')

Bu gün:


FutbolPress.Az | “İnter”PİK-in ictimaiyyətlə əlaqələri : Nə? Harada? Nə vaxt? (LAYİHƏ)

“İnter”PİK-in ictimaiyyətlə əlaqələri: Nə? Harada? Nə vaxt? (LAYİHƏ)


oxunma sayı: 990 Paylaş:

FutbolPressBeləliklə, ölkə idmanı, idman mediası üçün ən vacib proseslərdən biri - komitənin yaranmasının əhəmiyyəti tədricən görünməkdədir. Aprelin 22-də AFFA yanında Media Komitəsi ilk layihə qaliblərini elan elədi. 28 layihədən 17-i seçildi. Maliyyələşdiriləcək qalib layihələr arasında "FutbolPress" də  var.  

Elan edilən 10 istiqamət üzrə qalib gəldiyimiz  4-cü - "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması" kateqoriyasında layihə işinə start veririk. 

Mövzumuz budur:  "TPL klublarının media və ictimaiyyətlə əlaqələri: PR (public relations) prinsipləri".

Layihə çərçivəsində sizə Azərbaycan Premyer Liqasının iştirakçısı olan bütün klubların mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin iş səviyyəsini öyrənib çatdıracağıq. Bundan başqa, mövzunu əhatə eləyən məlumatlandırma xarakterli bir neçə məqalə hazırlayacağıq. Layihə çərçivəsində ümumilikdə 8 məqalənin hazırlanması nəzərdə tutulsa da, sonradan iş prosesinin daha dərindən öyrənilməsi redaksiyamıza imkan verdi ki, bu sayı azı iki dəfə çoxalda bilərik. Məqsədimiz seçdiyimiz istiqamət üzrə bütün məlumatları sizə çatdırmaq, mövzunu tam əhatələməkdir.

"FutbolPress"in mövzu haqda panorama xarakterli məqaləsi hələ hazırlanmaqdaykən artıq "İnter"in Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Səbuhi Məmmədovun məqaləsi hazırlanıb, redaksiyamıza təqdim edildi. Birgə hazırladığımız məqalədə siz adıçəkilən klubun bu istiqamət üzrə yanaşmalarıyla tanış ola bilərsiz.

Xatırladaq ki, layihə çərçivəsində AFFA və PFL də daxil olmaqla, 10 klubun hər birinini analoji departament/qurumunun əməkdaşlarıyla mövzu ətrafında araşdırma-hesabat xarakterli məqalə hazırlanacaq. Bu da o deməkdir ki, layihənin əhatə edəcəyi 2 ay ərzində siz kifayət qədər əhatələnmiş informasiyalarla, məqalələrlə, müsahibələrlə təmin olunacaqsız. Daha maraqlı ideyaları hələ sirr kimi saxlayaq və keçək Səbuhi bəyin redaksiyamızla birgə hazırladığı məqaləyə:

***               ***               ***

Ötən il “İnter”Peşəkar İdman Klubu 10 yaşını qeyd etdi. Etiraf etmək lazımdır ki, 10 il heç az vaxt da deyil və istər-istəməz nəticələr barədə müəyyən fikirlər səsləndirilməsinə zərurət yaradır. Əsas, əvəzedici və uşaq komandalarımızın ötən 10 il ərzində qazandıqları nailiyyətləri sadalamaq fikrindən uzağıq. Bu məqalədə klubun təsis edildiyi gündən bu yana ictimaiyyətlə əlaqələr sahəsindəki vəziyyətinə nəzər yetirmək istəyirik. Ümid edirik ki, bu yazıda vurğuladığımız fikir və məlumatlar “İnter”PİK-in bu çox mühüm sahədəki vəziyyətinə müəyyən aydınlıq gətirəcək.

Beləliklə, “İnter” PİK necə bir idman təşkilatıdır, missiyası, məqsədi, dəyərləri nədir?

Bunların məqalənin mövzusuna aidiyyatının olmadığını düşünə bilərsiniz. Ancaq hansısa qurumun fəlsəfəsini bilmədən həmin təşkilatın ictimaiyyətlə səmərəli əlaqələr yaratmasının səviyyəsini öyrənmək və müəyyən qənaətə gəlmək də müşkül məsələdir. Buna görə də, 10 yaşlı “İnter”PİK-in missiya və məqsədini özündə ehtiva edən fəlsəfəsini bilmək müraciət etdiyimiz mövzu üçün böyük əhəmiyyət daşıyır.

