Bu gün:


FutbolPress.Az | “İspaniya ilə oynadığımız kimi olsa, İrana qarşı lazımi nəticəni qazana bilərik” (MÜSAHİBƏ)

“İspaniya ilə oynadığımız kimi olsa, İrana qarşı lazımi nəticəni qazana bilərik” (MÜSAHİBƏ)


oxunma sayı: 599 Paylaş:

FutbolPressAzərbaycan millisi futzal üzrə dünya çempionatının final mərhələsində ikinci oyununu keçirib. Yığma komandanın budəfəki rəqibi mundialın favoritlərindən İspaniya olub. Millimiz  7 qat Avropa çempionu ilə bacarmayıb – 2:4.
Oyundan sonra millinin qapıçısı Rövşən Hüseynov futbolpress.az-ın suallarını cavablandırıb.

- Oyunla bağlı fikirləriniz?

- Gözlədiyimiz kimi, çətin oyun keçdi. Rəqibimizin adı və gücü  məlum idi -Avropa çempionu, oyunun da favoriti. Buna baxmayaraq, deyərdim ki, onlara qarşı yaxşı oynadıq. Qol şanslarımız da az deyildi. Onların vurduğu qollara baxaq, özləri vəziyyət yaradıb vurmadı, qayıdan toplar idi.

-  O topları çıxarmaq olardımı?

- Əlimdən gələni elədim. Məncə, hər bir topu çıxarmaq olar, amma bu futboldu, olur belə. Elə vaxt olur ki, qaytarmaq çətin olan topu qaytarırsan, daha rahat zərbə isə qol olur. Mənə elə gəlir ki, o dörd topda elə bir ciddi vəziyyət yox idi.

- Qələbə qazandığınız Mərakeşlə oyunla müqayisədə bu dəfə komandanın daha yaxşı oynadığını demək olarmı?

-  Əlbəttə. Mərakeşlə oyunla müqayisədə çox yaxşı oynadıq. Yenə də deyirəm, rəqib Avropa çempionudu, onlara qarşı bu cür - qorxmadan, çəkinmədən mübarizə aparmaq çox yaxşıdı. Uduzmağımıza baxmayaraq, yaxşı oyun göstərdik.

-  Motivasiya olunmaq rəqibin adı ilə bağlı ola bilərmi?

-  Düzdü, bu, psixoloji cəhətdən az da olsa, təsir edə bilər. Amma mənə elə gəlir ki, tam da onunla bağlamaq olmaz. Dünya çempionatında ilk dəfə oynamağımıza baxmayaraq, komanda işinin nəticəsidir ki, biz belə yaxşı nəticələr əldə edirik.

-  İranla oyundan nə gözləmək olar?

-  Əlimizdən gələni edəcəyik. Bu cür şans düşüb əlimizə. Bu şansı qaçırmaq istəmirik. İspaniya ilə oynadığımız kimi olsa, İrana qarşı lazımi nəticəni qazana bilərik.

- İranı nəyin hesabına məğlub etmək olar? Fərdi oyunun, yoxsa?

-  Mənə elə gəlir ki, İrana qarşı sürətli futbol hesabına oynamaq olar. Bir də rəqibin oyununu yaxşı analiz etmək lazımdı. Necə ki, İspaniyaya qarşı rəqibi çox ciddi analiz edərək çıxdıq oyuna. Qələbə də qazana bilərdik, ancaq bir az, necə deyərlər, "klass" çatmadı.

Elçin Cəlilov


P.S. Millinin mundialdakı çıxışını yaxşı hesab eləmək olar. Püşkatmadan sonra ən çətin qrupa düşdüyümüz aydın idi. İspaniya, İran və Mərakeş – hərəsi öz qitəsinin çempionu və ənənəsi olan futzal ölkəsi olduğundan belə qənaət yaranmışdı.
Ancaq ilk oyunda Afrika təmsilçisinə qarşı böyükhesablı  qələbə (5:0) və İspaniya kimi güclü futzal komandasına qarşı inamlı oyun müsbət fikir yaradır.
Qrupda son matçda – İrana qarşı sərfəli nəticə olarsa, Azərbaycan  komandası ilk dəfə qatıldığı mundialda qrup mərhələsini adlamaqla cazibəli nəticəyə nail olacaq.

Müsahibimizi isə komandamızın ən yaxşılarından hesab eləmək olar. O, mundialda bu turadək ən çox seyv eləmiş (28) 3 qolkiperdən biridir.


* Məqalə AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb


oxunma sayı: 599 | Paylaş: