“Sumqayıt”dan daha yaxşı futbol oynadıq” – Şahin Diniyev

Azərbaycan Premyer Liqasının XXXIV turunun “Sumqayıt” – “Səbail” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Uşaqlar mübarizə apardılar. Bu gün “Sumqayıt”dan daha yaxşı futbol oynadıq. Çox razıyam, komandamın performansı məni razı salır. Oyun olandan sonra nəticə də gələcək. 7-ci pillə də bizimçün nəticədir. Gələn il iddialı komanda olacağıq. Heyətimiz təmiz dəyişib. Bu gün də stabillik çatmadı. Bir oyun yaxşı, bir oyun pis oynadıq. “Sabah”la səfər oyununda, bu gün burada çoxlu qol imkanları yarada bildik. Stabillik bizi buralara gətirdi. Nikbinəm, komandam düzgün yoldadır. Futbolçularımla fəxr edirəm.

– Mövsümün əvvəlindən daha yaxşı olmağa nə çatmadı?
– Stabillik. İki mərkəz müdafiəçisini görün nə qədər rotasiya etmişəm. Bu gün 4 mərkəz müdafiəçisi meydanda idi. Heyəti tapmaq üçün zaman lazımdır. 8 ayda bunları yerinə qoymaq çətindir. Yadınızdadırsa, demişdim, hədəf “altılıq”dır. Gələn mövsüm üç mövqeni düzəldə bilsək, daha etibarlı olacağıq.

– Yeni mövsümlə bağlı planlarınız hazırdır?
– Sabahı düşünmək lazımdır. Bugünkü durumda problemlər və problemlərin həll yollarını deyirəm. Bunu deyən adam düzgündür. Problemin harada olduğunu bilirəm. Bugünkü vəziyyətdə “Səbail”in sabahkı problemlərini düzəltməyə çalışırıq.

– Bu mövsüm “Sumqayıt”a dörd oyunda uduzmusunuz…
– Mən də sizə sual verim, səmimi olun. Bu gün hansı komanda güclü idi? Düşünürəm ki, “Səbail” güclü idi. Biz avrokubok hədəfi qoymamışdıq. Buna layiq olub-olmamaq başqa şeydir. Bu sözü komandaya demək olmaz. “Səbail” avrokuboklarda oynamağa layiq komandadır. Futbol faktı sevir. Düzdür, nəticələr ortadadır.

– Ötən oyundan sonra nələr baş verdi?
– “Sabah”la oyundan sonra avrokubok şanslarımız daha azalmışdı. Onları məğlub edə bilsəydik, fərqli olardı. “Sabah”a məğlubiyyətdən sonra eniş başladı, inam itdi. “Qəbələ” ilə oyun yeganə matç idi ki, qol vəziyyəti yarada bilmədik.