Yeni strategiya: hədəflər və istiqamətlər

AFFA-nın İnkişaf Strategiyasının İnkişaf layihəsinin ilkin oxunuşu ictimaiyyətə açıqlanıb.

Layihədə qurumun hədəfləri, inkişaf yolunun istiqaməti və görülməsi nəzərdə tutulan istiqamətlər müəyyənləşdirilib. İlk baxışda gözoxşana layihədə əsas məsələ qarşıda duran vəzifələrin icrasıdır.

Daha əvvəl 2005-2015-ci illər və 2021-2025-ci illər layihəsində də aşağı-yuxarı eyni məsələlər gündəmdə dursa da, tamamlanan vəzifələrin sayı demək olar, yox dərəcəsindədir.

Yeni AFFA rəhbərliyi strategiyanı Belçikanın “Double Pass” və “McKinsey & Company” şirkətlərinə həvalə etdi.

Layihədə çox predmetləri qeyd olunub, ancaq 5 əsas istiqamət müəyyən edilib:

* Kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan
ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu
strategiyanın uzunmüddətli hədəflərindəndir

* UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-
yə daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub

* Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı
futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının
yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması

* Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların
Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün
rəqabətqabiliyyətliliyini təmin etmək

* Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq.

Qarşıda duran birinci hədəf milli komandanın FIFA reytinqində 75 komanda arasında olmasıdır. İndiki məqamda yığma 117-ci sırada qərarlaşıb və 75-liyə daxil olması üçün azı 32 pillə irəliləməlidir. Mövcud vəziyyət nəzərə alındıqda mümkünsüzə oxşayır. Ancaq uzunvədəli plan olması qeyd edilib…
Xüsusilə son günlərdə legioner limitinin ləğvi gündəmdədir və bunun yığmaya mənfi mənada təsiri qaçılmaz olacaq.

İkinci məqam UEFA-nın klub reytinqində irəliləməkdir. İllərdir Azərbaycan futbolunun yükünü “Qarabağ” daşıyır və bir komandadan belə böyük gözlənti sadəlövhlük olar. Avropa futbolu dayanmır, irəliləyir və “Qarabağ”ın təkbaşına ölkəni çiyninfə daşıması çətin görünür. Premyer Liqada rəqabətin artması, klubların Avropa arenasında yaxşı nəticələri hədəfləməsi vacib amillərdəndir. Qarşıdakı illərdə bunun necə reallaşacağı isə digər sualdır.

Müəyyən edilən hədəflərdən digəri isə yerli oyunçuların Avropaya çıxışıdır. Son illərdə Mahir Emrelidən başqa tanınmış klubda oynayan futbolçumuz yoxdur. Hansı ki, Emreli belə “Nürnberq”də baş məşqçi Miroslav Klozenin güvənini tam qazanmayıb. Digər legionerlərimiz isə Türkiyənin I Liqasında, Albaniya kimi ortababa yaxın ölkə çempionatlarında top qovur…

Avropa “bazarında” aktivlik göstərən skautlar Azərbaycan çempionatını “unudub”. Bu məsələdə menecerlərin də rolu olmalıdır və müəyyən edilən hədəfə çatmaq üçün hər kəs kimi onlar da “nələrsə düşünməlidir”.
APL-i cazibəli hala gətirmək üçün ideyalar varmı?

Növbəti – 4-cü hədəf kişi və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandalarda rəqabətliliyi təmin etməkdir. Son illərdə yığmaların nəticələri qənəatbəxş deyil. Xüsusilə, gələcəyin əsas yığmasını formalaşdıracaq U-19, U-21 yığmaların nəticələri perspektiv vəd etmir. Premyer Liqada gənc oyunçlarla bağlı tətbiq edilən limitin aradan qaldırılmasından sonra gənclərə az şans verilir. Bu mövsüm də azsaylı istisnaları çıxmaqla demək olar, gənclər kənarda qalıb.

Yerli və perspektiv vəd edənlərin qarşıdakı illərdə ölkə xaricinə çıxması, özlərini göstərməsi üçün “meydan” yoxdur, yaxud lazımi səviyyədə deyil.

5-ci – sonuncu hədəf isə klubların ümumi bazar dəyərini artırmaqdır. Burda isə müxtəlif məqamlar –
nailiyyətlər, Avropaya oyunçu çıxarma, beynəlxaq arenada adından söz etdirmə, marketin və digər nüanslar mühüm rol oynayacaq. Amma bunlar nəzərdə tutulan üçün ilk addımlardır. Daha nələr edilməlidir…

AFFA-nın keçmiş rəhbərliyinin müəyyən etdiyi, lakin qismən yarımçıq qalan son inkişaf strategiyası layihəsində 4, yenisində isə 6 istiqamət formalaşdırılıb. Bir müddətdir davam edən strategiya planlamasının açıqlanan ilkin layihəsində müsbət məqamlar daha çoxdur, lakin vacibi bunların şəffaf şəkildə tətbiqidir. Hansı ki, görülən işlər açıqlanmalı, icmaiyyət məlumatlandırılmalıdır.

