')

Bu gün:


FutbolPress.Az | AFFA-nın media işi barədə: hesabat-araşdırma  (LAYİHƏ)

AFFA-nın media işi barədə: hesabat-araşdırma (LAYİHƏ)


oxunma sayı: 938 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsinin ilk mərhələsində 17 qalibdən biri olan “FutbolPress” araşdırma prosesini davam etdirir. Mövzumuzu yenidən xatırladaq: "TPL klublarının media və ictimaiyyətlə əlaqələri: PR (public relations) prinsipləri".

Layihənin icrası üç istiqamətdə davam edəcək. İki ayı (aprel-may) əhatə edən araşdırmalarımız mövzu əsasında müsahibələr, məlumatlandırma və maarifləndirmə tipli məqalələrdən və gördüyünüz bu formada – qurumların media və ictimaiyyətlə əlaqələr departamentiylə birgə hazırladığımız tanıtım-hesabat tipli  yazılardan ibarət olacaq.
Artıq iki məqalə təqdim eləmişik. Onlardan biri “İnter” PİK-in MİƏD departamentiylə birgə hazırlanan məqalə, həmçinin tanınmış PR mütəxəssis, layihəmizin icraçılarından olan Vüqar Babanın hazırladığı məlumatlandırma, təsvir tərzli materialı.

Bu dəfə isə AFFA Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun layihə çərçivəsində baxışını və gördükləri/görəcəkləri işlər barədə hesabatıyla tanış ola bilərik. 


***               ***               ***

www.affa.az
AFFA-nın futbolun təbliği istiqamətində ilk böyük layihəsi olan rəsmi saytın yaranması bu sahədə mövcud olan boşluğu xeyli aradan qaldırdı. Əksər ölkələrin futbol qurumlarının internet səhifəsi olduğu halda, 2005-ci ilin əvvəlində AFFA bu sahədən uzaq idi. Bəzi idman yazarları millinin yeni açıqlanan heyətini belə  öyrənmək üçün AFFA-nın binasına gəlməli idi. Belə bir vaxtda saytın fəaliyyətə başlaması informasiya məkanında yaranmış boşluğu xeyli aradan qaldırdı və futbol qurumu ilə KİV arasında əlaqələrin yaxşılaşmasında böyük rol oynadı. Sonradan saytın 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyətini davam etdirməsi ölkə xaricində də futbolumuz haqqında geniş informasiya alınmasına hərtərəfli zəmin yaratdı. Ölkə futbolu ilə bağlı bütün məlumatların saytda yerləşdirilməsi, fotoreportaj sisteminin yaradılması mətbuat və internet portalları üçün geniş informasiya mənbəyi oldu. Sadə bir misal çəkək. Bundan əvvəl qəzetə foto vermək üçün minbir əziyyətlə qarşılaşan mətbuat işçiləri  affa.az saytı fəaliyyətə başladıqdan sonra bir qədər rahat iş rejiminə keçdilər. Son illər isə saytın fəaliyyətində ciddi canlanmalar baş verməkdədir. Oyunların onlaynından tutmuş, tədbirin keçirilmə vaxtından asılı olmayaraq, bütün informasiyaların sayta operativ olaraq yerləşdirilməsi, eləcə də oyunlardan və tədbirdən dərhal sonra fotoreportajın hazırlanması artıq adi hala çevrilib. Bir sözlə, bu gün AFFA-nın saytı xəbər baxımından KİV-in birinci məlumat mərkəzinə çevrilmək məqsədini uğurla icra etməyə qadirdir.   Futbol mütəxəssisləri ilə müsahibələrin mütəmadi olaraq sayta yerləşdirilməsi də təbliğat baxımından müsbət haldır.
Bir məsələni də qeyd edək. 2014-cü ilə affa.az saytı yeniləndi. Artıq dövrümüzün bütün texniki imkanlarından yararlanmaq imkanı əldə edilib. Belə ki, əvvəl saytda istənilən informasiyanı yerləşdirmək olmurdu, texniki imkanlar bunu mümkünsüz edirdi. İndi isə yeni dizaynda, yeni texniki imkanlarla bütün xəbərləri yerləşdirmək mümkündür. Həm də yeni saytda bölmələr konkretləşdirilib. Artıq AFFA-nın bütün nəşrləri, hesabatları saytda yerləşdirilir. Bu baxımdan  əvvəlki saytda imkan məhdud idi. Çünki əvvəlki “adminkada” istənilən texniki  imkan  yox idi. Artıq bu problem aradan qaldırılıb. Bütün xəbərlər kateqoriyalara bölünüb. Milli komandaların bütün yaş qrupları haqda xəbərləri burda yayımlamaq imkanı var.  Bundan əlavə, bütün liqalar haqda informasiyalar saytda yerləşdirilir. Həmçinin yeni saytda hakimlər haqda da ətraflı məlumatlar və onların fotoları yer alıb. Əvvəlki sayt 2008-ci ilin yanvar ayında yenilənmişdi. O vaxt informasiya texnologiyaları indiki qədər inkişaf eləməmişdi. Həm də AFFA-nın keçirdiyi müxtəlif tədbir və liqaların sayı artıb. Məsələn, U-10 liqası yaradılmışdı, amma onunçün köhnə saytda bölmə yox idi. İndi futzal millisi, qızlar liqaları haqda da geniş məlumatlar yerləşdirilir. Köhnə versiyada əsasnamələri yerləşdirməkdə çətinlik çəkilirdi. İndi vəziyyət əksinə dəyişib. Bu da klublara əsasnamələri birbaşa sayt vasitəsilə əldə eləmək şansı yaradır.
Eyni zamanda, affa.az saytı vasitəsilə biletlərin onlayn satışı da həyata keçirilir. İlk addım isə hələ 2010-cu ildə dünya çempionatı zamanı FIFA ilə birgə atılmışdı. O vaxt bir sıra azarkeşlər oyuna biletləri internet üzərindən aldılar. Bu uğurlu layihəni indi də davam etdiririk. Azarkeşlər oyundan əvvəl biletləri rahat şəkildə sayt vasitəsilə əldə edirlər. Bundan əlavə, saytda milli komandaların formaları da onlayn formada satılır. Bu da o deməkdi ki, affa.az təkcə informasiya saytı yox, həm də marketinq üçün bir vasitədir.
Saytın texniki imkanı bizə bu il ölkəmizdə təşkil edilən UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016 ilə bağlı görülən bütün işlər, tədbirlər haqda məlumatları yerləşdirməyə şərait yaradır. Bir sözlə, qitə birinciliyinin təbliğat və tanıtım işləri də sayt vasitəsilə həyata keçirilir.

