Madrid derbisi öncəsi Marselo ilə vida mərasimi keçiriləcək

“Real” şənbə gecəsi “Atletiko” ilə oyundan əvvəl Marselonu şərəfləndirmək planlarını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, klub açıqlamasında sabiq futbolçusuna “böyük “Real” əfsanəsi” deyə müraciət edib:

“Marselo bu şənbə günü “Santyaqo Bernabeu” derbisində yad ediləcək. Stadionumuz cümə axşamı peşəkar futbolçu kimi karyerasını bitirdiyini elan edən braziliyalı ilə vidalaşmaq imkanı əldə edəcək. Marselo klubumuzun və dünya futbolunun böyük əfsanələrindən biridir. “Real”da keçirdiyi on altı mövsüm ərzində o, 546 oyunda 25 titul qazanıb: 5 Avropa Kuboku, 4 Klublararası Dünya Çempionatı, 3 Avropa Superkuboku, 6 Liqa, 2 Kral Kuboku və 5 İspaniya Super Kuboku”.

Marselo bu həftə 37 yaşında futbolçu karyerasını başa vurub.