“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində keçirilən “Səbail” – “Neftçi” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Nə desəm, bilmirəm. Nəticə odur ki, “Neftçi” qələbə qazandı. Oyuna yaxşı başlamışdıq. Qol vəziyyətlərimiz daha çox idi. Hesab açıldıqdan sonra rəqib irəli atıldı. Sona qədər oynamalı idik. “Neftçi”nin qələbəsinə kölgə salmaq istəmirəm, amma oyunun hesabı 3:0 olmamalı idi. “Sabah”a məğlub olduqdan sonra futbolçuları oyuna kökləmək çətindir. İddiamız qalmayıb, mövsüm bizim üçün bitib. Növbəti ilə hazırlaşmalıyıq.

– Məğlub olmağınıza əsas səbəb nə idi?
– Əsas keyfiyyət məsələsidir. Oyunçularımı aşağılamaq istəmirəm, amma rəqib futbolçuların fərdi ustalıq səviyyəsi bizdən üstündür.

– Mövsümün sonudur deyə heyətdə bəzi dəyişikliklər etmişdiniz?
– Futbolçuları qazanmaq istəyirdik. Hüseynəli Quliyev və Samir Abdullayev yaxşı çıxış etdi. Rotasiyalar etmək istədik. Dediyim kimi, mövsüm bizim üçün bitib, ona görə də futbolçuları qazanmalıyıq. Həmçinin boşluqlarımızı görüb, problemləri həll etmək əsasdır.

Məlik Məlikov