Bundan öncə müəyyən edilən strategiyada görülməli işlər və son mövsümdə qeydə alınan bəzi statistik göstəricilər yeni layihədə təqdim edilib. Burda da bir sıra maraqlı məqamlar var.

1. Futbola olan marağın artırılması və populyarlaşması istiqaməti:

Azərbaycan futbolunda ağrılı yerlərdən biri də azarkeş məsələsidir. “Qarabağ”ın avrokubok oyunlarını çıxmaqla, demək olar, hansısa oyunda tribunalar dolmur. Düzdür, “Turan Tovuz”un böyük komandalara qarşı ev oyunlarında yerli sakinlər arenanı doldurur, bu da bəzən… Millinin oyunları isə başqa dərddir. Baxaq, ötən il Azərbaycan yığmasının Millətlər Liqası oyunları orta hesabla hər oyunda 5,953 azarkeş gəlib. Maksimum göstərici isə 11,435-dir. Premyer Liqa oyunlarında isə orta hesabla 1,550 fanat tribunada yerini alıb. Aşağı göstərici isə 577-dir. Yəni, bir çempionat oyununa 500 nəfər. Ümumi əhalinin çempionata maraq göstərən hissəsi isə cəmi 22 faizdir. Azarkeşlərlə iş yeni strategiyada mühüm məqamlardandır. Tribunada fanatların klublarına olan dəstəyini rahat və istədiyi formada göstərməsinin qarşısı alınmamalıdır. Bir çox matçlarda fanatların “istefa” şüarlarına görə tribunalardan çıxarıldığını görmüşük. Azarkeş dəstəyini istədiyi formada göstərməkdə sərbəstdir. Dolu tribunalar qarşısında oynamaq futbolçulara da müsbət təsirini göstərəcək və oyuna marağı artıracaq əsas amillərdəndir. Bunun forması və yolunu öyrənməliyik…

2. Peşəkar və gənclər futbolunun infrastrukturu: Azərbaycanda peşəkar 34 klubun cəmi 5-nin minimum standartlara cavab verən təlim-məşq bazası var. Çempionatın, futbolun inkişafını istəyiriksə, həlledilməli məsələlərdən başlıcası məhz infrastrukturdur. Bir məqama toxunaq, bu mövsüm Premyer Liqada sərgilədiyi oyunla alqış qazanan “Araz-Naxçıvan” Naxçıvandakı stadionu artıq 2 ilə yaxındır, hazır olmadığı üçün ev oyunlarını Bakıda keçirir. Ən az azarkeş də məhz bu komandaların oyunlarında qeydə alınır. Turnir cədvəlinin ikincisi olan komanda dəstəksiz qalıb. İnfrastruktur yoxdur, komanda yarışda olmaq üçün Naxçıvandan Bakıya köçmək məcburiyyətində qalıb.

Futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafından danışanda stadionların azlığı əsas giley obyektidir. Neçə-neçə mütəxəssislər hər zaman bu məsələni qabardıb, aşağı yaş qruplarında 4-5 komandanın eyni vaxtda bir meydançada hazırlaşdığını bildirib. Azərbaycanda hazırda 65 idman məktəbindən (UGİM) cəmi 5-də futbol meydançası var. Gənclər və İdman Nazirliyi digər idman növlərinə göstərdiyi diqqətdən futbola da pay saxlamalıdır. Boş qalan arenalar var, nazirlik balansındadır…

Xüsusilə, rayonlarda vəziyyət acınacaqlıdır. Ot basmış, otlaq sahəsinə çevrilmiş meydanlarda bağlı tədbir görülmür. Arenaları futbol oynamağa yararlı vəziyyətə gətirmək, bölgələrdə uşaqların oynamasına şərait yaratmaq vacibdir. İnkişaf istəyiriksə, infrastrukturla bağlı işlər qısa zamanda həllini tamlamalıdır.

Futbolun populyarlığının artırılması üçün ilk növbədə regionlarda ciddi işlər görülməlidir. Yeni strategiyada bu istiqamətdə 54 əsas layihə nəzərdə tutulub. Bunlara elit akademiyalar, gənclər arasında yarışların təşkili daxildir. AFFA-nın bayrağı altında aşağı yaş qrupları üzrə çempionatlar təşkil edilib. Lakin tez-tez hansısa komandanın oyuna gəlmədiyini, oyunçu tapılmadığının şahidi oluruq. Bu problemlərin həlli istiqamətində də işlər vacibdir. Bölgələrdə klub saylarının artması və komandaların ayaqda qalması üçün maliyyə dəstəyi mühümdür. Sponsorsuzluq istər Premyer Liqa, istər aşağı liqa klublarının ağrılı yeridir. Neçə ildir sponsor tapmayan “Kəpəz” ancaq elitada qalmaq mübarizəsindədir. Biznesmenlərin bu sahəyə cəlb edilməsi mütləqdir.

Ümumilikdə təqdim edilən strategiya ilkin oxunuşda müsbət məqamlarla əhatəlidir. İşin düzgün icrası daha vacibdir. Əvvəlki boşluqların, səhvlərin yenidən buraxılmaması, strategiyanın daim diqqətdə saxlanılması zəruri məsələdir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.