')

Bu gün:


FutbolPress.Az | PFL-in Mətbuat Xidmətinin işi və qarşıda duran planları (LAYİHƏ)

PFL-in Mətbuat Xidmətinin işi və qarşıda duran planları (LAYİHƏ)


oxunma sayı: 1702 Paylaş:

FutbolPressAFFA, "İnter" PİK, "Zirə"dən sonra növbəti prezentasiyanı Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev elədi. Ətraflı və aydın təqdimatı ilə fərqlənən Şahgəldiyevin məqaləsində siz PFL-in qurum olaraq media və ictimaiyyətlə əlaqədar gördüyü işlər və planları ilə təfsil formada tanış ola bilərsiz. 

***               ***             ***

Peşəkar Futbol Liqası ölkəmizdə Premyer Liqanı, Azərbaycan Kubokunu, eləcə də bu klubların əvəzedici heyətlərinin yarışlarını və I Divizionu keçirən təşkilatdır. 8 ildir ki, fəaliyyət göstərən təşkilat bu müddət ərzində  gözəçarpacaq inkişafa nail olub. Bu müddət ərzində Premyer Liqa Avropa sıralamasında 44-cü yerdən 26-cı pilləyə, dünya sıralamasında isə 106-cı yerdən 38-ci pilləyə qalxmağı bacarıb, klublarımızın avrokuboklarda qrup mərhələsində çıxış etməsi isə ənənə halını alıb. UEFA-nın Lisenziya Komitəsinin apardığı 2006-2015-ci illəri əhatə edən hesabatına əsasən,   Azərbaycan çempionatı ən çox irəliləyən iki liqadan biridir. Azərbaycan çempionatı Belarus liqası ilə birgə 18 pillə irəliləməyə nail olub.
Peşəkar Futbol Liqası  fəaliyyətdə olduğu illər ərzində Mətbuat və İctimaiyyətlə əlaqələrini üst səviyyədə qurmağa çalışıb və jurnalistlərin işini asanlaşdırmağa yönəlmiş işlər həyata keçirib.

Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin məqsəd və vəzifələri

Mətbuat Xidmətinin işini şərti olaraq 2 hissəyə bölmək olar: daxili və xarici. Daxili sfera təşkilatın özüdür. Təşkilatın daxilindəki məlumat axınına tam nəzarət etmək, rəhbərdən sonra və ya rəhbərlə eyni vaxtda məlumatı tam əldə etmək.
Mətbuat Xidmətinin rəhbərə birbaşa çıxışı olmalıdır. Mətbuat Xidmətinin informasiyanı təcili olaraq rəhbərə çatdırmaq imkanının olması vacibdir. Bu kim hal suallara daha tez aydınlıq gətirmək  üçün lazımlıdır. Qərarların qəbul olunmasında Mətbuat Xidməti mütləq iştirak etməlidir, çünki təşkilatın siyasətini müəyyən edən şəxslər bilməlidirlər ki onlar tərəfindən qəbul olunan qərarlar ictimaiyyət tərəfindən necə qarşılanacaq? Hər hansı bir qurumda qərarların qəbul olunması prosesində  Mətbuat Xidməti iştirak etmədikdə ona KİV tərəfindən verilən sualları cavablandırmaq çətin olacaq. 
Xarici sfera təşkilatı əhatə edən hər şey nəzərdə tutulur. Təşkilatın içində və təşkilatdan kənara tək informasiya axını yaratmaq, təşkilatın işinin KİV-də işıqlandırılması, təşkilatın imici, reklam və bütün bunun nəticəsində təşkilatın müsbət imicini formalaşdırmaq.
PR  hər bir şirkətin imicini formalaşdıran departamentdir. Həmin departamentin fəaliyyəti təmsil etdiyi qurumun güzgüsüdür və onun haqqında fikir formalaşdıran əsas vasitədir. 
Etiraf edim ki, ölkəmizdə idman (futbol) KİV-in sayı çox olduğundan biz informasiyanı tam olaraq, izləməkdə çətinlik çəkirik. Buna görə də mətbuat monitorinqi aparan şirkətlə müqavilə imzalamışıq. Həmin şirkət KİV-də gedən informasiyalarla bağlı gün ərzində 3 dəfə bizə məlumat verir.

