Bu gün:


FutbolPress.Az | “Azərbaycanda futzal: dünən, bu gün, sabah...” (LAYİHƏ)

“Azərbaycanda futzal: dünən, bu gün, sabah...” (LAYİHƏ)


oxunma sayı: 451 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin ikinci müddətə layihə müsabiqəsinin qalibləri məlumdur. Onlardan biri də "FutbolPress"in Azərbaycan futzalıyla bağlı araşdırma təklifidir.

Kateqoriya: Azərbaycan futzalı: dünən və bu gün – dünya çempionatı ərəfəsində
Mövzu adı:  “Azərbaycanda futzal: dünən, bu gün, sabah...”

İyul-sentyabr aralığında icra olunacaq layihənin ortaya qoyacağı iş planı aşağıdakı kimidir:

MÖVZUNUN TƏSVİRİ:

Yəqin ki, araşdırmaq istədiyimiz sahə ölkəmizdə daha çox bu tezislə assosasiya edilər: “Futzal Azərbaycanda yaranıb”. Milli komandanın, yaxın/uzaq keçmişin məşhur “Turan Air”inin beynəlxalq qarşılaşmaları yerli TV-də göstəriləndə şərhçi (Böyük ölçüdə Fikrət Adgözəlli klassikası) məhz bu sitatı azı bir dəfə işlədərdi.

Bu subhəqiqət hardan yaranıb; səbəb və məqsədləri güman ki, xüsusən, o dövrlərin futzal izləyicilərinə çox maraqlı qalıb. Ölkədə TV sayının azlığı, bu azlığın içində də keyfiyyətli əyləncənin qıtlığı insanların idman yarışlarına baxıb “vaxt keçirtmək”, əylənmək azartını bir az qeyri-təbii şəkildə artırmışdı. Odur ki, o dövrlər futzal tamaşaçılarının indiyə nisbətən daha çox olduğunu iddia eləmək daha məntiqəuyğun olardı. Məhz həmin çoxluq dillər əzbərinə çevrilən bu ifadənin nədən yarandığını yəqin ki, bilmək istəyər.

Bundan başqa, ümumiyyətlə, bu idman növünün Azərbaycanda yaranması, təşəkkülü haqda tarixi bilgilərin aşkara çıxması vacibdir. Hansı dövr inkişaf, hansı ərəfə eniş idi – bu məsələlərin üzə çıxması nəticəsində biz müəyyən saldonun məlum olmasına nail ola bilərik. Bəs perspektiv nə cür görülür, necə ola bilər – mütəxəssis təhlilinə ehtiyac var.

Həm də ölkədə futzalın, əksərən,  futboldan daha yaxşı nəticələr əldə eləməsinin nəzəri, praktik səbəblərini müəyyənləşdirməkçün mütəxəssislərin fikirlərinə, müşahidələrinin öyrənilməsinə ehtiyac görünür.

Futzalın futbola nisbətən Azərbaycançün uğurlu olmasını göstərən əsas amillərdən biri də yığma komandanın tarixində ilk dəfə Kolumbiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmasıdır. Bu ilin 10 sentyabr – 1 oktyabr tarixlərində  adıçəkilən ölkədə keçiriləcək mundialda ölkəmizin ən ağır qrupa düşməsi sonunda, ümumiyyətlə, çempionata vəsiqə qazanmağın böyük uğur kimi dəyərləndiriməsi nə qədər əsaslıdır? Bunun əsasən legionerlər hesabına əldə edilməsi  aydındır, bəs məsələyə keçmiş nəslin münasibəti, şərhi nədir? Futboldan futzala, ordan geri qayıdanların mövzu ətrafında geniş mülahizələri olar, öyrənib, ictimaiyyətə çatdırmaq lazımdır.

Ümumiyyətlə, bu növ ölkədə ən az öyrənilən, ancaq araşdırılmasına daha çox ehtiyacı olan sahələrdən biridir.

LAYİHƏNİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ:

Layihənin məqsədi mövzunun təsvirində göstərilən detalların aydın mənzərəsini yaratmaq olacaq. İcra müddəti iki əsas hissəyə bölünəcək:

1. Futzal üzrə dünya çempionatına qədər
2. Dünya çempionatı/Azərbaycan millisinin hazırlığı, potensialı, tam təqdimat

İlk bölümdə layihə izləyiciləri milli komadanın DÇ-ya hazırlığını ətraflı izləyə biləcəklər. İkincidə isə məqsəd  futzalın ölkədəki təşəkkülü, keçdiyi yolu rəqəmlər və müşahidələrdə çatdırmaq olacaq. Burada siz ictimaiyyətçün futzalın diqqət mərkəzinə düşməsi, həmçinin media mənsubları üçün “məlumat bloknotu” rolunu oynayacaq detalların araşdırılmasını görə bilərsiz.

Bununçün bir neçə vəzifənin həlli nəzərdə tutulub:
1. Futzalla bağlı statistik bank
2. Maddi-texniki bazanın öyrənilməsi, perspektiv və çatışmazlıqların aşkarlanması
3. Azərbaycan futzalının klub və yığma daxil, legioner asılılığında olması – bunun dünyadakı praktikasının öyrənilməsi və Azərbaycan modelinin bu praktika ilə uzlaşdırılması; səbəblər, nəticələr.
4. Futzalın təbliğatı üçün dünyada məşhur olan “fristayl futzal” növünün ölkədə tətbiqi imkanlarını araşdırmaq, federasiyanın buna münasibəti və s.
5. Azərbaycanda futbol-futzal əlaqələri və bir-birinə təsir vəziyyətlərini öyrənmək.
6. Futzal üzrə ölkə çempionatının araşdırılması: tarixi və bu günü aspektindən ortaya problemlərin çıxarılması. Həmçinin bu növün ölkədə TV yayımının vəziyyətini araşdırmaq, ölkə çempionatının yayımı məsələsini araşdırmaq
7. Dünya çempionatına hazırlıq; komandanın bütün hazırlıq planlarının işıqlandırılması.

FƏALİYYƏT PLANI:

Layihə müddətində (3 ay) ən azı 12 məqalə planlaşdırılıb. Mövzunu tam əhatələməkçün daha çox məqalənin hazırlanması mümkündür.
Futzal federasiyasının hazırkı rəhbərliyi ilə sıx əlaqə, bundan başqa, əvvəlki rəhbərliklərdən müsahibələr, futzaldan futbola və əksinə reyd eləmiş idmançılardan müsahibələr, ictimai sorğu, media əhlinin mövzu ətrafında müsahibələri, futzalın idman mediasında təbliğatını hərəkətləndirmək və s.


oxunma sayı: 451 | Paylaş: