Bu gün:


FutbolPress.Az | Diktator və şəxsiyyət (QEYD)

Diktator və şəxsiyyət (QEYD)


oxunma sayı: 374 Paylaş:

FutbolPressAFFA-nın keçmiş prezidenti, rəhmətlik Fuad Musayev haqda heç vaxt yazmamışam. Bu, ilk və yəqin son qeydimdi.

Fuad Ənvəroviçi xarakterli bir tipaj kimi görmüşəm. Zəhmli, qətiyyətli, təzadlı, maraqlı mövqeyi olan və s.

Dünən 80 illiyi oldu, yad edən isə az. Sosial şəbəkələrdə yenə əsas müzakirə mövzularından biri Musayevin necə insan, yaxud necə rəhbər olması idi...

Yenə təzadların toqquşması, yenə bir-birindən ciddi fərqlənən mövqelər və əsasən iki ana xətt: o, yaxşı, hörmətli adam, ancaq kobud, eqoist rəhbər idi.

Heyf ki, belə maraqlı personanın dövründə gəlməmişəm idman jurnalistikasına. Ovaxtlar fəaliyyətdə olan həmkarlarım Ənvəroviç barəsində danışanda hiss olunur ki, adamın ciddi çəkisi, sambalı olub. Tarixi araşdırırsan və məlum olur ki, Heydər Əliyevin hakimiyyəti dövründə onun cağbacağ davranışları nəyəsə söykənir. Çünki Əliyev Musayevi şəxsiyyət kimi qəbul etmişdi, onun dürüstlüyünə, xarakterinə görə hörməti vardı və s.

Təbii ki, kiməsə heç nədən hörmət qoyulmur. Bunu qazanan Musayevin kimliyidir. O, istənilən məmurla öz tonunda danışa bilirdisə, bununçün ona xüsusi icazə verilməmişdi, əlbəttə, şəxsin kimliyi burda vacib məqamdı.

Keçmiş hakimlər, futbolçular, ovaxtdan fəaliyyətdə olan jurnalistlərlər və s. söhbətlərində də görürsən ki, Musayev obrazını konkret çərçivəyə sığdırmaq mümkün deyil. O, Zaur Tağızadənin yetişməyində rəhbər kimi müstəsna rolu, eyni zamanda onun daha parlaq karyeraya sahib olmasına mane olan biri - təzadlı nəfərdir. Çünki o, eqoist idi.

Və yekunda o bir diktator idi. Diktatorların da bütün digər insanlar kimi həmişə hansısa müsbət cəhəti olur, ki kütlədən onu sevmək istəyənlər məhz bu cəhətini qabardır.

Mənimçün Musayev müsbət obraz deyil, təzadlı kimlikdir. Onun dövrü də qaranlıq; kulis çəkişmələri, tərslikdən doğan əyriliklər dövrü...

Ancaq bəzən, hətta tez-tez Musayev kimi radikal, sərt olmalı məqamlar olur və görünür ki, onun kimi xarakter yoxdur. Əfsanələr, miflərdəki  kimi; biri var, biri yox...

Elçin Cəlilov


oxunma sayı: 374 | Paylaş: