirməyən (oxu: cüzi gəlirinin hara istiqamətləndirildiyi də məlum olmayan) BOS üçün illik 3 milyon manatdan çox vəsaitin ayrılması, qarşılığında adicə kalendarda buraxılan səhvlər... Bu səhvlər stadionun, demək olar ki, əksər işlərində var.

Bəs niyə belədir?

Çünki vacib, ölkə əhəmiyyətli qurumların idarəçiliyi qohum-dost prinsipləriylə bölüşdürülür. İşi peşəkarlar idarə etmədikcə ortaya biabırçı məqamlar daim çıxacaq. Məsələn, elə BOS-un direktoru Cavid Qarayev.

Kimdir bu adam? Stadion idarə eləməyi üçün bundan əvvəl əlahiddə xidmətləri, bu sahəyə aid təcrübəsi olub? Heç bir...

Cavid Qarayev 2007-ci ilin noyabrında AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. Həmin vəzifədə çalışdığı 8 ildə heç bir diqqətçəkən proqram, layihə həyata keçirilməyib. 2015-ci ilini oktyabrından isə BOS-un direktoru təyin edilib.

Hansı prinsipə əsasən?

O, AFFA-nın baş katibi Elxan Məmmədovun dostu prinsipinə əsasən bu posta təyin olunub. Sonra stadionun idarəçilyini formalaşdıran kadr toplanması prosesi də Qarayevin dostları və dostlarının dostları prinsipiylə seçilib.

Ümumiyyətlə, AFFA-nın strukturunda ən əhəmiyyətli postlar məhz belə bölünür. Quruma tapşırıqsız, qaydalara uyğun düşüb, irəliləyən kadrlar isə gec-tez "vurulur" və Elxan bəylə dostlarından ibarət dəstə içəri yad nəfər buraxmamaqla ümumi prosesə öz çıxarlarına uyğun nəzarət edirlər. Buna aid misalları dəfələrlə qabarmışıq, qabardacağıq. 

Elxan Məmmədovun dostu olduğu üçün BOS-un direktoru təyin edilən  Qarayevin vaxtilə dost KİV-lər vasitəsiylə dərc edilən müsahibəsində qeyd olunanlar həyata keçirilmir. Çünki dostlar rejimi təyinatların gerçəkləşməsində, vəzifələrin mənimsənilməsində rol oynasa da, onlar idarəçiliyi yaxşı bacarmır. Xüsusən spesifik sahə olan futbol ola... Çünki burada nəticə qazanmaqçün mütləq bu sahənin peşəkarı olmalısan.

Beləliklə, biz, tamamilə dotasiya sistemində işləyən BOS-un gəlirlərinin olub-olmadığını dəqiqləşdirə bilmirik.

Büdcəsi gözləri bərəldən stadionun guya gəlir gətirən obyektə çevirəcəklərini deyən Qarayev bildirmişdi ki, stadionda müxtəlif təşkilatlarla müqavilələr imzalanır. Burada mini-futbol üçün sahələr tikilir, kartinq üçün meydançalar ayrılır, peyntbol, şar futbolu, fitnes zallar hazırlanır. Eyni zamanda yaxın zamanlarda Olympicafe adlı idmanbar da fəaliyyətə başlayacaq. Yaxın zamanlarda stadionun bütün ərazisini genişzolaqlı internetlə təmin edəcəyik. Bu da hər kəsin ürəyi istəyən kimi istirahət etməsinə imkan yaradacaq. Eyni zamanda stadionun ərazisində  (bu arada kifayət qədər boş meydançalar var – red.) HED Academy, CBC Sport, Sport Marketing Group kimi bir çox tanınmış şirkətlər ofis icarəyə götürürlər.

Əvvəla qeyd etdiyi istiqamətlər üzrə yalnız kafe, mini meydançalar məsələsi təmin edilib. Bir də icarəyə verilən ofislər məsələsi. Ki, onlar da təyinatla ora gedənlərdi, hansısa müstəqil şirkət deyil ki,  stadionun büdcəsinə əlavə gəlir kimi qeyd edə bilək.

Sadə izahı budur ki, tutalım, qeyd olunan "CBC Sport" - bu, SOCAR-ın maliyyəsiylə fəaliyyət göstərən TV-dir. BOS-dakı ofis icarəsi də SOCAR-dan ayrılır. Stadionun büdcəsi də SOCAR-dandı. OK, Cavid bəy, sizin burda rolunuz nə oldu?

Təbii ki, heç nə. Onda öz adınıza niyə çıxardırsınız?

Vacib xatırlatma: Cavid Qarayev BOS-un direktoru postuna görə 10 min manat maaş alır. Səbəb? Məntiq?

Dostluq rejiminin nümayəndəsi olduğu üçün?

***               ***               ***

Ölkədə ən vacib istiqamətlərin böhranda çabaladığı, çıxış yolları axtardığı bir ərəfədə BOS-un direktoru hansı məntiqlə 10 min manat məvacib alır?

Fəaliyyətsizliyə görə?

Mini meydançalardan, kafenin icarəsindən gələn icarə haqqı hanı? Hara istiqamətləndirilir?

AFFA-nın hesabatlarında bu məqamlar niyə yoxdur?

İzahını biz verək. Onlar dostların cibinə gedən əlavə gəlirlərdir, heç bir hesabatda yoxdur. BOS-un sıravi işçiləri belə minimum 2-3 min manat məvacib alır. Buna sevinmək isə olmur. Çünki gəlir gətirməyən, əksinə, ölkə büdcəsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərən bir qurumun fəaliyyəti üçün hansısa qlamur kollektivə niyə bədxərclik edilməlidir?

Bəli, Azərbaycan futbolu bu cür bir rejimin/sistemin əsarətindədir. "Dostlar rejimi" ölkə futbolunda ən əhəmiyyətli istiqamətləri ixtiyarına keçirib, futbolçu transferlərindən tutmuş, ən xırda maliyyə proseslərinə nəzarət edirlər. Nəticədə də ortaya ciddi nöqsanlar, səhvlər və maliyyə itkiləri çıxır.

Elçin Cəlilov


oxunma sayı: 763 | Paylaş: