2023-cü ilin yayında birinci dəfə Azərbaycan çempionatlarında iştirak edən “İrəvan”ın sevinci çox çəkmədi. Komanda bir mövsüm oynadıqdan sonra lisenziya verilmədi və I Liqadan kənarlaşdırıldı.
Bəh-bəhlə I Liqaya buraxılan komanda mövsümə yaxşı başlamışdı. Premyer Liqa təcrübələri olan tanınmış yerli futbolçuları sıralarına cəlb edən “İrəvan” bir-iki legioneri də heyətinə daxil etdi. Baş məşqçi postu isə Azərbaycan futbolunda adından söz etdirən Nazim Süleymanova tapşırıldı. Açığı, komanda pis də getmirdi, ilk 5-6 tur liderlər sırasında yer alırdılar.
Lakin bu sevinc də çox çəkmədi. Ötən ilin sentyabrın sonu, oktyabrın əvvəlində “İrəvan”da maaş problemi qabardı. Məvaciblərini ala bilməyən oyunçular dilə gəldi. Mətbuat vasitəsilə problemlərini gündəmə gətirən futbolçuların əksəri məşqə, oyuna çıxmamağa başladı. Bu səbəbdən komandada oktyabrın 18-də baş tutmalı “İmişli” səfərinə çıxmağa oyunçu tapılmadı.
Elə nə oldusa, bundan sonra başladı. Maaş problemi yenicə bitmişdi, sanki oyunçular qəzəblərini meydandakı nəticələrlə boşaltdı. Xüsusilə, ölkə kubokunda “Araz-Naxçıvan”a 2:8 hesablı məğlubiyyət söz-söhbətləri daha artırdı. Qış fasiləsində futbolçuların bir çox komandanı tərk etdi, klubu şikayət etməyə başladı. Bir neçə ay əvvəl isə oyun alqı-satqısı məsələləri üzə çıxdı. “Neftçi”nin sabiq futbolçusu Fəhmin Muradbəyli və Atlam Ege futboldan uzaqlaşdırıldı. Ümumiləşdirsək, “İrəvan”ın bəh-bəhli gəlişi vah-vahlı vəziyyətlə yekunlaşdı.
Böyük layihə kimi qələmə verilən “İrəvan” I Liqadakı birinci və indilik sonuncu mövsümünü 27 xalla 7-ci sırada bitirdi. 10 komandanın mübarizə apardığı yarışda cəmi 8 qələbə qazanan komanda 16 dəfə də xalsız qalıb. I Liqanın son turu isə əməlli fiasko oldu. Meydana çıxarmağa 11 oyunçu tapmayan “İrəvan”lılar qapıçı Andrey Sinenkonu müdafiədə oynatmalı oldu. Mövsümə “Zaqatala”nı məğlub edərək başlayan “İrəvan” son oyununda “Karvan”a 3:8 hesabıyla uduzdu.
Klub artıq fəaliyyətini dayandıracaq. “İrəvan” nümunəsi aşağı liqada mübarizə aparan digər klublar üçün bir növ dərs olmalıdır.