')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin multimedia PRezentasiyası (LAYİHƏ)

"Neftçi"nin multimedia PRezentasiyası (LAYİHƏ)


oxunma sayı: 2159 Paylaş:

FutbolPress “Neftçi” gözümüzün ağı-qarası

“Neftçi” Azərbaycanın ən köklü klubudur demək hər nə qədər təkrarçılıq olsa da yolumuzun mənbəyi budur. “Neftçi” bu gününü 80 illik tarixə malik əzəmətli sütunlar üzərində qurur. Hətta günümüzdə geniş istifadə olunan media və PR (Public Relations) anlayışları ilə tanış olmazdan əvvəl “Neftçi” milyonların qanına işləmişdi.
1937-ci ildən müstəqillik illərinə kimi “Neftçi”nin media ilə əlaqələri dedikdə dövlət televiziyası və radiosu, eləcə də ağ-qara qəzet səhifələri yada düşür. Əzəmətli tarix qoxan o dövrün davamçıları olmaq fəxarət hissinin yanında böyük məsuliyyət tələb edir.
Layihəniz klubun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin işi ilə bağlı olduğu üçün mətləbdən yayınmadan mövzuya keçirik.

Kommunikasiya plan

Media və İctimaiyyətlə Əlaqələr Departamenti həm klubdaxili, həm də klubdan xaric əlaqələrin düzgün şəkildə qurulmasını tənzimləyir desək, yanılmarıq. Öncə klubdaxili əlaqələrin qüsursuz təşkili üçün aylıq kommunikasiya planı hazırlanır. Nümunə olaraq aşağıdakı şəkilə nəzər yetirməyiniz tövsiyyə olunur. Plan hazırlanarkən klub tərəfindən növbəti ay ərzində görüləcək işlər burada öz əksini tapır. Plana sonradan salınan növbədənkənar tədbirlər barədə ayrıca məlumat verilir. 
Kommunikasiya planı Media və İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən hazırlansa da prosesdə klubun bütün məsul şəxsləri yaxından iştirak edir. İctimaiyyətlə əlaqələr nə qədər vacibdirsə, klubdaxili kommunikasiyanın düzgün qurulması bir o qədər mühümdür. Bu plan klub əməkdaşları arasında əlaqələrin güclənməsinə şərait yaradır.  

Rəsmi sayt

Rəsmi sayt klubun dünəni, bu günü həm də gələcəyidir. Yəni rəsmi sayt özündə tarixi çalarları, bu günün tələblərini və gələcək inkişaf imkanlarını cəmləşdirməlidir. “Neftçi”nin yaranmasının 79-cu ildönümü günündə istifadəyə verilmiş yeni rəsmi saytın üzərində 6 aydan çox iş aparıldı və sayt yaradılarkən onun proqressiv olması prinsipi əsas göötürüldü. Yəni sayt günün tələblərinə cavab verməklə yanaşı, dəyişərək inkişaf etdirilə biləcək şəkildə yaradıldı. Rəsmi saytda “MyNeftchi”, “NeftchiTV”, “Stadium Tour”, “NeftchiKart” və “Online Fanshop” kimi yeni bölmələr azarkeşlərimizin istifadəsinə verildi. Saytda “Online operator” xidməti də fəaliyyət göstərir ki, bu da azarkeşlərlə əlaqələrin düzgün şəkildə qurulmasına yardımçı olur. Saytın “Veteranlar” bölməsi hər həftə zənginləşdirilir. Burada azarkeşlər “Neftçi”nin tarixinə adını qızıl hərflərlə yazdırmış futbolçularımız haqqında məlumatlar əldə edirlər. Rəsmi saytın imkanları barədə çox yazmaq olar. Əməyimizə ən böyük qiyməti elə sizin “Virtual dedektiv”iniz verdi.
http://futbolpress.az/v2/xeber//45542/

“Neftçi” sosial şəbəkələrdə...