***               ***               ***

www.affavideo.az   AFFA-nın bütün tədbirlərinin, yığma komandaların oyunlarının və futbolla bağlı digər tədbirlərin maraqlı anlarının video çəkilişi və bu saytda yüksək peşəkarlıqla montaj olunaraq yerləşdirilməsi qısa vaxt ərzində onun təsir dairəsini xeyli genişləndirdi. Artıq komandalarımızın xarici ölkələrdən olan rəqibləri də oyunlardan sonra maraqlı məqamları izləmək üçün saytımızın xidmətindən yetərincə istifadə edirlər. AFFA-nın bu layihəsinin də qısa vaxt ərzində yetərincə nüfuz qazanması UEFA-nın da diqqətini cəlb etdi və Avropa futbol qurumu 2010-cu ildə media ilə bağlı layihələrdə bunu yüksək dəyərləndirdi və bu layihəyə 100 min avro məbləğində vəsait ayırdı. Bunun məntiqi nəticəsi kimi UEFA-nın təşkilatçılığı ilə media ilə bağlı növbəti seminarlardan biri Bakıda təşkil olundu. Avropa futbol qurumunun razılığı ilə Asiyadan olan bəzi qonşu ölkələrin futbol qurumlarının da qatıldığı tədbirdə AFFA-nın bu sahədə fəaliyyəti geniş şəkildə təqdim olundu və onlar tərəfindən  bu layihə maraqla qarşılandı. Çünki nəinki Ermənistan, Gürcüstan, o cümlədən Türkiyə, Avstriya kimi ölkələrin futbol qurumlarının da o vaxt  videosaytları yox idi.   Onu da qeyd edək  ki, FIFA tərəfindən də AFFA-nın bu layihəsi yüksək qiymətləndirildi. Belə olmasaydı, FIFA-nın prezidenti Yozef Blatter   milli assosiasiyaların rəhbərləri ilə görüşdən sonra eksklüziv müsahibəsini  yalnız affa.az və affavideo.az saytlarına verməzdi.

***               ***               ***

www.affatv.az Bu layihə də ölkəmizdə futbolun yetərincə təbliğ olunmasına geniş zəmin yaradıb. Millimizin nəinki respublikamızda, o cümlədən səfərdə keçirdiyi oyunların belə AFFA-nın internet TV-si ilə yayımlanması Avropa məkanında geniş rezonans doğurmaqdadır. U-17-nin Qazaxıstanda, Moldovada, Xorvatiyada, U-21-in İspaniyada, Bakıda, Lənkəranda, futzal millimizin və U-17 (qızlar) yığmasının Bakıda keçirdiyi qrup oyunlarının, ilk dəfə ölkəmizdə təşkil olunan “Caspian Cup” turniri çərçivəsində keçirilən qarşılaşmaların affatv-də canlı yayımlanması oyunların dünyanın internet olan istənilən məkanından izlənməsinə şərait yaradıb. Təkcə bir faktı qeyd etmək istərdim ki, U-21-in oyununu 21 min, futzal üzrə qrup oyunlarını isə 30 mindən artıq (bunun 28 mindən çoxu xarici ölkələrdən) futbol azarkeşi izləyib. Bu gün istənilən ölkənin millisi ilə oyun keçirəcəyimiz xəbəri yayılanda matçın yayımlanıb-yayımlanmayacağı ilə bağlı rəqib komandanın azarkeşləri tərəfindən müraciətlər alırıq. Bu üzdən affatv-ni əcnəbi azarkeşlərin də sevimli kanalı adlandırmaq olar. Millinin Dubay şəhərində Hindistan yığması ilə keçirdiyi yoldaşlıq oyununu affatv.az saytı vasitəsilə 69 min insan izləyib.   

Foto arxivlər barədə

Azərbaycan futbolunun 100 illiyi ərəfəsində futbolumuzun tarixini əks etdirən foto və videoları tapıb üzə çıxarmaq vacib idi. Bunun üçün saatlarla Dövlət Arxivində futbolla bağlı kadrlar axtarılıb və bunun üçün aylarla vaxt sərf edilib. Kino lentlərində saxlanılan kadrların disklərə yazılması və bu gün geniş auditoriya tərəfindən baxılması üçün xeyli zəhmət çəkilib. Bütün kadrları futbolumuzun tarixinin təbliği baxımından ölkəmizdəki televiziya kanallarına hədiyyə etmişik. Maraqlıdır ki, 1920-ci ildən 1980-ci ilə qədər futbolumuzun tarixi ilə bağlı arxivlərdə hansısa araşdırma aparılmayıb. Bu proses yalnız futbolumuzun 100 illiyi ərəfəsində həyata keçirilib. Sevindirici haldır ki, bu gün AFFA-da futbolumuzun tarixini əks etdirən foto və video arxiv yaradılıb. Bu arxiv hər kəs üçün açıqdır. Hətta tarixi şəkillər bu gün AFFA-nın İnzibati binasında fəaliyyət göstərən muzeyin stendlərini bəzəməkdədir.

Sosial şəbəkələr

Cağdaş dünyamızda insan övladının gününü internetsiz təsəvvür etmək mümkün deyil. "Dünya hörümçək şəbəkəsi" insan həyatının ən aktual hadisəsinə/vasitəsinə çevrilib.  Bunun da nəticəsi olaraq sosial şəbəkə istifadəçilərinin sayı gündən-günə artır. Bu gün Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir. Hər kəs istənilən məkanda və sərbəst surətdə öz fikirlərini geniş ictimaiyyətlə bölüşə bilir. Eyni zamanda informasiyanın qəbulunda sosial şəbəkələrdən maksim dərəcədə istifadə edirlər. Bunu nəzərə alaraq 2014-cü ilin avqustundan etibarən “Facebook”, “İnstagram” sosial şəbəkələri və “Youtube” portalında AFFA-nın səhifəsi fəaliyyətə başlayıb. Sosial şəbəkələrdə səhifələrin aktivləşdirilməsi AFFA-nın onlayn fəaliyyətinin daha da genişləndirilməsinə şərait yaradır. Məqsəd Azərbaycan futbolu ilə bağlı müxtəlif maraqlı məlumatların, foto və videoların sosial şəbəkə istifadəçilərinə çatdırılması, sosial şəbəkələrdə və youtube-da futbolumuzun təbliğatının gücləndirilməsidir. Qarşıya qoyulan əsas məqsəd atılacaq hər addımın ideoloji əsasının olmasıdır. Bunun üzərində daim yenilənmələr, fikir axtarışlarını davam etdiririk. 
Bundan başqa, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunda baş verən hadisələrin, AFFA və milli komandalar barədə xəbərlərin ictimaiyyətə operativ çatdırılması üçün daha bir yeniliyin tətbiqinə başlayıb. İOS və Android əməliyyat sistemlərinin istifadəçiləri App Store və Play Market-ə daxil olmaqla “AFFA news” adlı tətbiqi (application) cihazına ödənişsiz yükləyə bilər. AFFA-nın www.affa.az ünvanlı veb-saytında yerləşdirilən bütün xəbərlər, eləcə də videoçarxlar dərhal “AFFA news” tətbiqində öz əksini tapacaq və istifadəçinin istəyindən asılı olaraq, hər bir yenilənmə ilə bağlı cihazına səsli xəbərdarlıq göndəriləcək.

Mikayıl Nərimanoğlu
AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəisi

"FutbolPress"

* Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb



oxunma sayı: 938 | Paylaş:




?>