Azər Bağırov: “Dediyimin üstündəyəm, bir şeyi bilirəm ki…”

“Araz-Naxçıvan”ı I Divizionda çempion edən və bu mövsüm Premyer Liqada debüt edən Azər Bağırov hazırda işsizdir. Mütəxəssis komandanın uğursuz çıxışına görə aprelin əvvəlində istefa verib.

Bağırovla istefasının səbəbləri, Premyer Liqa klublarının durumu və digər məsələlər haqda danışdıq:

– Azər bəy, işsizlik necə keçir?
– Ailəmlə. Daha çox evdə oluram. 8 aylıq iş dönəmimdə ailəmə vaxt ayıra bilmirdim.

– Qaçaraq qurduğunuz komanda…
– Komandanı necə yığdıq, təzyiq altında necə işlədik, bəllidir. Qış fasiləsindən sonrakı durum da ortadadır. Premyer Liqa oyunlarını da çalışdığım qədər stadiondan izləyirəm.

– “Neftçi” – “Turan Tovuz” oyunundan (3:0) gəlirsiniz… Komandalar ikisi də yaxşı vəziyyətdə deyil. Ümumiyyətlə, həm “Neftçi”, həm “Turan Tovuz” necə göründü?
– “Neftçi” daha yaxşı idi. Tovuz təmsilçisi isə “Sumqayıt”a məğlubiyyətdən sonra özünə gələ bilmir, eniş hiss olunur. Mövsümün sonudur deyə, oyunçu problemləri də yaşayırdı. Bu cəhətdən, xüsusilə də, sol cinahda Marandiçinin olmaması boşluqları göstərdi.

– İşsiz məşqçiyə ən çox verilən sual: təklif var?
– Yox, hələ yoxdur. Ancaq ümid edirəm ki, hər şey yaxşı olacaq. Çünki həm ictimaiyyətdə, həm də mediada yaxşı məşqçi və yaxşı insan təsiri bağışlaya bilmişəm. Bulvarda gəzəndə də yaxınlaşırlar, deyirlər, yaxşı məşqçi idiniz, niyə getdiniz.

– Milliyə yerli məşqçi məsələsi gündəmə gələn ərəfədə yaxşı nəticələr qazanır, namizəd göstərilirdiniz. Həmin vaxtları xatırlayırsınızmı?
– Əlbəttə, yadıma gəlir. Dediyimin üstündəyəm, bir şeyi bilirəm ki, yaxşı dəstəklə böyük işlər görmək olar. Özümçün dəqiqləşdirdim ki, futbolda dəstək çox önəmlidir. Bəzi şeylərin irəli getməsində bütün komanda, rəhbərlik, hətta masajçıya qədər hamı çalışmalıdır.

– Dəstək demişkən, “Araz-Naxçıvan”dan sizə kifayət qədər dəstək oldu?
– Şikayət etməyəcəm, amma istədiyim qədər olmasa da, yaxşı günlərim oldu. Özüm üçün bir xətt çəkdim, bildim ki, gələcək karyeramda daha yaxşı addımlar olsun deyə nələri etməməliyəm…

– Üz cizginiz onu deyirdi ki, narazılıq var..
– Sıx qrafikdə oynayırdıq, oyunçuların psixoloji durumlarının yaxşı olmadığı görünürdü. Qış fasiləsində iki gənc oyunçu götürdük. Bütün komandalar gücləndi, bəziləri 3-4 futbolçu gətirdi, amma biz zənginləşdirə bilmədik. Axsamalarımız da bundan başladı. Bildirmişdim ki, hücumçuya ehtiyacımız var.

– Zaur Axundovun rəsmi vəzifəsi olmasa da, klubun onun kurasiyasında olduğunu bilirdik. Axundov məşqçi işinə, komandaya ən çox müdaxilə edən adlardandır…
– Mənim işimə müdaxilə etməyib, amma məsləhətləşmişik. Danışmışıq, buna baxmayaraq, klubda qərarlarıma müdaxilə olmayıb. Bütün qərarlar birmənalı mənə aid olub.

– Müdaxilə başlayanda ayrılmısınız, ya başqa səbəb?
– Ayrılıq qərarım sırf nəticələrlə bağlıdır. Əslinə qalsa, uduzmağı bacarıram, ancaq uzunmüddətli seriya pis təsir etdi. Bu komandanı aşağıdan gətirmişdim, yəni bəhanə uydurmuram.  Düşündüm ki, dəyişiklik olsa, yaxşı nəticələr olar. Bəlkə, mən nəyisə düz etmirdim? Məndən sonrakı iki oyunda “Araz-Naxçıvan” qol vura bilmədi, qol epizodu belə yox idi…

– İstədiyiniz komandanı qura bilsəydiniz, turnir cədvəlində neçənci yerə iddia edərdiniz?
– İddialı komanda üçün iki il vaxt lazımdır. Qışda iki-üçüncü yerləri bölüşürdük. Güclənə bilsəydik, çox şey edə bilərdik. Cəmi on günə komandanı yığıb, yaxşı “Araz-Naxçıvan” formalaşdırmağım, nəticələr göstərir ki, işi bacarıram. Yaxşı dəstək göstərən klub olsa… Birinci və son söz baş məşqçisinin olmalıdır. Belə şərait yaradılsa, çox şey etmək olar.