Günümüzdə insanlar asudə vaxtının böyük hissəsini sosial şəbəkələri izləməklə keçirir. Əsasən gənclərin əksəriyyəti hadisələrdən daha sürətli xəbər tutmaq üçün müxtəlif səhifələrə abunə olurlar. “Neftçi”nin RƏSMİ STATUS almış feysbuk səhifəsi ölkəmizdəki futbol klubları arasında ən çox izləyici sayına malikdir. Bu gün rəsmi səhifəmizdə edilən hər paylaşım azı 170.000 istifadəçiyə çatır. Səhifədə klub xəbərləri və fotoları ilə yanaşı maraqlı video, promo roliklər yer alır. Bununla yanaşı səhifədə “Neftçi”nin tarixinə illər üzrə virtual ekskurs etmək imkanı var. Rəsmi saytımızda olduğu kimi feysbuk səhifəmizdə də veteran futbolçularımız haqqında müfəssəl məlumatlar yer alır.
Klubun 11,500 istifadəçisi olan rəsmi instaqram səhifəsi sonradan yaradılsa da, qısa zamanda çoxlu sayda istifadəçi tərəfindən bəyənilib. Eyni sözləri rəsmi twitter, vkontakte sosial şəbəkələri haqqında da demək mümkündür. 

“Neftçi” TV heyranları ekran başına...

“Neftçi” PFK-nın RƏSMİ STATUS almış Youtube kanalı - Neftçi TV 10.09.2014-cü il tarixində yaradılıb. Neftçi TV son bir ildə izləyicilərinin sayını 4462-ə çatdırıb. Bu müddətdə kanala 284 video yüklənib. Kanalın ümumi baxış sayı isə 550.000-ə yaxındır. “Neftçi” TV-nin azarkeşlərə təqdim etdiyi süjetlər hər zaman xüsusi maraqla qarşılanır. “Unudulmaz Neftçilər” layihəsi isə hər dəfə bir veteran futbolçumuz barədə maraqlı süjeti azarkeşlərə təqdim edir. Azarkeşlərin istəyinə uyğun olaraq yeni mövsümdən “Neftçi TV” vasitəsilə oyunların canlı yayımına başlamaq planlaşdırılır. Neftci TV vasitəsilə azarkeşlərimiz əsas komanda ilə yanaşı, futbol akademiyası komandalarının da oyunlarını izləmək imkanı qazanacaqlar.

 500 nəfərin “Stadium Tour” hekayəsi

İctimaiyyəti “Neftçi”nin “evi” ilə tanış etmək əsas məqsədlərdən biri idi. Beləliklə evimizi bütün qapılarını qonaqlarımızın üzünə  açmaqla klublar arasında ilk dəfə olaraq «Stadium Tour» layihəsinə start verdik. 01.05.2015-15.06.2015-ci il tarixlərində keçirilmiş “Stadium Tour” layihələrində ümumilikdə 500 nəfərdən çox qonaq iştirak etdi. Layihə iştirakçıları əvvəlcədən müəyyən olunmuş marşruta əsasən “Bakcell Arena” stadionunun ərazisini gəzərək, arenanın media mərkəzi, paltardəyişmə otaqları, “Mix Zone”, Skybox və «Catering» bölmələri ilə tanış oldular. 500 nəfər iştirakçı stadiondan xoş xatirələrlə ayrıldı. Onların arasında bu gün oyunlarımıza gələn onlarla azarkeş var.
 
“NeftçiKart”?

Bəli “NeftçiKart”. Daha bir yenilik mövsümün əvvəlində klub tərəfindən reallaşdırılmış “NeftçiKart” layihəsi oldu. 10.08.2015 – 14.10.2015 tarixləri arasında «28 MALL» Ticarət Mərkəzində ictimaiyyətə, xüsusən də “Neftçi“ azarkeşlərinə “Neftçi” üzvlük kartının təqdimatı edildi. Sonradan isə satış klubun rəsmi saytında onlayn şəkildə davam etdi. Təbii ki, bu layihə bizi dərhal milyonçu etmədi. Amma bu məhsul klubun PR-ı üçün lazımlı olduğunu sübuta yetirdi. Üzvlük kartına sahib olan azarkeşlərimiz şəhərin müxtəlif iaşə obyektlərində güzəştlər əldə etməklə yanaşı, klub barəsində mütəmadi məlumatlar alırlar. Hər oyundan öncə və oyun sonrası xəbərlər “NeftçiKart” sahiblərinə SMS şəklində operativ olaraq göndərilir.
 
“Neftçi”deyiləndə ayağa dur ki...

