"Zirə"ksənsə, PR-ın olacaq (LAYİHƏ)
Paylaş:
Layihəmiz davam edir. Növbəti prezentasiya “Zirə”nindir.
Məqsədimiz Azərbaycan futbolunda PR (Public relations – İctimaiyyətlə əlaqələr) ənənələrinin olub-olmadığına nəzər yönəltmək, bu istiqamətin vərdişlərinin yaranmasına təkan verməkdir.
Bunadək “İnter” PİK və AFFA-nın prezentasiyası olub. Növbəni veririk Premyer Liqanın uğurlu debütantı – “Zirə”yə.
Klubun mətbuat və ictimaiyyətlə əlaqələndiricisi Elman Himayətoğlu prezentasiyaya belə fraza ilə başlayır:
““Zirə” PFK yarandığı ilk gündən qarşısına sözün əsl mənasında peşəkar klub olmaq vəzifəsi qoyub. Bu məqsədlə görülən ilk iş isə təbii ki, klubun idarəçiliyi və hər işin sahibinə tapşırılması olub. Bu gün “Zirə”nin uğur qazanmasının ən başlıca səbəbi də budur”.
Marketinq və PR
“Zirə” klub idarəçiliyi və işə yanaşma baxımından hələ 1-ci dvizionda çıxış edərkən diqqət mərkəzinə düşmüşdü. İlk vaxtlar birbaşa mətbuatla əlaqələrə cavabdeh şəxs olmasa da, klubun Marketinq Departamenti həm bu, həm də PR işinin öhdəsindən gəldiyini demək olar. Kluba müxtəlif sahələr üzrə partnyorların və sponsorların cəlb olunması ictimaiyyətlə əlaqələrin düzgün qurulmasının bəhrəsi kimi qiymətləndirilir. Görülən işlərin, klubun fəaliyyət perspektivinin əks olunduğu kitabçalar hazırlanaraq müxtəlif şirkətlərə təqdim olunmuşdu. Bundan başqa, klubun daha çox auditoriyaya tanidilması məqsədi ilə aşağı dəstədə çıxış etməsinə baxmayaraq, bütün ev oyunlarının televiziya ilə canlı yayımı təşkil olunmuşdu. Üstəlik, yolu Zirə tərəfə düşən hər kəs çox asanlıqla klub stadionunu tapa bilər. Qala qəsəbəsini keçdikdən sonra klubumuzun loqosunun əks olunduğu müxtəlif reklam lövhələri və işarələr düz Zirə İdman Kompleksinin stadionuna aparır. Beləliklə, ətraf qəsəbələrin sakinləri və qonaqları da “Zirə”ni yaxından tanıyır, futbola sevgisi olanlar onun ətrafında birləşir. Təsadüfi deyil ki, bu gün “Zirə”lilər bir araya gələndə yalnız Zirə deyil, həm də ətraf qəsəbələrin sakinlərini də görmək olar. “Zirə” Azərbaycanda yeganə klubdur ki, rəmzi olan “qartal”ın maskotu hazırlanıb və hər oyunda azarkeşlərin qarşısına çıxır. Həmin talisman hələ klub 1-ci dəstədə təmsil olunduğu vaxtdan komanda və azarkeşlər arasında səmimi yaxınlıq yaradıb, azarkeşlərin sevimlisinə çevrilib. Bir sözlə, “qartal” PR baxımından da olduqca böyük rol oynayır.
Mətbuatla əlaqəqələr
“Zirə” hələ 1-ci dvizionda çıxış edərkən, futbol ictimaiyyətinə, geniş kütləyə yüksək səviyyədə təqdim olunmuş və yetərincə tanınırdı.
Elman bəy bildirir: Divizionun ulduzu da saymaq olardı bu klubu. Bu üzdən klubda işləmək perspektivi yarananda “Zirə”?, təzə klubdu?” kimi suallar yaranmadı. Marketinq və PR işi elə yüksək səviyyədə qurulmuşdu ki, 1-ci dvizionda çıxış edən, hələ Premyer Liqaya vəsiqə qazanacağı dəqiqləşməyən, klubda çalışmaq perspektivi çox cəlbedici görünürdü. Təbii ki, klubun peşəkarlar tərəfindən idarə olunması da, həlledici rol oynayırdı.
