Bu gün:


FutbolPress.Az | Futzal: harda, necə, haçan... (LAYİHƏ)

Futzal: harda, necə, haçan... (LAYİHƏ)


oxunma sayı: 628 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində  “Azərbaycan futzalı: dünən və bu gün – dünya çempionatı ərəfəsində” kateqoriyasında qalib olan “FutbolPress” təqdim elədiyi “Azərbaycanda futzal: dünən, bu gün, sabah...” mövzusunda layihə icrasına başlayır.

İlk məqalədə futzalın təşəkkülünü və keçdiyi yolu sizə tanıtmağa çalışacağıq.

İntro

Futzal – salon futbolu, zal futbolu deməkdir. İspan və ya portuqalcanın futbol/futebol, ispan və fransızcanın isə salla və sale sözlərindən əmələ gəlib.

Bu oyun haqda ilk söhbətlərin, hadisələrin tarixi 1930-cu illər, Uruqvayın paytaxtı Montevideoya gedib çıxır. Xuan Karlos Kariani YMCA (Young Men's Christian Association / Gənc Xristian Oğlanlar Birliyi) dərnəklərindəki gənclərçün futbolun həndbol meydançalarInda oynanan versİyasını tətbiq eləməyə başlamışdı.

Futzal növünün ilk beynəlxalq yarışı 1965-ci ilə təsadüf edir. Paraqvayın paytaxtı Asunsyonda keçirilən Cənubi Amerika Kubokunu elə ev sahibi komanda qazanır. 1979-cu ilə qədər bu yarış daha 6 dəfə keçirilir və hamısında Braziliya çempion olur. Ümumiyyətlə, Pelenin həMvətənləri futbolla bərabər, futzalda da dominantlığa başlayırlar. 1980-ci ildə keçirilən ilk Panamerika Kubokunu bu komanda qazanır. 1984-də yenə qələbə onların olur.

1983-cü ildə ABŞ-da futzal federasiyası qurulur. O zamanlar “Minisoccer” (Mini futbol) adlanır, sonradan orda da bu oyun futzal  adlanmağa başlayır.

Futzal 1989-cu ildə FIFA-ya üzv seçilir. Ancaq bunadək FİFUSA-nın təşkilatçılığı ilə 3 dəfə dünya çempionatı təşkil olunur. İlk çempionat 1982-də Braziliyanın Sao Paolo şəhərində keçirilir və meydan sahibi qalib olur. Sonrakı mundial İspaniyada təşkil olunur və yenə Braziliya çempion tituluna yiyələnir. Onların əzici üstünlüyünə isə 1988-ci ildə Avstraliyada keçirilən yarışda Paraqvay son qoyur.

Bundan sonra analoji yarışları FIFA keçirməyə başlayır. 1989-da Hollandiya, 1992-ci ildə Honq Konqda keçirilən turnirlərin qalibi də, necə deyərlər, ənənə üzrə, Braziliya komandası olur.

Qaydalar və ölçülər:

Futzal meydanının FIFA standartlarına uyğun ölçüləri belədir:

Uzunluğu

Minimum – 26, maksimum – 42 m.

Eni

Minimum – 15, maksimum 25 m.

Beynəlxalq oyunlarda

Minimum – 38, maksimum – 42
Minimum – 18, maksimum 25 m.

Futzalda meydanın üzərində çəkilən bütün cizgilər meydanın ölçülərinə daxildir və onların eni maksimum 8 sm olmalıdır.

Mərkəz dairənin diametri maksimum 3 m olmalıdır. Futboldan bildiyimiz cərimə sahəsi  qapı dirəklərindən 6 metrədək aralı olmalıdır. Cərimə sahəsinin qapı tirləriylə paralel çəkilən xətlərində məhdudlaşan yarımçevrənin uzunluğu isə maksimum 3.16 m olmalıdır.

Penalti nöqtəsi qapıdan 6 metr məsafədə olmalıdır.  İkinci penalti nöqtəsinin məsafəsi isə 10 m. Korner nöqtələrini bildirən yarımçevrə 25 sm. ölçüdə olur.

Qapıların eni 3, hündürlüyü isə 2 m.

Qapı dirəklərinin qalınlığı 80 sm

Futzal topu dəridən hazırlanır. Diametri 62 sm-dan kiçik, 64 sm-dan böyük olmamalıdır. Ağırlığı isə 400 qramdan az, 440 qr-dan isə çox olmamalıdır. 0.4-0.6 amosfer təşkil eləməlidir.

1 qapıçı, 5 futzalçı – meydanda, ehtiyat skamyasında isə maksimum 7 futzalçı ola bilər. FIFA qaydalarına görə matçboyu əvəzetmələr mümkündür və bununçün oyunu saxlamaq gərək deyil.

Formalar 1-15 arası nömrələnməlidir.

Beynəlxalq oyunlarda formanın önünə də kiçik ölçüdə nömrə yazılmalıdır.

Oyunları tək hakim idarə edir. Ona ikinci hakim kömək edə bilər. Beynəlxalq oyunlarda ikinci fit sahibinin olması mütləqdir.

Bir də xronometriya hakimi olur. O:

- Top meydandan çıxarkən vaxtı saxlayar
- 1 dəqiqəlik taym-outları kontrolda saxlayar
- Həmçinin iki dəqiqəlik cəzanı
- Bütün saxlanan vaxt sonlarında siqnal səsiylə baş hakimə müddətin bitdiyini işarə edər
- 5 dəfə xəbərdarlıq almış oyunçuları qeyd edər, xəbərdarlıq sayını keçən olanda bu haqda baş hakimə bildirər

Xronometriya hakimi üçüncü hakimi əvəzləyə bilər. O isə ikinci və əsas hakimin ciddi səbəbdən idarəçiliyini davam etdirməməsi şəraitində  əsas hakimliyi öhdəsinə götürə bilər.

Oyun iki 20 dəqiqəlik taymdan ibarətdir. Hər iki komanda bir taym ərzində bir dəfə bir dəqiqəlik fasilə götürə bilər.
Taymlar arasında fasilə ən çox 15 dəqiqə, ən azı 12.5 dəqiqə olmalıdır.

Top zalın tavanına dəyərsə və ya meydan cizgilərini tam şəkildə tərk edərsə, meydandan çıxmış sayılır.


Elçin Cəlilov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb


oxunma sayı: 628 | Paylaş: