Qayıdış, fiasko və gözləntiləri qarşılaya bilməyənlər

Azərbaycan I Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

27 turdan sonra qızıl medalları qazanan “Şamaxı” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq. Turnir cədvəlinin sonuncusu “Araz Saatlı” II Liqaya yuvarlanıb, “Difai Ağsu” isə çempionatda qalmaqçün aşağı liqanın ikincisi “Cəbrayıl”la pley-off oynayacaq.

Ötən yaydan əvəzedicilərdən ayrılaraq bölgə və Bakı komandalarının iştirakı ilə keçirilən I Liqada “İrəvan”ın çıxışı fiasko oldu. Qısa müddəti yaradılan və liqaya buraxılan komanda ümidləri doğrultmadı. Bəzən ikinci “Qarabağ” layihəsi də adlandırılırdı, ancaq indi fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlər dolaşır. Vəziyyət o yerdədir ki, “İrəvan” sonuncu turun “Karvan”la oyununa cəmi 11 futbolçu sifariş edib, qapıçını isə müdafiəçi kimi oynadıb. Mövsümün gedişində danışılmış oyunlarla bağlı bir neçə oyunçusu saxlanılan, adı söz-söhbətlərdən səngiməyən kluba lisenziya verilməsi gözlənilmir.

Bu mövsüm yarışa buraxılan komandalardan biri də “İmişli” idi. Baş məşqçi postuna Əsgər Abdullayevi gətirən bölgə təmsilçisi bir neçə legioner və təcrübəli oyunçu transferi ilə iddialı heyət qurmağı bacardı. Çempionluq üçün sonuncu turlara qədər yarışan “İmişli” mövsümü 47 xalla dördüncü sırada tamamladı.

Mövsümün uğursuzları isə “Zaqatala” və “Karvan” oldu. Xüsusilə, zaqatalalılar neçə ildir, Premyer Liqaya namizəd göstərilsə də, nəticələr ürəkaçan deyil. Hər mövsümü orta sıralarda tamamlayan bölgə təmsilçisində əsas problem büdcə məsələləridir. 2025/2026 mövsümündən Premyer Liqada komanda sayının artması gündəmdədir və “Zaqatala” yeni mövsümdə daha iddialı heyət qurub, çempionluğa oynamalıdır.

“Karvan” isə I Liqada çıxış etdiyi ilk ilində mövsümü “beşlik”də tamamladı. İddialılar sırasında göstərilən, ancaq əsas rəqibləri ilə duellərdə xal itkiləri yaşayan Yevlax təmsilçisi ili liderdən 13 xal geridə bitirdi. “Karvan”ın da “Zaqatala” kimi yeni mövsümün iddialılarından olacağı gözlənilir.

İdman prinsiplərinin qorunduğu məqamda I Liqanın əvvəlki illərə nisbətdə daha maraqlı və gərgin keçdiyinin şahidi olduq. Çempion “Şamaxı” belə sona bir tur qalmış əsas rəqibi “Qaradağ Lökbatan”I məğlub edib liderliyə yüksəlmiş, son turdakı qələbə ilə çempionluğunu rəsmiləşdirdi.

Şahin Cəfərov