Bu gün:


FutbolPress.Az | AFFA-nın gizli saxladığı komissiyanın tam tərkibi bizdə!  (ARAŞDIRMA)

AFFA-nın gizli saxladığı komissiyanın tam tərkibi bizdə! (ARAŞDIRMA)


oxunma sayı: 1320 Paylaş:

FutbolPressAFFA Azərbaycanda danışılmış oyun şübhələriylə bağlı araşdırma aparır. Araşdırmanın başlamasına səbəb UEFA-nın ardıcıl tələbləridir. Ancaq prosesdə ciddi boşluqların  olduğunu gedişatı izləyənlər bilir. Səbəblər çoxdur, arasında ən əsası isə prosesin aparılması formasının müəyyən edilməməsidi.

Qurumun hüquqşünası Rəmiş Malıyev “FutbolPress”ə açıqlamasında demişdi ki,  dünyada bu işi hüquq-mühafizə orqanları həyata keçirir, ancaq Azərbaycanda bununla bağlı konkret qanunvericilik yoxdur. Buna görə AFFA-nın öz bayrağı altında keçirilən yarışlarla bağlı araşdırma aparmaq hüququ var, cəza tədbirlərini də İntizam Komitəsi həyata keçirir.

***                  ***                  ***

Qanunvericiliyin olmaması başda olmaqla, araşdırmanın assosiasiya tərəfindən hərəkətlənməsi də ciddi qüsurlar doğurur.

UEFA-nın tələbiylə başlayan prosesdə araşdırmanı AFFA-nın danışılmış oyunlarla bağlı xüsusi komissiyası aparır. Ancaq Avropa praktikasında belə hal yoxdur.

Açıq və çoxşaxəli hüquqi prosesini ictimai birlik apara bilməz. Bununçün  müəyyənləşdirilmiş hüquq-mühafizə orqanına, təhlükəsizlik orqanına müraciət edilməlidir.

Daxili proses təyinatıyla araşdırma aparılırsa, onda yenə yanlışlıq var – şübhəlilərin adının əvvəlcədən açıqlanması və s.

Assosiasiya prosesi “daxili məsələ” adıyla əvvəlcə özü “araşdırır”, “şübhəlilər” arasından “ilişdirə bildiklərini” hüquq-mühafizə orqanlarına işarə verəcək…

***                    ***                    ***

Buyaxınlarda danışılmış oyun qalmaqalı barədə ilk siyahı dərc edildi.  22 noyabrda açıqlanan siyahıdan 15 ad çıxarıldı və 2 yenisi əlavə edildi. Sonra məsələylə əlaqədar çoxlu çatışmazlıqların yarandığı ortaya çıxdı.
Prosesin anormallığı isə ondadı ki, təqsir sübut olunmadan futbolçuların adları ictimaiyyətə açıqlandı. Belədə onların şəxsi və peşə nüfuzu zədələnmiş olurmu?

***                    ***                    ***

UEFA, azı iki Premyer Liqa iştirakçısının da araşdırılmasını istəyir. O haqda niyə heç bir proses getmir? Gedirsə, bu niyə gizli, I Divizion prosesi isə sübutsuz-filansız, siyahı açıqlanaraq  gedir?

Şübhəlilərin adları sübutsuz açıqlanırsa, onda araşdırma komissiyasının üzvləri – tərkib niyə gizli saxlanır? Bunun hansı hüquqi əsası var?

İctimai Birliyin hansısa araşdırmanı tərəflərdən birinin açıq, digərinin gizli saxlanması şərtiylə aparılması “qaydasını” AFFA nə cür izah edər?

Bununla bağlı sorğumuza qurumun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu cavab vermişdi. Ancaq əməkdaşımızın suallarına bilərəkdən-bilməyərəkdən qeyri-ciddi cavablar verdiyi açıqlamasından aydın görünür: "…araşdırmanın detalları məxfi saxlanılır. Bütün məlumatlar yalnız proses başa çatdıqdan sonra veriləcək”.

Proses gizli saxlanırsa, siyahı niyə əvvəlcədən açıqlanır? Və bütün məlumatlar yalnız proses başa çatandan sonra veriləcək deməklə hüquq anlayışının yanlış olduğunu ortaya qoymuş olur.

***                   ***                    ***

Mövzu ətrafında ən aktual suallardan biri belədir: niyə yalnız I Divizion klubları hədəfdədi və niyə klub rəhbərlikləri yox, məhz ayrı-ayrı futbolçuların adları açıqlanır (oxu: təqsiri sübut edilməmiş – red.)

Qurum rəsmisinin bu detala açıqlamasında da anlaşmaz məqamlar var: "Bu barədə məlumatlar UEFA-dan gəlir. Komissiyaya konkret oyunlarda dəqiqəsinə, saniyəsinə qədər məlumatlar verilir. Bundan sonra araşdırmalar aparılır”.

UEFA-dan bu qədər detallı şübhələrin göndərilməsi müəmmalı görünür.  Əgər olubsa belə, niyə bir qism I Divizion futbolçusunun adı açıqlanır? Niyə AFFA-nın şübhəli oyunlar haqda xüsusi komissiyası şübhəliləri dindirib, İntizam Komitəsinə təqdim edilməli adları müəyyənləşdirməmiş siyahılar açıqlanır?

Klub rəhbərlikləri, TPL iştirakçıları haqda şübhələrin açıqlanması AFFA üçün çətindirmi?

Və Mikayıl bəyin əsas anlaşmaz açıqlaması Xüsusi Komissiyanın tərkibinin gizli saxlandığını deməsidi. Bu, necə ola bilər? Niyə şübhəlilərin adı açıq olanda prosesi araşdıran komissiya gizli qalır?

“Komissiya gizli saxlanmalıdır” açıqlamasına cavab olaraq eksklüziv araşdırmamızı açıqlayırıq. İctimaiyyətə məlum olsun ki, anormallıqlarla zəngin prosesi aşağıdakı adlardan ibarət komissiya araşdırır:

Vaqif Sadıqov (Məşqçilər Komitəsinin sədri)
Ağasəlim Mircavadov (Məşqçilər Komitəsinin üzvü)
Böyükağa Haciyev (Məşqçilər Komitəsinin üzvü)
Şakir Qəribov  (Məşqçilər Komitəsinin üzvü)
Xaqani Məmmədov (Hakimlər Komitəsinin sədri)
Məlik Həsənov (Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi )
Rəmiş Malıyev (AFFA-nın hüquqşünası)

Məlumata görə, şübhəli qismində dindirilməyə dəvət edilənlərlə komissiya üzvlərinin söhbətlərində ortaya heç nə çıxmır. Əksinə, komissiya nə şübhəlilərin, “Sübut yoxdusa, niyə adımız açıqlanıb ictimaiyyətə?” tipli suallarına cavab verə bilir, nə də “təqsirli” bilinənlərə tutarlı dəlil təqdim olunur.

Kortəbii davam edən prosesin nəticələrinin açıqlanması maraqla gözlənir.

Araşdırma nəticəsində UEFA prosesin hüquqi qiymətinin doğru verilmədiyini öyrənsə, AFFA-ya sanksiya tətbiq oluna bilər.

Mövzunu diqqətdə saxlayırıq, izləyin…

Elçin Cəlilov


oxunma sayı: 1320 | Paylaş: