')

Bu gün:


FutbolPress.Az | Futbol sevirsə PR-ı, poladdan olar canı  (LAYİHƏ)

Futbol sevirsə PR-ı, poladdan olar canı  (LAYİHƏ)


oxunma sayı: 1521 Paylaş:

FutbolPress

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan  "TPL klublarının media və ictimaiyyətlə əlaqələri: PR (public relations) prinsipləri" adlı layihəmizin sizinlə görüşü davam edir. Bu, ikinci məqaləmizdir. Siz burda PR anlayışı haqda təsəvvürünüzü genişlədirə, anlayışın futbolda təsviri, tətbiqi haqda nəzəri fikirlərlə tanış ola bilərsiniz. 


Milyonlarla insanı həyəcanlandıran idman növü – futbol dünyada günü gündən güclənən bir biznes sahəsidir. Futbol nə qədər kommersiyalaşırsa, bir o qədər inkişaf edir. Biznes növünə çevrilə bilməyən ölkələrdə isə heç zaman gerçək uğur qazana bilmir. Maksimum ara-sıra qeyri-ənənəvi yollarla uğur simulyasiya edilir.
Simulyativ uğura pul xərclənir, amma buradan pul götürmək olmur. Simulyativ uğur saman alovu kimi qısa müddətli olur, davamı gəlmir (Əlamətlərinə Azərbaycan futbolu "nümunə" kimi). Simulyativ uğur fişəng kimi partlayır və bitir. Uzatmayaq, siz onu yaxşı tanıyırsınız...
 
Nə üçün PR?
 
Futbolun inkişafı, davamlı uğur gətirməsi və nəticədə böyük pullar qazandırması üçün ona real biznes sahəsi kimi yanaşmaq lazımdır. Modern biznesin təməl elementlərindən biri də marketinq və PR-dır. Niyə PR?
Biznes qurumunun əsas gəlir mənbəyi müştəridir. PR isə bir biznes qurumu olan futbol klubuna, və yaxud bir biznesmen olan futbolçuya daha çox müştəri, yəni azarkeş qazandırır. Ən əsası o fanatların qalıcı olmasına kömək edir.
Bu gün bir futbol klubu əsasən aşağıdakı fəaliyyətləri ilə maliyyə qazanır:

 
Fəaliyyət İstehlakçı
Futbol tamaşasına bilet satışı Tamaşaçı / Fanat
Ad haqının satışı İdman dərnəkləri, İaişə obyektləri
Rəsmi lisenziyalı məhsul satışı Loqolu məhsul istehlakçıları
Azarkeş kartı Azarkeş
Yayım haqqınınn satışı Media qurumları
Stadion daxilindəki xidmətlər Stadiona gələn istehlakçılar
Sponsorluq Futbol vasitəsilə özünü PR edən şirkətlər
 
Bu xidmətlərin istehlakçılarını analiz etdikdə görürük ki, əslində müştəri qismində əsas və tək şəxs – klubun azarkeşləridir. Stadiona bileti o alır.  Sevdiyi klubun adını daşıyan kafeyə, əyləncə mərkəzinə o gedir. Klubuna xeyir vermək üçün loqolu məhsulları o alır. Stadiona gələrək buradakı qida və başqa xidmətlərdən o faydalanır. Sponsor da pulu kluba azarkeşinin sayının çox olduğuna görə verir – o azarkeşlərin sevimli markasına çevrilmək üçün. Bəli, futbol sənayesinin gəlir mənbəyi bu qədər sadədir. O, fikrləşən və həyəcanlanan bir insandır. Onun beyninə və ürəyinə xitab etmək üçün isə PR var.
 
 Brend olmaq
 
Klub insanlar üçün bir dəyərə çevrilməlidir. Klubun adı onun azarkeşi üçün hansısa hörmət etdiyi mənalarla sinonimlik təşkil etməlidir. Onun yaşam tərzini əks etdirməli, xobbi ehtiyaclarını ödəməlidir.
PR menecer bu brendin siyasətini müəyyən etməli və daim onun üzərində işləməlidir. Onun düzgün aparılması üçün klubun özündə də işlər düz getməlidir. Problemli klubu PR etmək çox çətin, bəzən isə lazımsızdır. Əks effekt verə də bilər.
Peşəkar PR üçün klub hər mənada peşəkar olmalıdır. Yalnız adına “Peşəkar” sözü əlavə etməklə yox.
Haşiyə: Hərçənd, ada belə bir sifətin əlavə edilməsi adətən kompleksdən, o şeyin yoxluğundan xəbəbr verir. Bizim PFK-ların məntiqi ilə “Barselona”, “Bavariya”, “Yuventus”, “Arsenal”, “Beşiktaş” və ümumiyyətlə Çempionlar Liqasınd, UEFA kubokunda oynayan amma heç birinin adında “professional” sözü olmayan klublar peşəkar deyillər.
 
1)      Klub aid olduğu yeri hiss etdirməlidir
Sözümüzün canı – peşəkarlığa addan başlamaq lazımdır. Bu ad həm də klubun təmsil etdiyi şəhərin, rayonun bağrından çıxmalıdı. Onun keçmişini özündə əks etdirə bilər. Oradakı hansısa adətdən xəbər verə bilər. Bölgənin xarakterini göstərə bilər və s. Klub öz adı ilə təmsil etdiyi şəhərə işarə etməlidir. Belə olanda oradakı əhali klubu özününkü hesab edəcək, sevəcəcək, ona bağlanacaq. Heç bir futbol sevən onun şəhərindən çıxsa da hansısa varlı şəxsin, hansısa bir qrupun əhalinin dəstəyini qazanmadan qurduğu klubuna ürəkdən azarkeşlik etməz, onun oyunlarına baxmaq üçün stadiona gedib “qoooool” deyə qışrımaz.
 
2)      Yaxşı oyun
Azarkeşin ən arzuladığı şey komandasının gözəl oyununa tamaşa etmək, qələbələrinə sevinməkdir. Gözəl oyun stadionlara daha çox azarkeş toplayacaq. Amma danışılmamış, nəticəsi əvvəlcədən məlum olmayan oyunlar.
 
3)      Hekayə
Klubun öz hekayəsi olsa çox yaxşı olar. Necə yaranması, rənginin niyə məhz bu cür seçilməsi ilə bağlı tarixi maraqlı səbəblər olmalıdır. Hekayə kimi hekayə. Yoxdursa yaradılmalıdır. Hekayələr azarkeşləri klublarına incə simlərlə bağlayır.
 
4)      Xarakter
Komandanın oyun xarakteri xüzusi seçilən olsa əla olar. Stil Yaxud, klub dünyada və ölkədə baş verənlərə daim hər hansı formada reaksiya göstərərək öz xarakterini formalaşdıra bilər. Bununla özü kimi düşünən insanları ətrafında toplayacaq.
 
5)      Totem
Mümkündürsə klub üçün hansısa əşya yaxud heyvan kimi şeylər totem kimi seçilə bilər. Totem klubun simasını müəyyən edəcək, xarakterinin elementlərinə rəng qatacaq. Bəzən azarkeşlər məhz totemə görə də kluba bağlana bilir.
 
6)      Ulduz futbolçu
Komandada ulduz futbolçunun çıxış etməsi fanatların qürurunu oxşayacaq. Onların fəxrinə çevirləcək bu ulduz. Onun formalarının satışı da kluba gəlir qazandıracaq. Ulduz futbolçu həmçinin kluba o futbolçunu öz reklam simasına çevirmək istəyən sponsorlar cəlb edər.
 
“Beşiktaş” nümunəsi
 
Məsələn, mənim fanatı olduğum “Beşiktaş” klubunun 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlindən bu yana (həmin vaxtlardan oyunlarını izləyirəm) hücuma meyilli oynaması azarkeşləri ona bağlayır. Klubun Osmanlı sultanlığı dövründə gizli formada yaranma tarixi, rənglərinin ağ-qırmızıdan ağ-qaraya dəyişilmə hekayəsini öyrənən 10 nəfərdən 8-i bu kluba simpatiya duyur, 5-i aşiq olur. “Şərəfli ikinciliklər bizə yetər” deyən bu klub üçün əsas deviz ədalətdir. Azarkeşləri də daim dünyada və Türkiyədə baş verən hadisələrə müxtəlif aksiyalarla reaksiya verirlər. Həm də çox sentimental təsirli aksiyalar keçirirlər. O bir İstanbul klubudur və adını bu şəhərin göbəyindəki məhəllələrdən birindən – Beşiktaş məhəlləsindən alıb. Totemi qara qartaldır. Hansısa filmdə, klipdə, fotoda bir qartal görən “Beşiktaş” azarkeşinin tükləri ürpərir. Komandada daim azarkeşlərin aşiq olduğu bir neçə ulduz futbolçu olub. Azarkeşlər onların şəninə mahnılar qoşub oxuyurlar.
 
PRofesional olmaq üçün PR
 
Yuxarıda sadalanan 6 xüsusiyyət bir futbol klubunun baza elementləridir. Bu özül dəyərləri ictimaiyyətə çatdırmaq üçün isə onunla daim əlaqədə olmaq lazımdır. İctimaiyyətlə Əlaqələr üzrə şöbə müxtəlif layihələrlə onları xarakterizə edən əlamətləri qabartmalı futbol sevərin diqqətinə çatdırmalıdır.
Bu istiqamətdə media ilə işə xüsusi diqqət ayrılmalıdır. Klubun PR meneceri yaxud mətbuat katibi media ilə dost olmalıdır. Bu gün Azərbaycanda media ilə dost ola bilən mətbuat katiblərinin sayəsində onların işlədiyi klublara qarşı cəmiyyətdə simpatiya formalaşıb.

Vüqar Baba
vugarbaba.com

"FutbolPress"

* Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə hazırlanıb


oxunma sayı: 1521 | Paylaş:




?>