Klubda mətbuatla əlaqələr baxımından bir çox işlər görülmüşdü. Hazırlığına komanda 1-ci dvizionda çıxış edərkən başlanan “Facebook” səhifəsi və rəsmi internet saytı ötən yay fəaliyyətə başlamışdı. Klubumuzun rəsmi internet saytı xəbərləri Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim edir. Peşəkar klubda onun rəsmi saytı ilə yanaşı, sosial şəbəkələrdə səhifəsinin olması, məlumatların daha operativ yayılmasında mühüm rol oynayır. Bəzən sayt üçün xəbər və tələblərə uyğun fotoların hazırlanmasına müəyyən vaxt sərf olunursa, sosial şəbəkədə daha tez, bir-neçə cümlə ilə xəbəri yaymaq mümkündür. Bundan başqa, “Zirə” PFK hələ aşağı dəstədə çıxış edərkən media-partnoyorluq müqavilələrinə imza atıb. Ötən yay komanda Ərzurum toplanışında olarkən qardaş ölkənin məhşur “Cihan” və “Anadolu” xəbər agentlikləri təlim-məşq toplanışında olaraq, videomaterial hazırlamışdılar. Bundan başqa, Türkiyənin 10-dan çox xəbər saytı komandamızın təlim-məşq toplanışı haqda xəbər yaymışdı.
*** *** ***
Mətbuatla əlaqələrdə informasiyanın verilməsi və müsahibələrin təşkili də önəmli məqamlardandır. Klubun mətbuat katibi jurnalistlərin bütün suallarına cavab verməli, müsahibələrin təşkilində yardımçı olmalıdır. Hətta klubu daim tənqid edən KİV nümayəndəsi də, hər hansı sualla müraciət etdikdə ona nəzakətlə cavab vermək, sualının cavabını tapmasında yardımçı olmaq vacibdir. Bu baxımdan “Zirə”də işə necə yanaşıldığını jurnalistlər daha yaxşı bilər.
Ev oyunlarının keçirildiyi Zirə İdman Kompleksində də jurnalistlərin iş imkanlarını yaxşılaşdırmaq məqsədi ilə addımlar atılıb. Əvvəl bu sahədə çatışmazlıqlar olsa da, qabardılan problemlər üzərində iş görülüb. Cari mövsümdən öncə stadionda media sektoru yaradıldı və konfrans zalı yenidən təmir olundu. Oyunların canlı yayımının təşkili üçün də müəyyən şərait yaradıldı. Şübhəsiz, oyunun televiziya vasitəsi ilə təqdimatının keyfiyyəti stadionun imkanlarından da asılıdır. Bu baxımdan yayımçı şirkətin, mütəxəssislərin də tövsiyyəsi ilə kamera yerləri müəyyənləşdirildi və çəkiliş üçün məkanlar düzəldildi. Həmçinin, şərhçilər üçün də kabina hazırlandı. Zirə qəsəbəsinin şəhərdən uzaqda yerləşdiyini nəzərə alan klub rəhbərliyi jurnalistlər üçün nəqliyyat ayırmaqla, onların oyunlara problemsiz gəlməsini təmin edib.
Elman Himayətoğlu narazı olduğu məqamları bildirir:
“Təbii ki, bu sahədə hər şey ideal deyil. Yeni yaranan klubumuzda görüləcək çox iş var. Maddi-texniki bazanın yaxşılaşdırılması və işçi heyətinin genişləndirilməsi işimizi daha da yaxşılaşdırmağa, mətbuatla əlaqələr və informasiyanın yayılması imkanlarını da artıracaq. Addım-addım irəli getməyi qarşısına məqsəd qoyan klubumuz bu sahədə də irəliləmək imkanı verən planların üzərində işləyir. “Zirə” PFK olaraq, əsas məqsədimiz klubumuzla bağlı hər hansı suala cavab axtaran jurnalistin lazımi xəbəri qarşısında görməsini təmin etməkdir”.
* Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinə təqdim edilməkçün hazırlanıb.
| Paylaş: