Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” (1:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Meydanda gərgin mübarizə gedirdi. İlk hissədə fərqlənən tərəf biz olduq. Başqa bir epizodda hesabı artıra bilərdik, amma top qapı dirəyinə dəydi. İkinci hissəyə rəqib yaxşı başladı, Ayxan müəllimin dəyişiklikləri öz bəhrəsini vermişdi. Ona görə də rəqib hesabı bərabərləşdirdi. Növbəti dəqiqələrdə oyun bərabərləşmişdi, hər iki komanda qol vurub qələbə qazana bilərdi. Lakin biz daha uğurlu olduq deyə qələbə qazandıq. Hər iki komanda qələbəyə layiq idi, lakin bərabərlik də ədalətli nəticə idi. Ağır məğlubiyyətdən sonra yaxşı qələbə qazandıq. Açığı, bir az narahat idim. Vacib olan 3 xal qazandıq.

– Etdiyiniz əvəzetmələr öz bəhrəsini verdi. Bu, əvvəlcədən planlaşdırılmışdı?
– Mənim yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdi. Tovuzda oynamaq çətindir. Xüsusilə də, texnikalı futbol oynamaq çətindir.

– Qarşıda həlledici oyunlar var. Burada keyfiyyət öz sözünü deyəcək, yoxsa psixologiya?
– Hər ikisi önəmli olacaq. Taktikadan, oyun planından asılı olmayan mərhələyə giririk. Burada hər iki amil önəmlidir. Futbolçuların ustalığı və hazırlığı sayəsində inşallah uğurlu nəticə qazanmağa çalışacağıq.

– Rüstəm Əhmədzadənin vəziyyəti necədir? Qarşıdakı oyunlarda sizə kömək edə biləcək?
– Əslində bu gün planlaşdırıdım ki, o, əsas heyətdə meydana daxil olsun. Lakin ot örtüyünün süni olması, bu fikrimdən danışdırdı. Həmçinin iki gün əvvəl məşqdə zədəsi pisləşdi.

– Tiaqo Silva oyunun sonunda mərkəz xətti yaxınlığında sarı vərəqə aldı. Ona sual verdiniz ki, həmin nöqtədə nə işi var idi?
– Tiaqoya oyundan əvvəl bildirmişdik ki, vərəqə limitindədir. Neçə oyundur bildirir ki, ehtiyatlı olmalıdır. Matçın sonu o qədər gərgin keçirdi ki, kimisə qınamaq olmur. Oyunun dərəcəsi çox yüksək idi. İndi çox məyusdur ki, “Qarabağ”la oyunda iştirak etməyəcək.

– “Qarabağ” – “Kəpəz” matçından sonra Adil Şükürov bildirmişdi ki, sanki rəqib oyunçular “Qarabağ”ın futbolçularını qoruyur. Daha sonra Siz də bildirdiniz ki, hakimlər sanki bəzi klublara simpatiya bəsləyir. Bir sözlə, Premyer Liqa klublarının baş məşqçiləri bir-birilərinə atmaca atır. Bu inamsızlığın səbəbi nədir?
– Məsələnin dərinliyinə varmayacam. Hakimlikdən çox danışmaq istəmirəm. Daha əvvəl danışmışam. Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır. Əvvəl bu fikirlə çox diqqət etmirdik, düşünürdük ki, dinamikadan hakim görmür. Lakin indi VAR mövcuddur. Bu məqamlarda narazılıqlarımız olur. Baş məşqçilərin fikirlərini oxumamışam. Çalışıram ki, mətbuatdan uzaq olum bu aralar. Gərgin dövrdür. Bu əlavə stress yarada bilər. Bütün fikrimi komandama yönəltmişəm.