Əslində fəlsəfəmiz yeni deyil, yəni yeni velosiped kəşf etməmişik. Missiyamız sadə və aydındır: Azərbaycan futbolunun tarixində özünəməxsus yer tutmağa çalışmaqla azarkeş və cəmiyyət üçün emosional və mədəni dəyər kəsb edən idman proseslərinin bir hissəsi olmaq və bu vacib prosesə töhvə vermək. Bu missiyanı “çiynində” daşıyan klubun məqsədi də mürəkkəb deyil, idman dəyərləri baxımından normal klubun arzuladığı vacib hədəflərdir: Azərbaycanın aparıcı klublarından biri olmaqla Vətənimizi ölkə daxilində və beynəlxalq arenalarda yüksək səviyyədə təmsil etmək və respublikamızda futbol mədəniyyətinin daha da inkişafına töhvə vermək, eləcə də klub ənənələrini qorumaqla yüksək idman nəticələrinə can atmaqdan ibarətdir. Gördüyünüz kimi, məqsədimiz, necə deyərlər, yaxşı mənada “çərçivəyə sığmır”, amma Napoleon demişkən, “General olmaq istəməyən əsgər əsgər deyil”. Biz də bu missiya və məqsədlərlə “silahlanaraq” milyonların sevimlisi olan futbol sahəsində, necə deyərlər, “çələng vurmağa” girişmişik.

Bəs, vurduğumuz çələngin səsi eşidilirmi? Bakının da “İnter” adlı komandasını olduğunu bilənlər çoxdurmu? İlk baxışdan kifayət qədər sadə təsir bağışlayan bu suallara dəqiq cavab vermək asan deyil. ““İnter”PİK-i tanıyırsınızmı?” sualını verməklə hər hansı bir sorğu aparılmadan konkret cavab vermək çox çətindir. Bəli, klubumuz ikiqat Azərbaycan çempionudur və UEFA-nın keçirdiyi yarışlarda daim iştirak edir. Əlbəttə ki, hər belə iştirakın “İnter”PİK-in həm ölkə daxilində, həm də sərhədlərimizdən çox-çox uzaqlarda tanınmasına şərait yaradır, ən azından elektron ünvanımıza bilet və ya köynək göndərilməsilə bağlı əcnəbi azarkeşlərin xahişlərinin artmasına səbəb olur. Təbii ki, Azərbaycanda “İnter”PİK-i tanıyırlar, klubun əldə etdiyi uğurlar da bilinir. İctimai maraq doğuran məqamlarda kluba marağın artması da təbiidir. Məsələn, 2011-ci ildə “İnter”FK-nın MDB Kuboku qazanması klubun Azərbaycanda tanınmasına geniş yol açmışdı. Xüsusilə də bu yarış çərçivəsində “İnter”in Ermənistan təmsilçisi “Mika” komandasını böyükhesablı məğlub etməsi futbola böyük maraq göstərməyən vətəndaşlarımız arasında da geniş rezonans doğurmuşdu. Bundan başqa, “İnter”PİK-in Rusiya Federasiyasının şimal paytaxtı Sankt-Peterburqdan kubokla qayıtması və klub nümayəndələrinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi ictimai diqqətin klubumuza doğru istiqamətləndirməsinə səbəb olmuşdu.

Digər məqamlar da var ki, klubumuza uzaqdan da olsa rəğbət və azarkeş dəstəyin verilməsinə şərait yaratmışdı. Tək elə Polşanın “Lex" (Poznan) komandasına qarşı səfərdə keçirilmiş cavab oyununu xatırlatmaq yerinə düşər. UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində doğma divarlar arasında 1:0 hesabıyla uduzmuş “İnter”in səfərdə Polşanın ən güclü komandasına qarşı keçirəcəyi matçda nəticənin dəyişməsinə təsir göstərən oyun sərgiləyəcəyinə inananlar çox az idi. Lakin komandamız rəqibin qapısından qol keçirərək polşalıları şoka salmış, azərbaycanlı fanatları isə lərzəyə gətirmişdi. Yalnız dramatik penallaşmada 9:8 hesabla uduzmasına baxmayaraq, “İnter” öz adından söz etdirməyi bacarmış və “sıradan bir komanda” olmadığını təsdiqləmişdi. Bu qarşılaşmadan 6 il ötür, amma mən hələ də polşalı kolleksiyaçılardan məktub alıram. Etiraf edirəm ki, belə bir maraqlı oyunun keçirilməsi və həmin dövrdə “İnter”PİK-in populyarlaşmasına xidmət edən mühitin formalaşması ictimaiyyətlə fəal ünsiyyətin bəhrəsi deyildi, bu, hadisənin doğurduğu effekt sayəsində baş vermişdi. Təbii ki, klubun Mətbuat Xidməti tərəfindən müəyyən addımlar atılmışdı, məsələn, oyun afişaları paylanmışdı, anonslar verilmişdi, xüsusi proqramlar hazırlanmışdı və s. Amma bu fəaliyyətin həmin anda zəruri atmosferin formalaşmasında rolunu çox da yüksək qiymətləndirməzdik. Oyunöncəsi mühitin təbliğatı daha yüksək və daha effektli ola bilərdi.

