Samir Abasov: “Əsas məqsəd oyunçularımı iş başında görmək idi”

“Sumqayıt” bu gün yoxlama oyununda Rusiyanın “Orenburq” komandasına uduzub – 1:2.
Futbolpress.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan sonra klubun mətbuat xidmətinə oyunla bağlı fikirlərini bölüşüb:
“Yeni mövsümün hazırlıqlarının ilk mərhələsinə Sumqayıtda start verdik. Orada daha çox fiziki və güc məşqləri üzərində çalışdıq. Artıq 4 gündür Qızılcahamamdayıq. Burada isə daha çox taktiki məşqlər üzərində işləyirik. Hazırlıq prosesində ilk oyunumuz idi. Çalışdıq ki, düşərgədə olan bütün futbolçulara şans verək.
Matç ərzində işlədiyimiz taktiki gedişləri bir də sınaqdan keçirdik. Bu cür oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd oyunçularımı iş başında görmək idi, buna da nail olduq. Düşünürəm ki, komandam meydanda onlardan istədiyimi göstərə bildi”.