')

Bu gün:


FutbolPress.Az | Klubların PRinsipi...  (LAYİHƏ) 

Klubların PRinsipi... (LAYİHƏ) 


oxunma sayı: 986 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “FutbolPress” “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə iddiaçı olmuşdu.

Mövzu belə adlanırdı: TPL klublarının media və ictimaiyyətlə əlaqələri:
PR (public relations) prinsipləri.

Layihənin icrasına bütün Premyer Liqa iştirakçılarının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə müraciət ünvanlamaqla başladıq. Daha doğrusu, bir neçə sözdən ibarət və departament adlanan bir şey, əslində, heç bir klubumuzda mövcud deyil – bu standarta cavab verənləri yoxdur. Ancaq hamısı belə adlandırılır/özünü belə təqdim edir və s.

***               ***               ***

Məramımız bu idi ki, media ilə əlaqələndiriciləri layihəmizə cəlb edək. Onlar görülən işlər, bu sahənin maraqlı tərəflərini, planları, problem və perspektivlərdən bəhs eləyən məqalə ilə çıxış eləsinlər.

Ümumiyyətlə isə istəyirdik ki, layihənin icrası Azərbaycan futbol təsərrüfatında PR anlayışının oyanışına təkan versin. Hələ bunun inkişafı və digər böyük məsələlər çox-çox sonranın işidir...

Təəssüf ki, müraciətlərin hamısı yerinə yetirilmədi. Hətta layihənin icrasına start verilən 1 maydan son tarix – 30 mayadək müddətdə bəzi Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərləri adicə məqalə hazırlaya bilmədi/hazırlamadı. 

Çağırışa ilk reaksiyanı “İnter” PFK-nın media əlaqələndiricisi Səbuhi Məmmədov verdi. Çox qısa müddətdə - cəmi 5 günə klubun PR işi, mətbuatla münasibətləri, görülən və görüləcək işlər barədə geniş hesabat yazısını hazırlayıb, layihə çərçivəsində dərc elədik.

Vurğlayaq ki, məhz Səbuhi bəyin məqaləsi ən yaxşılardan hesab edilə bilər. O, həm publisistik üslubu, həm rəsmi üslubu uğurlu sintez eləməklə çox oxunaqlı, maraqlı, zəngin məqamlarla dolu mətn ərsəyə gətirmişdi.

Ümumiyyətlə isə “İnter”in media ilə işi redaksiyamız üçün ən bəyənilənlərdən olub. Lazımı vaxtda lazımı informasiyanı almaq, yaxud qısa müddətdə dəqiqləşdirmək mümkün olub. Bundan başqa, oyunların internet yayımını ilk təşkil edən “İnter” bunu məhz Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin səyi nəticəsində etmişdi. Klubun radiosu var. Səfər oyunlarından maraqlı reportajlar hazırlanıb. Klub saytı aktivdir, operativdir və maraqlıdır.

***               ***               ***

Daha sonra AFFA-nın PR departamenti məqaləsini layihəmizə təqdim elədi. Qurumun gördüyü işlər, UEFA, FIFA və s. beynəlxalq qurumlarla əlaqələrin qurulması, inkişafı barədə qeydlər maraqlı eləmişdi məqaləni. Ancaq PR şöbəsinin gələcək planları çox qısa qeyd olunmuşdu, onlar da cəzbedici deyildi. Perspektivlər əhatəli qeyd edilsəydi, məqalə olduğundan azı üç dəfə daha cəzbedici olardı. 

Cəmi 1 il Premyer Liqa iştirakçısı olan “Zirə”nin media əlaqələndiricisi Elman Himayətoğlunun hazırladığı məqaləyə görə isə xüsusi təşəkkür düşür. Layihənin istəyini anlayıb, bu işdə iştirakçıya çevrilməklə Elman bəy həm də ciddi media əlaqələndiricisi olduğunu isbatladı. 1 illik fəaliyyəti əhatə eləyən məqamları kifayət qədər işıqlandırmış, perspektivdən isə bir qədər ehtiyatlı olsa da, hər halda, açıqlamalar vermişdi.

Bir də biz PFL “Neftçi”nin PR şöbələrinin məqalələrini aldıq. Vəssalam. Bundan başqa, yerdə qalan klublar bu layihədə iştirak eləmədi.

Hətta son tarixi daha 10 gün (10 iyunadək) uzatsaq da, yenə aşağıda adını qeyd edəcəyim klubların media əlaqələndiriclərindən prezentasiya gəlib çıxmadı.

