“Turan Tovuz” rəsmisi: “Hesab edirəm ki, gələn il üçün əsaslı tədbirlər görüləcək”

Azərbaycan Premyer Liqası yekunlaşmaq üzrədir. Artıq çempionatın bitməsinə 3 tur qalıb və sona yaxınlaşdıqca, medallar uğrunda mübarizə aparan komandaların da sayı azalmaqdadır. Medal və avrokuboklar şansını itirən komandalardan biri də “Turan Tovuz”dur. Bölgə klubu mövsümün gedişində iddiasını ortaya qoysa da, sonda avrozonadan kənarda qalacağı rəsmiləşdi.

Tovuz təsilçisinin idarə heyətinin üzvü Yaşar Sultanov “FutbolPress”ə açıqlamasında komandanın geridə qalan oyunlardakı nəticəsini qiymətləndirdi:

“Ötən illər müqayisədə komanda stabil çıxış etdi. Açığı, hər hansı tərəqqi görmədim. “Turan Tovuz”dan gözləntim yüksək idi. Daha yaxşı yerlər uğrunda çıxış etmək olardı, amma təəssüf ki, ortada komanda tərəfindən məsuliyyətsizlik oldu. Gözlənilməz anda xallar itirdilər. Daha yaxşı çıxış etmək olardı. Futbolçular daha həvəslə, istəklə çıxış edə bilərdilər. Bəzi oyunlarda futbolçular həvəssiz idi. Psixoloji baxımdan daha hazırlıqlı olsaydılar, hətta medallar uğrunda da mübarizə aparmaq olardı. Ayxan Abbasov başda olmaqla hər bir futbolçu bu işə ciddi yanaşmalı idi. Onlar bilirlər ki, arxalarında böyük azarkeş kütləsi var. Bütün ümidimiz növbəti mövsümədir. “Komandanın da söz verdiyi kimi əsaslı və avrokuboklar üçün mübarizə aparan “Turan Tovuz” görəcəyik”.

Klub rəsmisi “Zirə” ilə (1:2) oyundan sonra bir qrup azarkeşin Ayxan Abbasovu istefaya səsləməsinə də münasibət bildirdi:

“Düzü mənim bu məsələdən məlumatım yoxdur, amma olduqca yersiz tələbdir. Məgər, hər məğlubiyyətdən sonra komandanın baş məşqçisini istefaya çağırarlar? Hamı bilir ki, komandanın ideyaları fərqlidir. Onlar növbəti mövsüm üçün iddialı çıxış edəcəklər. Hesab edirəm ki, bu, xoşagəlməyən haldır”.

Sultanov növbəti mövsüm üçün komandada əsaslı dəyişikliklərin olacağını da qeyd etdi:

“Düşünürəm ki, komandada əsaslı dəyişikliklər olacaq. Perspektivli gənclər var ki, 2 ildir ki, artıq bizimlə məşq edir. İnanıram ki, növbəti illərdə özlərini təsdiq edəcəklər. Həmin futbolçulara inamım olduqca yüksəkdir. İnşallah, növbəti il üçün fərqli “Turan Tovuz” görərik”.

Məlik Məlikov