Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB (Rumıniya) matçından (2:3) sonra qonaq komandanın baş məşqçisi Elias Xaralampous jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Bugünkü oyuna görə futbolçularımla qürur duyuram. İki fərqli hissəyə şahid olduq. Çox sevinirəm. Vacib olan 3 xalı qazandıq. Bizi çətin oyun gözlədiyini bilirdik. Çox əziyyət çəkdik və bunun bəhrəsini də gördük. Futbolda bəxt amili də vacibdir. Hesab edirəm ki, bu gün həm də bizim bəxtimiz gətirdi.
– Qolları yalnız künc zərbələrindən vurmağınız sizi təəccübləndirdi?
– Biz hər vəziyyətə hazırlaşmışdıq. Dediyim kimi bəxt amilinin də burada rolu oldu. “Qarabağ” həm müdafiə, həm də hücuma meylli komandadır. Hər vəziyyətdən çıxa bilirdilər.
– Darius Olaru olmadan oyun sizin üçün necə keçdi?
– Olaru yaxşı oyunçudur, amma bu gün yox idi. Bizim komandamızda yüksək keyfiyyətli oyunçular var. Hər zaman alternativlərə hazırıq.
– Yəqin ki, “Qarabağ”ı araşdırmışdız. Bura gəldikdən sonra sizi təəccübləndirən nəsə oldu?
– Doğrusu nəyi gözləyirdiksə, o da oldu. Avropadakı oyun stili budur. Əziyyət çəkmək lazımdır. “Qarabağ” güclüdür. Həm “Ayaks”la, həm də “Zirə” ilə matçlarına baxmışıq. Bu komandaya və onun çalışdırıcısına böyük hörmətim var.
– Növbəti matçınız “Mançester Yunayted”ə qarşı olacaq. 1 həftə ərzində komandanızı toparlaya biləcəksiz?
– MY-dən də öncə bizim öz çempionatımızda çox vacib görüşümüz var. İndi ona köklənəcəyik. Futbolda nəticələr həmişə dəyişə bilər. “Mançester Yunayted” kimi güclü rəqibə qarşı oynamaq bizim üçün xoşdur.
Mirkamal