“Qarabağ” bu gün Avropa Liqasının VII turunda Rumıniyanın FCSB komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.
FCSB Rumıniya çempionatında 22 turdan sonra 38 xalla ikinci sıradadır. Komanda lider “Universitatya Kluj”dan iki xal geri qalır. FCSB bu görüşlərdə 33 qol vurub, 22-ni buraxıb. 10 görüşdə qələbə qazanan rumınlar 4 matçda məğlub olub.
FCSB çempionatda səfərdə ən yaxşı nəticə göstərən kollektivdir. Elias Xaralambousun rəhbərlik etdiyi komanda qonaq kimi çıxdığı 11 oyunda 5 qələbə qazanıb, 2 dəfə uduzub. Bu, çempionatın ən yaxşı göstəricisidir. FCSB səfərdə 17 qol vurub, 11-ni buraxıb. Komanda çempionatda son beş rəsmi matçda uduzmayıb – 3 qələbə, 2 heç-heçə.
Komanda bu mövsüm Avropa Liqasında səfərdə keçirdiyi üç oyunda bir qələbə, bir heç-heçə, bir məğlubiyyət yaşayıb.
“Qarabağ” isə Azərbaycan Premyer Liqasının vahid lideridir. Ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı 11 xal qabaqlayan “atlılar” 19 turda 16 qələbə qazanıb, 1 dəfə uduzub. “Qarabağ” ev oyunlarında da ən yaxşı nəticə göstərən kollektivdir. Qurban Qurbanovun yetirmələri 10 matçda 9 qələbə qazanıb, 1 dəfə uduzub. Azarkeşləri önündə 29 qol vuran “atlılar” 6-nı buraxıb. “Qarabağ” bu mövsüm Avropa Liqasında isə ev oyununda xal qazana bilməyib. Komanda “Malmö”yə (1:2), “Ayaks”a (0:3) və “Lion”a (1:4) məğlub olub.
“Qarabağ” da rəqibi FCSB kimi son oyunlarda formadadır. Qurbanovun yetirmələri çempionatda son 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib. 12 qol vuran “atlılar” 3-ni buraxıb.
“Qarabağ” üçün görüş mühüm önəm kəsb edir. “Atlılar” hazırda Avropa Liqasında sona iki tur qalmış 36 komanda arasında 3 xalla 33-cü pillədədir. Turnirdə növbəti mərhələyə – pley-offa yüksəlmək üçün azı 24-cü sıranı tutmaq lazımdır. “Qarabağ”la hazırda 24-cü olan “Midtyulland” arasında 7 xal fərq var. “Qarabağ” məğlub olsa, turnirə vida edəcəyi dəqiqləşəcək. Qazanılacaq bir xalda isə danimarkalıların məğlubiyyəti gözlənilməlidir ki, şanslar son tura qalsın.
FCSB isə daha yaxşı durumdadır. 11 xalla 10-cu olan rumınlar qələbə qazanacağı halda, növbəti mərhələyə vəsiqəni sona bir tur qalmış təmin edəcək.