Rəsmi sayt

İdman jurnalistikasında müəyyən təcrübəsi olan insanlar yaxşı bilir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı fəaliyyətə başlamazdan öncə oyunların ilkin və yekun protokollarını əldə etmək müşkül məsələ idi. Maliyyə imkanları normal olan mətbu orqanlar  bölgələrdə keçirilən oyunlara əməkdaş göndərə bilirdilərsə, digərləri bu imkandan məhrum idilər. Odur ki, protokolu telefon vasitəsi ilə əldə etmək məcburiyyəti yaranırdı. Belə olan halda müəyyən səhvlər meydana gəlir və bu da futbol arxivimizin korlanmasına gətirib çıxarırdı.
Hazırda isə jurnalistlər Peşəkar Futbol Liqasının rəsmi saytına daxil olub operativ şəkildə görüşlərin ilkin və yekun protokolları ilə eləcə də görüşlərdən çəkilmiş keyfiyyətli fotolarla tanış olmaq imkanına malikdirlər. Oyunlardan sonra mətbuat konfranslarının mətnləri saytımızda yerləşdirilib.  Rəsmi saytımızda  eləcə də oyunların təqvimi, komandalar arasında keçirilən oyunların ümumi balansı, turdan sonrakı vacib statistikalarla bağlı məlumatlar  təqdim olunur ki, bu da jurnalistlərin işinə yarayır. Bundan əlavə, I Divizion və Premyer Liqa oyunlarının geniş icmalları matçlar bitdikdən dərhal sonra rəsmi “youtube” kanallarımızda və saytımızda yerləşdirilir. Bu videolara mətbuatla yanaşı, azarkeşlər tərəfindən də böyük maraq göstərilir. Biz həmişə olduğu kimi,  yeni ideyalar üzərində işləyir və  informasiyalarla sizi daha tez və operativ şəkildə təmin etməyə çalışırıq.

Bütün çempionatların arxivi

Arxiv hər bir yarış üçün çox önəmli hadisələrdən biridir. Çünki məhz vaxtilə olanlar bu günü formalaşdırır, ona görə də tarixdən bəhrələnmək lazımdır. Çox təəssüf ki, Peşəkar Futbol Liqası yaranmamış Azərbaycan futbolu ilə bağlı arxivlər pərakəndə şəkildə idi.  Tanınmış jurnalist Abas Əzimovun arxivi ilə kifayətlənmək məcburiyyətində idik ki, bu da ancaq kağız formatında, əlyazma şəklində idi.  Tarixin yox olması təhlükəsini hiss edib, ilk Azərbaycan çempionatından bu günə kimi olan bütün yarışların arxivlərini elektronlaşdırdıq. Hazırda Peşəkar Futbol Liqasının rəsmi saytına daxil olub “arxiv” bölməsində bütün çempionatların turnir cədvəli, bombardirləri, ən çox oyun keçirənləri ilə tanış ola bilərsiniz. Həmin bölmədə təkcə Premyer Liqanın deyil, eyni zamanda əvəzedicilərin çempionatının və I Divizionunun arxivi ilə də tanış olmaq imkanına maliksiniz. Eyni zamanda, Peşəkar Futbol Liqasının keçirdiyi bütün çempionat və kubok oyunlarının eləcə də I Divizion görüşlərinin videogörüntüləri arxivləşdirilib və bu disklərdən demək olar ki, ölkənin bütün futbol ictimaiyyəti bəhrələnir.

Sosial media

Futbolu inkişaf etmiş dövlətlərin hər birində PR Departamentdə sosial media üzrə mütəxəssislər çalışır. Həmin sahəyə çox sayda mütəxəssis cəlb etmək imkanına malik olmadığımız üçün hazırda bu işlə 1 nəfər məşğul olur. Sirr deyil ki, elm və texnikanın sürətlə inkişaf etdiyi dövrdə insanlar operativlik  və sosial mediada xəbər axtarışında olurlar. Bunu nəzərə alaraq, Peşəkar Futbol Liqasının rəsmi səhifələrini istifadəyə vermişik. Ölkəmizdə daha çox izlənilən “facebook” sosial şəbəkəsində hər gün yenilənən, oyunlar keçirilən gün isə demək olar ki, 10 dəqiqədənbir yenilənən səhifəmiz  fəaliyyət göstərir. Həmin səhifə üçün biz hər hansı bir reklam üzərindən süni yolla izləyicilər yığmamışıq. Sevindirici haldır ki, insanların öz istəkləri sayəsində izləyicilərimizin sayı xeyli artıb.  Keçirilən oyunlar zamanı vurulan qollar 3 dəqiqə sonra səhifəmizdə yerləşdirilir. Artıq həmin səhifəmizə təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da təlabat var. Dünyanın ən məşhur saytlarının məhz bizim səhifəyə istinadən yerləşdirdiyi videoların sayı az deyil.
Eyni zamanda vacib oyunlar  öncəsi səhifəmizdə müəyyən viktorinalar təşkil olunur və azarkeşlər arasında yarışmalar aparılır. 

