Bu gün:


FutbolPress.Az | Yenə “Hafka”, yenə zarafat... (YAZI)

Yenə “Hafka”, yenə zarafat... (YAZI)


oxunma sayı: 682 Paylaş:

FutbolPressDünən Hafiz Məmmədovun 2  il əvvəlki müsahibəsinin təkrarı olub. Müəllim son 2 ildə hara nə müsahibə verirsə, eyni mövzuları qabardıb, təxminən, onları eyni cümlələrlə ifadə edir.

Yenə “...bizə borclu olanlar var, versinlər”, “Bakı” yaşayacaq, göstərərik”lə davam edib, müxtəlif fantaziyalarını bölüşüb. Niyə qeyri-ciddi? Çünki eyni məsələləri o qədər deyib ki, artıq dedikləri zarafata çönüb, dillər əzbərinə çevrilir.

Hər dəfə də, “ad çəkmək istəmirəm”i tez-tez təkrarlasa da, çəkmək istəmədiyi adlar birdən-birə ağzından sürüşüb, çıxır...

***                  ***                  ***

“Hafka”dan soruşmaq lazımdır ki, “Bahar” əlindən belə asanlıqla alınıb, 6 milyona satılırsa, niyə bu haqqınızı tələb/bərpa edə bilmirsiz? Sənə məxsus şeyi səndən alırlarsa, bunun adı cinayətdir. Ancaq ortada cinayət tərkibli hansısa iddia və ya sübut yoxdur, boş-boş danışmalar var...

Obyektivlik naminə  “Bahar”ın neçə-neçə fəhlənin baharının, qışının bir-birinə qarışdırdığını qabartsın bəlkə. Hələ onun sərəncamında olanda ixtisarların miqyasının fəlakət həddinə çatdığını xatırlamırmı?

Əgər “Bahar” məsələsində ona haqsızlıq edilmişdisə, bunu hüquq bərpa edə bilməmişdisə, deməli, iki məqam aktuallaşır:

- Özü də  “Bahar”ı illeqal mənimsəmişdi
- Ölkədə hüquq “Hafka”nın haqlarını bərpa edəcək ciddiyyətdə deyil.

İlk versiyada faktoloji məqamlar qabartmaqda çətinlik çəkirik. İkinci versiya isə birbaşa Məmmədov batıran həqiqətdir. O, hüququn gücsüzlüyünü qabarda bilmir. Birdən onu tamamilə “silərlər”... Ona görə kiçik, oliqarxlararası “qaydasız savaşları” qabardır. Bu savaşlarda isə zəifləmişlər, taktikası kasad olanlar uduzur. Uduzanın şikayətlənməsi də nəyisə dəyişmir. Çünki onu vəziyyətdən yalnız özü çıxara bilər; nə hüquq, nə də başqa qüvvə...

***              ***              ***

Bunlar bir yana, “Hafka”nın hər dəfə “Biz Azərbaycan futboluna xidmət eləmişik” deməsi artıq qıcıq yaradır.

Nəylə xidmət? Hansı xidmət? Şəxsi sərvətinlə, yaxud investisiya elədiyin bu sahədə qazanc götürüb, peşəkar iş qurmağınla?

Azərbaycan futbolunda heç kəs qazanc götürə bilməz. Deməli, bura pul yatıranlar şəxsi istəkləriylə yatırmır. Göstəriş belə olur və edirlər...

Onda Hafiz bəy kimə, hara və yaxud nəyə minnət yükləyir?

“Bahar”dan tutmuş, digər imtiyazlarından gələn pulların bir hissəsini yönəldirdi futbola, vəssalam. İndi nə edir? Heş nə. “Bakı” yarıtmazlıqlarından dolayı aldığı cəzalar nəticəsində ta Həvəskarlar liqasına yuvarlanıb. “Hafka” da ora vəsait ayırmır.

İndi də onun qazancı elə az deyil. Bəs nə oldu? Sərf eləmirmi “Bakı”ya pul ayırmaq? Yox. Çünki indiki Hafiz Məmmədovun sırf öz işidi, öz qazancıdı. Xidmət də bax, indi olardı. Əgər etsəydi...

Bundan əvvəlkilər xidmət sayılmaz. 

İndi Məmmədov sərvətindən müəyyən qədər ayırsa, ən azı, AZAL-ın imkanları qədər bir klub saxlaya bilər. Saxlamaz. "Mən axmağammı, cibimdən futbolçün pul xərcləyim" demiş adamdır və bu təfəkkür hazırkı klub idarəçilərinə də şamil edilə bilər. 

***                  ***                  ***

Əgər fərqli, yeni nəsə deməsi vacibdirsə, onda “Şeffild” məhkəməsini uduzmasını izah etsin. “Lans” çəkişmələrini uduzmasını da... Bu ki Azərbaycan qaydasızlığı deyil, Avropadı. Qanun alidir. Bir yerdə haqqını pozarlarsa, digər yerdə digər instansiya qarşısında məsələ qaldırmaqla o haqqı bərpa etmək mümkündür. Haqqını tələb et, uduzduqlarını əldə et, haqqının tapdandığı inandırıcı olsun...

Əcəba niyə hər məhkəmədə uduzdu “Hafka”?

Bəlkə səhv elə özündədi? Hm?

Elçin Cəlilov


oxunma sayı: 682 | Paylaş: