Samir Abasov: “Bəzi şeylər var ki, çox narazıyam”

Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” – “Sabah” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan sonra bunları deyib:

– Oyunun sonlarına yaxın sanki, siz başqa şey fikirləşirdiz, amma oyunçular fərqli düşüncədə idi. Qələbə istəyirdiniz, amma sanki futbolçular bir xalı da itirməkdən qorxurdu…
– Oyuna qələbə üçün çıxmışdıq və hər şeyi edirdik. Həddindən artıq motivasiyalı idik. Qəbələ toplanışında klubun televiziyasına müsahibəmdə hazırlığımızın necə yaxşı keçdiyini demişdim. İnanmıram ki, futbolçular bu gün bir xalı düşünürdülər. Bəzi futbolçularda bəlkə, qorxu ola bilər. Çünki bir neçə oyunda gözlənilmədən məğlubiyyətlər olmuşdu. Fikirləşirəm ki, maraqlı oyun alındı. Qol epizodları çox olmadı və buna görə kiməsə maraqsız oyun kimi gələ bilər. Futbolçularım yaxşı mübarizə apardılar. İşimiz o qədər çoxdur ki… Meydanda intizamı, psixoloji məqamları düzəltməliyik. Çoxşaxəli işlər var. Necə deyim… Bir günlə problemlər düzəlməyəcək. Bu oyunda futbolçularım intizamı sona qədər saxladılar. Rəqibə çox şans vermədik. Bu, işin yaxşı tərəflərindən biridir.

– Problemlərdən danışdınız. Onları aradan qaldırmaq üçün toplanışda yoxlama oyunları keçsəydi, daha yaxşı ola bilərdi…
– 18 oyuna aradan qalxmayıbsa, iki oyuna da düzəlməz. Yoldaşlıq görüşünün olmamasının səbəblərini demişəm. Toplanışdan çox razıyam. Orda etdiyimiz çox şeyi bu gün meydanda gördüm. Qələbə qazanmalısan ki, inamın yerinə gəlsin. Bu gün rəqibin yaratdığı şanslarda da bizim “rolumuz” var. Onlara səhv ötürmələrdən sonra top verdik.

– Azarkeşlərin daha iddialı “Neftçi” görməsi üçün sizə nə qədər vaxt lazımdır?
– Nə qədər vaxt lazım olduğunu rəhbərliyə deməmişəm. Bu klubda futbolu bilən tək mən deyiləm. Rəhbərlik də yaxşı başa düşür. Biz də onları başa düşməliyik. Onların etdiyi dəyişiklər daha yaxşı “Neftçi”nin olması üçündür. Məndən soruşurlar ki, dominant futbolu nə zaman oynayacaqsınız? Ancaq sonra mətbuatda mənim oyunçularımı yerə vururlar. Bəs biz kimlə dominant oynayacağıq? Dominant olmaq üçün ayaqda durmalı, işini ortaya qoymalısan. Bilinməlidir ki, bu, “Neftçi”nin oyunudur. Bəzi şeylər var ki, çox narazıyam. Çox şey tələb edirik. Tələb edəndə də bilməliyik ki, hansı oyunçunun potensialı nədir. Sözün əsl mənasında, uzun proseslərdir. Bizdən yuxarıda gedən komandalara baxaq, “Qarabağ”dan başqa digər komandalar bir-biri ilə oynayanda hansı dominant olur? Kiminsə hansı oyun yaxşı oynamağı normaldır. Dominantlıq üçün köklü bir heyət olmalıdır. Tez-tez dəyişiklərlə bu, düzələsi şey deyil. İnşallah, bunu düzəldəcəyik.

Şahin Cəfərov