Planlı iş və  beynəlxalq təcrübə

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departementi olaraq, ölkə xaricində keçirilən tədbirlərdə iştirak etmişik və qazandığımız təcrübəni ölkəmizdə tətbiq etməyə çalışmışıq. Bunlardan biri də çempionat oyunları üçün akkreditasiya işinin təşkilidir. Əvvəllər mətbuat lojasında və konfrans zallarında jurnalistlərdən daha çox  digər insanlara rast gəlirdik. Amma son illərdə yalnız akkreditasiya vəsiqəsi olanlar media lojasına buraxılır və onların işləməsinə  şərait yaradılır. Azərbaycan Kubokunun final görüşü üçün isə əlavə qeydiyyat elan olunur və mətbu orqanlar üçün xüsusi  kitabçalar hazırlanır. Bütün bunlar jurnalistlərin daha məhsuldar işləməsi və futbola töhfə verməsi üçün atılan addımlardır.
Beynəlxalq təcrübədən yararlanıb, ilk dəfə məşhur “InStat” şirkəti ilə həyata keçirdiyimiz əməkdaşlıq futbolçuların faydalı iş əmsalının ölçülməsi və bunun nəticəsində turun rəmzi yığmasının müəyyənləşdirilməsi də jurnalistlərin işinin asanlaşmasına, məlumat bazasının artmasına yönəlmiş addımdır. Bu şirkətlə əməkdaşlığımız klub məşqçilərinin oyunları analiz etməsi üçün də bir vasitə oldu. 

Səfərlərin təşkili

Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti olaraq işimiz jurnalistləri lazimi informasiya ilə təmin etməkdir. Amma biz bununla kifayətlənmir, eyni zamanda jurnalistləri futbolun əsas tərkib hissəsi hesab edirik. Təsadüfi deyil ki, bütün tədbirlərimizdə jurnalistlərə xüsusi diqqət ayırırıq. Hakimlərin Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışları zamanı müxtəlif zaman kəsiklərində iki qrup jurnalist həmin şəhərə göndərilir, bundan əlavə, dəfələrlə jurnalistlərin bölgələrimizdə keçirilən oyunlara səfərləri təşkil olunub və oyunun nəticəsini düzgün tapan şəxslər mükafatlandırılıb. Azərbaycan Kubokunun finalından sonra sırf jurnalistlər üçün lotereya təşkil olunub, “ayın oyunçusu”, “ayın qolu” nominasiyasında qalibi müəyyənləşdirmək məhz jurnalistlərin ixtiyarına verilib. Bütün  bunlar  media nümayəndələrinin  sosial həyatını yaxşılaşdırmaq və onların bu sahəyə marağını daha da artırmaq üçün atılan və bir qədər də maarifləndirməyə yönəldilmiş addımlardır. Məsələn, toplanışlar zamanı jurnalistlərə hakimlərin məşğələlərində iştirak imkanı yaradılır. Bu zaman qələm əhli qaydalarla tanış olur və müəyyən suallara cavab verir. Bu məşğələlər isə jurnalistlərə hakim qərarlarını müzakirə etmək üçün kömək edir. 

Qarşıda duran planlar

Əlbəttə ki, hər bir işdə olduğu kimi, bizim fəaliyyətmizdə də müəyyən çatışmayan cəhətlər var.  Amma iş olan yerdə çatışmazlıqların, səhvlərin olması da qaçılmazdır. Çalışacağıq ki, həmin çatışmazlıqları sizinlə birgə aradan qaldıraq. Çünki biz futbolun inkişafına töhfə vermək, insanları normal informasiyalarla daha tez və dolğun təmin etmək istəyiriksə, bir nöqtəyə vurmalıyıq.
Yuxarıda qeyd etdiyimiz kimi, bizim saytımızda bütün çempionatların arxivi yerləşdirilib. Amma hələ ki,  həmin arxiv bölməsində görüşlərin protokollarına yer ayıra bilməmişik. Məqsədimiz yaxın gələcəkdə bu boşluğu aradan qaldırıb, arxivi tamlaşdırmaqdır. Digər tərəfdən çempionatın yekunlarına dair geniştərkibli bir kitabın hazırlanması gələcək planlarımıza daxildir. Həmin kitabda klublar,  futbolçular, hakimlərlə bağlı istənilən suala cavab tapılmasını istəyirik və bu yöndə işlərə start vermişik.
I Divizion oyunlarının videolarını bu çempionatın işıqlandırılmasına xidmət edən “youtube” kanalımızda yayımlayırıq. Lakin bu yarışın daha da işıqlandırılmasında maraqlıyıq. Bunun üçün I Divizionu əhatə edəcək saytın yaradılması gələcək planlarımızın tərkib hissəsidir. Həmin saytda Divizion oyunlarının protokolları, oyunlarda vurulan qollar, oyunların canlı yayımının təşkil olunması və bu kimi digər məsələlər nəzərdə tutulur. 
Elə layihələrimiz də var ki, bunları yenicə yaradılmış Media Komitəsi ilə müzakirə etməyi düşünürük. Hesab edirəm ki, bəzi layihələrdə Media Komitəsi ilə işbirliyi fəaliyyətimizə müsbət təsir edəcək. 

Hörmətlə Aslan Şahgəldiyev
(Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri)


* Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinə təqdim edilməkçün hazırlanıb


oxunma sayı: 1702 | Paylaş:




?>