– Həm aşağı liqada, həm də Premyer Liqada yaxşı komanda formalaşdıra bilmisiniz. Sizin təcrübənizdən yararlanan olubmu?
– Deməli, bir şeyi deyim. Bəlkə də, Azərbaycanda “Pro” kateqoriyası olan hansısa məşqçi Region Liqası komandasına getməzdi. Amma mən etdim. I Divizionda “Araz-Naxçıvan”ın rəhbərliyinə də söz vermişdim ki, komanda çempion olacaq. Həmin vaxt sentyabrda maliyyə dayanmışdı, amma sözümün üstündə durdum. Komandanı APL-ə yüksəltdim. Bəzi səbəblər var ki, onu mən və rəhbərlik bilir. Böyük əziyyətimiz oldu. Azər Bağırov 10-12 günə “Araz-Naxçıvan”ı Premyer Liqaya verdi və özü, komandası haqqında yaxşı sözlər dedizdirə bildi. Bu gün bütün komandalarla yaxşı oyunlarımız oldu, klubun tarixinə damğa vuran nəticələr qazandıq. “Qarabağ”ı ilk dəfə məğlub etdik, “Neftçi”yə qalib gəldik.

– “Neftçi” demişkən, niyə “Neftçi”də işləməyəsiniz?
– “Neftçi”, “Sabah” fərq etməz. İddialıyam, çox işlər görə bilərəm. Bununçün də dəstək olmalı, işə müdaxilə edilməməlidir. “Qarabağ” kimi bir nümunə var. İllərlə bu komandanın hansı formaya gəlməsini görmüş, analizlər etmişik. Bunları qısa müddətdə edə bilərik. Çünki Qurban Qurbanovu yaxından təhlil etmişik. Azərbaycan üçün yaxşı komanda, klub formalaşdıra bilərik. Azı 2-3 il vaxt lazımdır, sənə inanmalı, dəstək göstərməlidirlər. Bu fonda nəticələr də olmalıdır.

– Dəstəklə bağlı çox qeydlər oldu. Düşünürsünüzmü ki, əcnəbilərə daha çox şans verilir?
– Bunu düşünmüşəm, “Neftçi”, “Sabah” ilyarımda iki əcnəbi məşqçi dəyişib. İndi çempionatın belə maraqlı olmasının səbəbi yerli məşqçilərin işidir. Yerli mütəxəssislər inkişaf edir. Bu gün “Sumqayıt”ın, “Kəpəz”in oyununa baxanda görürsən ki, necə ciddi rəqabət var. Oyunlar yaxşı tempdə keçir. Belə deyim, iddia edirəm ki, yaxşı komandalarda azərbaycanlı məşqçilərə dəstək göstərsələr, daha yaxşı nəticələr olar. Bəlkə, gülünc çıxacaq. Həm Bojoviçlə, həm də Mutu ilə qarşılaşdım və büdcəsi qat-qat aşağı olan “Araz-Naxçıvan”la onları məğlub etdim. Bu, özü göstəricidir.

– Millinin baş məşqçisi yaxın zamanda açıqlanacaq. Yenə gündəmdə əcnəbi məşqçi məsələsi var…
– Yerli məşqçiyə daha çox diqqət ayrılsa, yaxşı olar. Psixologiyanı, oyunçuları bilən bizik. Yerli məşqçi Azərbaycan bayrağını daha yaxşı dalğalandırar. O vaxt Nikolay Adamın işi saat 8-də bitirdi, ona nəsə sual verəndə, deyirdi iş müddətim bitib. Amma biz başqa idik, gecə saat 3-ə kimi işlədiyimiz olub. Bir azərbaycanlı öz bacarğını bütünlüklə verəcək və nəticələr olacaq.

– Sizcə, Azərbaycanda milli komandaları gücləndirə biləcək neçə yerli mütəxəssis var?
– Azərbaycanda 4-5 məşqçinin adını çəkərəm ki…

– Çəkək…
– Rəşad Sadıqov, elə Azər Bağırov… Yaxşı klublarda işləyib, nəticə verə bilən, Avroliqaya yüksələn məşqçilərimiz olub. Guya əcnəbi gəlib nə edir? 1-2 mərhələ keçib, qayıdır. Ondansa bunu yerli məşqçimiz etsin. Biz ölkəmizi daha yaxşı təmsil edər, canımızı verərik. Yaxşı nəticələrdən sonra azərbaycanlı məşqçilərə də xaricdən təklif gələr. Məsələn, Rəşad Sadıqov “Neftçi” ilə avrokuboklarda 3 mərhələ keçsə, təklif gəlməz? Dəyəri özümüzünkünə verməliyik. Bu il yerli oyunçumuzu xaricə göndərə bilmirik…

– Böyük akademiyalarda məşq prosesindən razısınız?
– Xeyr. O vaxt millidə işləyəndə də akademiyalara baxırdıq, narazılığımız olurdu. Məşq prosesinin ardıcıllığı yox idi. Bir çox klubda düzgün məşq prosesləri getmir. Axsamalar da buradan başlayır. 16, 17 yaşlı uşaqlarla işləyən məşqçilər arzulanan səviyyədə olmur. Bundan əlavə, uşaqların hərbi xidmət vaxtının gəlməsi böyük itkilərə səbəb olur.

– Gələcəkdə işləməyinizə kimlərinsə mane olacağını düşünürsünüz?
– Nə bilim, hər şey ola bilər. Düşünürəm ki, özüm haqda yaxşı fikir formalaşdırmışam və yaxşı işlər də görəcəm.

– Sizcə, azərbaycanlı məşqçilər nə üçün xaricə getmir?
– Yerli məşqçiyə birinci burada etimad göstərilməlidir. Bizə burada inam yoxdur.

Elçin Cəlilov