“Bu amil respublikada şahmatın peşəkar səviyyədə inkişafına təkan olacaq” (MÜSAHİBƏ)

Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov “FutbolPress”in suallarını cavablandırıb. Federasiya prezidenti Azərbaycan şahmatçılarının son nəticələrini, Ümumdünya Şahmat Olimpiadasında milli komandadan gözləntilər və s. məsələlər haqda fikirlərini bölüşüb.

– Bir neçə gün əvvəl Ülviyyə Fətəliyeva Avropa çempionu oldu. Bu münasibətlə həm də Sizə təbrik düşür. Azərbaycan şahmat tarixində ilk yaşandı. Tarixi uğur barədə təəssüratlarınız maraqlıdır…
– Ülviyyə böyük uğur qazandı. Qeyd etdiyiniz kimi, bu nəticə Azərbaycan şahmat tarixində ilkdir. Onun istedadı, zəhməti, hazırlığı nəticəsiz qalmadı. Qadın şahmatçılardan ibarət Azərbaycan millisi üçün yaradılan şərait bəhrəsini verdi. Təcrübəli Yevgeni Tomaşevski başda olmaqla məşqçi heyətinin işi böyük uğurla nəticələndi. Biz həm Ülviyyədən, həm də milli komandanın digər qadın şahmatçılarından gələcəkdə də qələbələr gözləyirik.

– Bir neçə həftə əvvələ qayıtsaq, Nicat Abasov da Namizədlər Turnirində iştirak etməklə böyük uğura nail olmuşdu. Düzdür, şahmatçımızın çempionluq şansları yüksək deyildi. Lakin Nicatın çıxışı Sizi nə dərəcədə qane etdi?
-Nicat Abasov yaxşı hazırlıq keçmişdi. Dünya Kubokunda gözəl üslubla oyununu yarımfinalda Maqnus Karlsen, üçüncü yer uğrunda partiyada Fabiano Karuanaya qarşı izləmişik. Onun Dünya Kubokundakı oyunu İddiaçılar Turniri barədə müəyyən optimizlə yanaşmağımıza imkan verirdi. Gərgin və sıx qrafikli hazırlıqda iştirak etdi. Təcrübə azlığına görə müəyyən səhvlər oldu. Nicat özü də səhvlərinin olduğunu etiraf edir. Eyni zamanda gözlənilmədən ayağından zədə aldı. Bu zədə hazırlığın gedişatına təsirsiz ötüşmədi. Dünyanın aparıcı məşqçiləriylə işlədi. Fikrimcə, belə nəticəyə layiq deyildi. Onunla görüşərək nəticəni təhlil etmişik. Hazırda Nicat milli komandanın üzvü kimi Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır.

– Şahmat Olimpiadasından söz düşmüşkən, kişilərdən ibarət yığma son Avropa çempionatında uğursuz çıxış etdi. Həm kişi, həm də qadınlarda ibarət milli komandanın qarşıdan gələn olimpiadada şanslarını necə qiymətləndirirsiniz?
– Həm kişi, həm qadın şahmatçılardan ibarət komandalardan uğurlu çıxış gözləyirik. Onlar üçün bütün lazımi şərait yaradılıb və bundan sonra da hazırlığın keçirilməsi üçün dəstək göstəriləcək. Hər iki komandanın heyəti iyulun əvvəlində federasiya tərəfindən açıqlanacaq. Qadın şahmatçılardan ibarət komandanın heyəti demək olar bəllidir. Onlar qəbul edilən proqram üzrə hazırlıq keçir. Bildiyim qədər bütün aparıcı şahmatçılar iş planlarını federasiya ilə koordinasiya edir. Onlar üzərlərində işləyirlər. Heyət tam şəkildə məlum olandan sonra bir və ya iki təlim-məşq toplanışının keçirilməsini planlaşdırırq.

– Bu yarışda millinin heyətini formalaşdırarkən təcrübəyə önəm verəcəksiniz, ya…? Aydın Süleymanlı kimi son ölkə çempionun heyətdə görə bilərik?
– Aydın Süleymanlı artıq yığma komandaya vəsiqə qazanıb. Məhəmməd Muradlı da millidə çıxış etməyə çox yaxındı, ən pis halda ehtiyat şahmatçıdır. Azərbaycan çempionatının nəticələrinə əsasən Məhəmməd Muradlı təqaüd proqramına cəlb olunub.

– Ümumiyyətlə, son ölkə çempionu Aydın Süleymanlı da daxil gənc şahmatçıların potensialını gələcəyə ümidli baxmağa imkan verir?
– Aydın Süleymanlının uğurları bizi sevindirir. Azərbaycan Çempionatının finalında Aydın Süleymanlı ilə Məhəmməd Muradlının qarşılaşması simvolik məna daşıdı. Yeni nəsildi, titullara acdılar. Onların inkişafına ciddi fikir veririk. Aydının əzmkarlığının bir qədər daha düşünülmüş olduğunu göründü. Məhəmməd ikiqat Azərbaycan çempionudur, yeni nəslin liderlərindən biridir. Hər ikisi milli komandanın “qapısı”nı döyür.