Neftçi halal zəhməti ilə gecəsini gündüzünə qatıb işləyir və əməyinin bəhrəsini görür. Halal zəhməti onun barəsində əzəmətli imic formalaşdırır. Nəticədə NEFTÇİ övladı atasının gözlərinin içinə baxarkən mədən dərinliyi qədər məna tapır. Ata övladı üçün ən güclü superqəhrəmana çevrilir. Beləliklə sadə həyat təsviri müsbət imici təbii yolla formalaşdırır.
Müsbət imic meyarını uğura bağlayanlar da var amma istənilən halda müsbət imic kompleks anlam kəsb edir. Məsələn dünyada elə futbolçular var ki, onlar öz oyunu ilə yüksək səviyyəyə çatsalar da, milyonların sevimlisinə çevrilə bilmirlər. Müsbət qəhrəmana çevrilmək, kumir olmaq üçün futbolçudan bir sıra məziyyətlər də tələb olunur. Futbol klubunun fəaliyyətində də oxşar çalarlara rast gəlmək mümkündür. Məsələn “Neftçi”nin rəsmi feysbuk səhifəsində azarkeşlər tərəfindən yazılan ismarıcların cavablandırılma tezliyi 95 faizdən artıqdır. 170.000-dən artıq istifadəçisi olan səhifədə bu nəticəyə nail olunması işin PR (İctimaiyyətlə əlaqələr) tərəfidir. Müasir cəmiyyətdə insanlar zamana qarşı “vuruşur”. İnsanları maraqlandıran məsələlərin operativ cavablandırılması eyni zamanda onun vaxtına qənaət edilməsi anlamına gəlir ki, bu da azarkeşin zəruri informasiya ehtiyacının qarşılanması deməkdir. Bəzən eyni sual 20-25 istifadəçi tərəfindən eyni anda verilir. Elə bu məqamdan etibrən işin həssas hissəsi başlanır. Çünki onlar arasında əvvəldə haqqında danışdığımız NEFTÇİ övladlarına da rast gəlirik. Biz də neftçili olduğumuz üçün həssaslığımız əsas şərtdir.
İctimaiyyətlə əlaqələri üst səviyyədə qurmaq üçün konkret olaraq veteranlar, azarkeşlər, futbolçuların ailələri, valideynlərlə kommunikasiya vacibdir. Klub məhz bu istiqamətlərdə münasibətlərin yaxşılaşdırmaqla azarkeş sayında da nəzərəçarpan irəliləyişə nail olub. Təsadüfi deyil ki, 2015/2016-cı illər mövsümündə “Neftçi” bilet satışını həyata keçirən yeganə paytaxt klubu olmaqla yanaşı, azarkeş sayına görə də bütün Bakı klublarını qabaqladı.

Kalibri sistemi 

01.09.2015-ci il tarixdən etibarən “Neftçi” mətbuatda dərc olunan yazı və xəbərləri daha operativ əldə etmək məqsədilə “Kalibri” şirkəti ilə əməkdaşlığa başladı. Şirkət gün ərzində hər saat yenilənən xəbərləri klubun əməkdaşlarına göndərir. Bu sistem sayəsində klub barəsində KİV-də yayılan məlumatlar daha sürətli və dəqiq şəkildə əldə edilir.

Elektron arxiv

Bu mövsümdən etibarən «Neftçi» elektron arxivini formalaşdırmağa başladı. Azərbaycan Dövlət Milli Arxivindən, eləcə də AFFA-dan  tarixi əhəmiyyətli fotolar və videolar əldə edildi. Hazırda videoarxivimizdə “Neftçi”nin sovet dövründə keçirdiyi oyunlardan hazırlanmış çoxsaylı videojurnallar mövcuddur.
Müasir dünyada günün tələbləri sürətlə dəyişir. Yeni texnologiyaların tətbiqi sayəsində iş imkanları yenilənir. Hadisələrin nəbzini tutmaq üçün daim maariflənmək və öyrəndiklərimizi tətbiq etməyə çalışırıq. İnanırıq ki, bu sahədəki fəaliyyətimiz futbolun təbliğatına və təşviqatına müəyyən mənada təkan vermiş olacaq.  Mehman Rәsulov

Mehman Rəsulov
"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri


Məqalə "FutbolPress" və "Neftçi"nin birgə layihəsidir

* Məqalənin hazırlanması AFFA yanında Media Komitəsinin tərəfindən maliyyələşdirilib


oxunma sayı: 2159 | Paylaş:




?>