Bəs “İnter”PİK-də ictimaiyyətlə əlaqələrlə iş hansı səviyyədədir?

“İnter”PİK-in mətbuat xidmətinə 2006-cı ilin noyabr ayında təyin olunmuşam. O zaman klubun Mətbuat Xidmətinin arsenalında nə vardı? Klub saytı fəaliyyət göstərirdi. 2005-cı il səviyyəsinə uyğun sayt hazırlanmışdı və klub həyatını əks etdirən fotolar və xəbərlər sayta yerləşdirilmişdi. İctimaiyyətlə əlaqələr sayt vasitəsilə həyata keçirilirdi. Amma klubun sosial şəbəkələrdə səhifəsi yox idi. Çünki 2004-2006-ci illərdə sosial şəbəkələrdən istifadə geniş yayılmamışdı. Mətbuat Xidmətinin foto-video çəkilişləri aparmaq üçün zəruri texniki avadanlığı da yox idi. Əlbəttə, klub yeni yaradılmışdı, bazası yox idi və formalaşma dövrünü yaşayırdı. Buna görə də, həmin dövrdə qarşıma ictimaiyyətlə əlaqələrin yaxşılaşdırılmasına xidmət edəcək fəaliyyətin yenidən təşkil edilməsi vəzifəsi qoyulmuşdu. Yaxın və orta müddətli fəaliyyət planının təsdiqindən sonra işə başladım.

Öncə peşəkarlığın atributlarından biri sayılan yeni saytın yaradılması prosesinə start verdik. Daha funksional və dinamik saytın hazırlanmasına çalışdıq. Sonra təbliğatı gücləndirəcək texniki avandanlıqların alınmasına qərar verdik. Kadr potensialını artırdıq. İT-menecer cəlb etdik. Sosial şəbəkələrdə ayaq tutmağa çalışdıq. Doğrudur, "Facebook" sosial şəbəkəsində yaratdığımız səhifəmizdə ilk postumuz 31 oktyabr 2010-cu ilə təsadüf edir. Bəlkə də bəhanə kimi qarşılayacaqsınız, bu qədər gecikməni daha çox sosial şəbəkələrin ictimaiyyətlə əlaqələr qurulmasında rolunun yüksək qiymətləndirilməməsinə bağlamaq olar. Amma necə deyərlər, gec olar, güc olar. Bu gün deyə bilərik ki, “İnter”FK sosial şəbəkələrdə, xüsusilə də “Facebook”da fəallıq dərəcəsinə görə Azərbaycan Premyer Liqasında fəaliyyət göstərən klublardan geri qalmır. Futbolsevərlər rəsmi səhifə təsdiqini almasa da (Qeyd etmək istəyirəm ki, bununla bağlı "Facebook" şirkətinə iki dəfə müraciət etmişik, ancaq cavab hələ də gecikir), Facebook səhifəmizdə yenilikləri izləmək şansını yaxalayırlar. Oyunöncəsi elektron posterlərin hazırlanması və sosial şəbəkələrdəki səhifələrimizdə yerləşdirilməsi, eyni zamanda, oyunöncəsi isinmə hərəkətlərinin və məşqlərin Facebook səhifəmizdə canlı olaraq yayımlanması “İnter”PİK-in novatorluğunun təsdiqi kimi göstərmək mümkündür.

Klubun Mətbuat Xidmətinin yenilikləri təkcə bununla yekunlaşmır. 2011-ci ildə martın 12-də Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq yerli birinciliyin - “İnter”-“Qarabağ” qarşılaşması birbaşa internet vasitəsilə nümayiş etdirilmişdi. Belə bir yayım həyata keçirməklə “İnter”PİK futbolun təbliğatı baxımından xoş ənənənin əsasını qoymuşdu. Bu yayımdan sonra klublar və futbol təşkilatları oyunları internet vasitəsilə yayımlamağa başladılar. Yayım təkcə “İnter Arena” stadionundan deyil, Azərbaycanın digər rayon və şəhər stadionlarından da aparılır.