– Yəqin ki, ötən ilin ölkə çempionu Vasif Durarbəylinin fikirləri ilə tanışsınız. O, müsahibəsində mənə bildirmişdi ki, ölkə çempionatında iştirak barədə ona dəvət göndərilməyib. Həmçinin, diqqətin az olmasından və Azərbaycan çempionatının formatından şikayət etdi. Bu məsələ haqda fikirləriniz nədir?
– Vasif Durarbəylinin sözündə həqiqət yoxdur. O, ölkə çempionatının vaxtını, şərtlərini də bilirdi. Vasiflə söhbətimiz olub, aramızda hər hansı anlaşılmazlıq yoxdur. Ölkə çempionatına bu və ya digər səbəbdən qatılmadı. Aparıcı şahmatçılarımızdan biridir, onun növbəti yarışlarda iştirakına inanırıq. Hər zaman Vasifin hazırlığı diqqətimizdədir.

– Federasiyanın rəsmi saytına müsahibənizdə qeyd etmişdiniz ki, növbəti illərdə ölkə çempionatına təcrübəli şahmatçıların cəlbinə çalışacaqsınız. Bu yöndə nələr nəzərdə tutulub?
– 2025-ci ildən başlayaraq Azərbaycan çempionatlarının əhəmiyyətini bir daha artırmağı planlaşdırırıq. Milli komandanın bütün üzvlərinin yarışda iştirakına şərait yaradılacaq. Eyni zamanda mükafat fondu artırılacaq. Bu amil respublikada şahmatın peşəkar səviyyədə inkişafına təkan olacaq və Azərbaycan çempionatlarının nüfuzunun tam şəkildə bərpa olunmasına kömək edəcək.

– Millimizin aparıcı üzvləri – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun çıxışlarını necə qiymətləndirirsiniz? Sanki Teymurun performansında bir qədər eniş müşahidə olunur…
– Şəhriyar son dövrlər çox uğurlu çıxış edir. İddiaçılar Turnirinə hazırlıq dövründə Nicatın sekundantı olması Şəhriyara da müəyyən müsbət təsir göstərib. Hətta Torontoda blits üzrə keçirilən qeyri-rəsmi yarışlarda birinci oldu. Almaniyanın klublar arasında çempionatında qalib adını qazanan Şəhriyar reytinqini bərpa etməyə başlayıb. Teymur isə bu günlərdə BƏƏ-də ənənəvi “Open” turnirlərinə qatılacaq. Bizim üçün Teymurun yarışlarda iştirak istəyi çox müsbət xəbərdir. Onun oyunlarını böyük məmnuniyyətlə izləyəcəyik.

– FIDE-nin vitse-prezidenti kimi bu suala cavab verməyinizi istəyərdim. Məlumdur ki, Maqnus Karlsen Namizədlər Turnirindən imtina etdi. O da formatdan şikayətlənir. Gələcəkdə hər hansı dəyişiklik gözlənilir?
– Maqnus Karlsenin dünya şahmat tacı titulunu müdafiə etmək istəməməsi gözlənilməz olmaqla yanaşı Fişerdən sonra rast gəlinməyən hadisədir. Bununla belə Maqnus dünya şahmat tarixinin ən güclü üç şahmatçısından biridir və ya bəlkə də ən güclüsüdür. Şahmat istedadı və nailiyyətləri baxımından Karlsen özünü sübut edib. Onun qərarının səbəbi var. Maqnus klassik yarışlarda oynamaq istəmir. Mən də elə fikirləşirəm ki, gələcəkdə 4-5 saat davam edən klassik şahmat partiyaları tarixə çevriləcək. Şahmatın sürəti daha tezlənəcək, rapid və blits normal yarışlara çevriləcək. FIDE-də bu barədə müzakirələr olur. Biz şahmatın ənənələrini nəzərə alaraq klassik şahmatla bağlı inqlabi sayılacaq qərarlar qəbul edə bilməmişik. Amma bu, sabahın və ya yaxın gələcəyin qaçılmaz hadisəsi olacaq.

– Şahmat tacı uğrunda Din Lijenlə Qukeş üz-üzə gələcək. Necə düşünürsünüz, hansı şahmatçının şansı daha yüksəkdir?
– Qukeş – Lijen arasında şahmat tacı uğrunda oyunlar maraqlı mübarizə şəraitində olacaq. İki nəhəng şahmat dövləti Hindistan və Çin nümayəndələri mübarizə aparacaq. Qukeş çox gəncdi, buna görə hamı ona üstünlük verir. Mən Dinq Lijeni hesabdan silmək istəməzdim. O vaxt Dinq Lijeni son rəqibi Yan Nepomnyaşi də ciddiyə almadı. Əfsuslar olsun ki, bu dünyanın ən güclü iki şahmatçısının matçı deyil. Şahmat idmandı, bəzən olur ki, ən güclü finala qədər gəlib çıxa bilmir. Bəzi səbəblər olur. Məsələn: Maqnus klassik turnirlərdən bezdiyinə görə imtina edir, Dinq Lijen ardıcıl təsadüflər nəticəsində iddiaçıya çevrilir. Qukeşin reytinqdə və oyunda yüksəlişi ona ən böyük titul uğrunda yarışmağa imkan verir.

Məlik Məlimov