Elmar Baxşıyev: “Futbolçular meydanda motivasiyasız idi”

Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində keçirilən “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Komandanın ən zəif oyunlarından biri idi. Futbolçular meydanda motivasiyasız idi. Bu komandada qalsaq, bəziləri ilə yollarımız ayrılacaq. Bu, qaçılmazdır. “Qəbələ”ni təbrik edirəm. Burada olmaq xoş idi. Komanda I Liqaya düşsə belə, inanıram ki, qarşıdakı illərdə Premyer Liqaya qayıdacaqlar. Yaxşı idarəçiləri var, düzgün iş görürlər. Bir oyunumuz qalıb, həmin matçdan sonra komanda və rəhbərliklə gələcəkdə nə etməli olduğumuzu müəyyən edəcəyik.

– Bura rəqib və qonaq kimi gəlmək Sizdə hansı hissləri oyatdı?
– Burada özümü rəqib və ya qonaq kimi hiss etmədim. Mən burada formalaşmışam. Bu klub Azərbaycan futbolçu üçün dəyərlidir. Belə alınıb. Amma ümidlə yaşamaq lazımdır. “Qəbələ”nin yaxşı prezidenti var, futbolu sevir. İnanıram ki, “Qəbələ” qarşıdakı illərdə nüfuzunu qaytaracaq.