Əfran İsmayılov: “Neftçi” titullara oynamağa layiq komandadır”

Sabah Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək. Turun mərkəzi qarşılaşması “Azərsun Arena”da baş tutacaq. “Qarabağ” ölkə kubokunda iki oyuna qapısından 8 qol keçirdiyi  “Nefçi” ilə qarşılaşacaq.

Milli komandanın və “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov “FutbolPress”ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Neftçi” “Qarabağ”a kubok oyununda məğlub oldu. Amma bu qarşılaşma kubokdakı oyundan fərqlənəcək. Maraqlı görüş olacağına inanıram. Çünki “ağ-qaralar”ın da qarşısına ikincilik məqsədi qoyulub. “Neftçi” titullara oynamağa layiq komandadır. “Zirə” son turda “Araz-Naxçıvan”la oyunda məğlub oldu. Ona görə də Bojoviçin komandası qələbə qazanmaq istəyəcək. “Neftçi”nin fərqli oyun sərgiləyəcəyini gözləyirəm.”Qarabağ” son turda məğlub oldu. Buna görə futbolçuların motivasiyası aşağı ola bilər. Amma nə olur olsun, Qurban Qurbanov “Neftçi”yə qarşı aqressiv futbol oynadacaq. Lakin “Neftçi”nin son oyunlarını nəzərə alsaq, “Qarabağ” asan qələbə qazanacaq”.

İsmayılov komandaların avrokubok şanslarından da danışdı:

“Avrokuboklara bir neçə komandanın vəsiqə qazanmaq üçün real imkanları var. “Zirə”nin son turda xal itirməsi gözlənilməz oldu. Lakin Rəşad Sadıqovun komandası yaxşı formadadır. Komanda 6-7 matçdır formadadır. Bu, yaxşı amildir. Çünki futbolçuların qeyri-stabil olması, kollektivə ziyan vura bilər. Düşünürəm ki, növbəti iki turda bir çox məsələlərə aydınlıq gələcək. Qeyd etdiyim kimi, bir neçə komandanın şansı qalmaqdadır və qarşıda həlledici oyunlar var”.

Məlik Məlikov