İnterTV Avrokubok oyunlarını da yayımlamağı bacarmışdı. Estoniyadan, Norveçdən, Moldovadan və İsveçdən oyunları canlı yayımlayaraq azarkeşlərimizi sevindirmişdik. Birbaşa efirdə yayıma başladığı gündən indiyədək “İnterTV”yə təqribən 660 min adamın baxdığını fəxrlə demək olar. Dünyanın 100-dən çox ölkəsindən “İnterTV”nin seyr olunduğunu da qeyd etmək istərdim. Qürurla deyə bilərəm ki, “İnterTV” klubumuzun ən uğurlu layihələrindən biridir.

Yeniliklərimiz tək İnterTV ilə yekunlaşmır. Stadionumuzda xüsusi olaraq yaradılmış studiyada internet radio fəaliyyət göstərir. Zəruri avandalıqla təchiz olunan studiyada dinləyicilərə idman xəbərləri çatdırılır, musiqi parçaları verilir. Bundan başqa, studiyamızda oyunöncəsi onlayn rejimində brifinq keçirilir. “Küncdən zərbə” adlanan proqram efirdə olan zaman jurnalistlər rahat şəkildə studiyadakı qonağa sual vermək imkanı qazanırlar. Düşünürəm ki, klub müasir media texnologiyalardan istifadə edərək, ictimaiyyətlə fəal ünsiyyətin qurulmasına çalışır.

Vkontakte.com sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun çox xoşladığım bir fikri var: “Bizim ən dəyərli resursumuz bizim diqqətimizdir”. İctimaiyyətlə əlaqələrdə bu amil böyük rol oynayır. İkitərəfli yolun iştirakçıları kimi klub və ictimaiyyət zaman-zaman üz-üzə gəlir və bu qarşılaşmadan müsbət nəticə əldə olunmasında klub daha fəal rol oynamalıdır. “İnter”PİK bu məsələdə nə dərəcədə diqqətlidir? Təbii ki, bu suala mənim cavab verməyim yerinə düşməz. Çünki bu məsələdə tərəfsiz deyiləm, yazacaqlarım birmənalı qarşılanmaya bilər. Anacaq əminliklə vurğulaya bilərəm ki, ictimaiyyətlə əlaqələrdə qərəzsizlik, açıqlıq və kömək etməyə çalışmaq kimi dəyərlərə üstünlük veririk. Klub həyatının ictimaiyyətdə doğru-dürüst əks olunmasına kömək edən bütün kanallarla ünsiyyətin əməkdaşlıq müstəvisində inkişaf etməsini strateji vəzifə kimi qiymətləndiririk. Bu həqiqətdir ki, yaxşı əlaqələr klubun müsbət imicinin formalaşmasında mühüm rol oynayır və buna görə də, ünsiyyət kanallarının daim açıq saxlanılması, informasiyaların operativ və ətraflı yayılması böyük əhəmiyyət daşıyır.

Əlbəttə, ictimaiyyətlə əlaqələr kommunikasiya kanallarından biri kimi həyatımızda yeni sahədir. Bununla belə, bu sahənin istənilən qurumun sabit və davamlı inkişafı üçün mühüm amillərdən birinə çevrilməsi artıq danılmaz faktdır. “İnter” klubu da ictimaiyyətlə əlaqələrinin sağlam əməkdaşlıq prinsipləri üzərində qurulmasına böyük əhəmiyyət verir və klub-ictimaiyyət münasibətlərinin yüksək səviyyədə olmasına şərait yaradan istənilən addımı dəstəkləməyi vacib sayır. Bəli, demək olmaz ki, “İnter”PİK-də ictimaiyyətlə əlaqələr ideal səviyyədədir, ancaq bu sahənin əhəmiyyətini anlayan qurum kimi hər iki tərəfi irəliyə aparacaq addımları atmağa hazırdır. Təbii ki, bu sahədə nə qədər irəli getdiyimizi və gedə biləcəyimizi dəqiq deyə bilmərəm. Napoleon demişkən, son söz həmişə ictimaiyyətindir.

Gələcək planlarımız, əlbəttə ki, var. Klubun ictimaiyyətdə imicinin möhkənləməsinə kömək edəcək addımlar barədə düşünürük. Ümid edirik ki, bir çox məsələlərdə pionerliyini qoruyan “İnter” klubu bundan sonra da yenilikləri və atacağı addımlarla ictimaiyyətdə xoş təəssürat oyadacaq.

Səbuhi Məmmədov
"İnter" PİK-in mətbuat xidmətinin rəhbəri

"FutbolPress" 
LAYİHƏ istiqaməti: "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması"


* Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə hazırlanıb


oxunma sayı: 990 | Paylaş:




?>