Şahin Diniyev: “Bunu qəbul etməliyik”

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Səbail” – “Qəbələ” oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Deyiləsi söz yoxdur. Hazırlaşmışdıq, ancaq mövsümün ən zəif oyunlarından birini keçirirdik. Avrokubok zonasına düşmək şanslarımız qalmadı. Bunu qəbul etməliyik. Bu gün “Qəbələ” daha istəkli idi, onları təbrik edirəm. İstədiyimi komandadan ala bilmədim.

– Necə düşünürsüz, yuxarı sıralarda qalmaqçün işinizi nə çətinləşdirdi?
– Ənənə, stabillik olmalıdır. Güclənməyə də ehtiyacımız var idi. Bu, çatışmadı. Gələcəyə ümidlə baxa, yaxşı komanda yarada bilərdik. Əvvəlcə zədəlilərimiz oldu, sonra bərpa prosesi və s. Şanssızlıq deməzdim, hər şeyi özümüzdə axtarmalıyıq. Liqadan düşmürük, 6-cı yerdəyik. Komanda şəklində oyunçuların birlikdə az oynaması, təcrübəsizlik özünü göstərdi.

– Hesabda geri olarkən heyətdə mövqe dəyişiklikləri etdiniz…
– Müdafiəçini hücumçu kimi meydana buraxdım. Mehremiçin boyu uzundur və “ikinci mərtəbədə” bizə kömək edə bilərdi. Bir-iki epizodu da düşdü, lakin alınmadı. Sadəcə mövqe dəyişikliyi etdik.

– Son illər komanda ancaq son sıralarda mövsümü bitirir. Demək olarmı ki, komanda bu autsayder psixologiyasından qurtula bilmir?
– Dediyinizlə razıyam. Stabilliyin olmaması buna gətirib çıxardı. 6-cı sıra da pis deyil. Avrokubok zonasına yaxınlaşmışdıq və mübarizə apardıq. Ora gedə bilmədiyimiz üçün məyusuq. Qarşımıza 6-cı yer hədəfi qoymuşduq. Növbəti mövsüm üçün yaxşı komanda qurmağa çalışacağıq.

Şahin Cəfərov