***               ***               ***

Onların əvəzinə biz prezentasiya hazırlaya bilərdik. Ancaq bizim yazacağımız məqalə başdan-başa ifşalardan, deffektlərin üzə çıxarılmasından ibarət olacaqdı. Ona görə də layihənin əsas məqsədi, klub PR sektorunun təbliği, bu sahənin canlandırılması idisə, bütünlüklə tənqid tonu uyğun olmazdı deyə, istəmişdik ki, bu işi klub media əlaqələndiriciləriylə birgə görək.

***               ***               ***

Çempion “Qarabağ”, bürünc mükafatçı “Qəbələ”nin prezentasiya hazırlamaması daha çox maraqlı, iki o qədər də təəccüblü oldu. Məsələn, tifağı dağılmış “Xəzər Lənkəran”la “Rəvan”ın media əlaqələndiriclərindən bunu gözləmək, istəmək, tələb etmək doğru da olmazdı. Onların media əlaqələrinin məhsul kimi ortaya qoymağa hansı nümunələrinin olduğunu göstərməkdə çətinlik çəkirik.  Hər halda iddialı klubların layihədə həvəslə iştirak edəcəyi gözlənsə də, olmadı.

Görünür, hələ biz müstəqil qərarlar, çıxışlar etməkçün lazımı qədər hazır deyilik...

Növbəti layihələrimizdə təşəbbüskar olacaqları ümidiylə...

***            ***               ***

Layihənin davamında biz icraçı partyorumuz  Vüqar Babanın məqaləsini dərc etdik. O, PR anlayışına kiçik izah və arayış verəndən sonra bu sahənin futboldakı rolundan bəhs elədi.

Daha sonra klub saytları və dezinformasiyalar mövzusunda hazırladığımız məqalədə çalışdıq ki, idman mediası ilə klubların peşəkar münasibətinə xələl gətirən detalları qabardaq. Konkret arqumentlərlə bu mövzunu izah etməyə çalışmışdıq.

Nəhayət, layihə üzrə ən lazımlı, ən zəhmət tələb edən məqalə: “Virtual detektiv: Klub saytlarının deffektləri” başlıqlı məqalədə biz PL iştirakçısı olan  bütün klubların rəsmi saytının deffektlərini aşkarlayıb, ortaya qoymuşduq.

Doğrudur, biz o deffektləri detallarıyla açıb, fayl formasında məqalədə yerləşdirə bilməzdik, belədə bu, qanunvericiliklə kibercinayət sayılacaqdı və redaksiyamız cinayət məsuliyyəti daşıyacaqdı. Ancaq mümkün qədər izah eləməyə çalışdıq ki, saytların proqram və s. texniki təminatında hansı problemlər mövcuddur. Və əlimizdə olan geniş izah faylını bizdən tələb edən iki kluba təklif etmişik (Başqa istəyən olsa, müraciət edib, redaksiyamızdan əldə edə bilərlər).

Adının çəkilməsini verməyən o klublar  bu fayllarla tanış olandan sonra redaksiyamıza təşəkkür edib, saytı düzəldən şirkət və ya aidiyyatı digər subyektlərlə “haqq-hesab çürüdəcəklərini” bildirdilər.

Daha təfsil izah edək. Yəni 5 manatlıq sayta görə klubdan 15 manat alıb, 3 manatlıq iş görən subyektlərin nasaz işini aşkarlayıb, ortaya qoymaqla layihəmizin faydasını, bir növ, ortaya qoymuş olduq.

Ümumiyyətlə, seçdiyimiz mövzu spesifik sahəni əhatə edirdi. Biz burda oxucu marağına, kütləyə hesablanmış, oxunaqlı çox məqamın olmayacağını bilərək bu layihəyə qol qoymuşduq. Əsas istəyimiz bu idi ki, peşəkarlaşma istiqamətində irəliləməsi hava-su kimi lazım olan idman mediasının klublarla münasibəti bazar münasibətləri səviyyəsində olmasın. Biz bu sahənin problemlərini qabartmaqla, bir növ, medianın və klubların media ilə əlaqələndiricilərinin daha peşəkar davranmasının vacibliyini qabartdıq. Dolayısıyla məqsədimiz sizə dəqiq informasiyaların çatıdırılmasına nail olmaq idi. Necə deyərlər, sizin keyfiyyətli məqalə, dəqiq informasiyalar oxumağınız əslində media ilə klubların arasında münasibətin peşəkar qurulmasından asılı olduğunu bilməlisiz. Layihənin vacibliyi ən azı bu qədərdir. 

Hesab edirik ki, bu icra müddətində biz lazım olan işin yarısını belə görə bilməmişik. Mözu kifayət qədər genişdir və bizim xeyli ideyalarımız var. Növbəti müsabiqələrdə bu işi davam etdirmək bizimçün xoş, sizinçün maraqlı olar...

Elçin Cəlilov

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə hazırlanıb



oxunma sayı: 986 | Paylaş:




?>