Arif Əsədov: “Bütün klublar 11 legioner oynatmaq məcburiyyətində deyil”

Azərbaycan Premyer Liqasında yeni mövsümdən legioner limiti tətbiq edilməyəcək. Klublar istəsələr, start heyətdə 11 əcnəbi oyunçuya yer verə biləcək.

Limitin ləğvinin lehinə olanlar da var, əleyhinə də. Kimisi düşünür ki, legionerlərin gəlişi çempionatın səviyyəsini qaldıracaq, kimisi də yerli oyunçuların diqqətdən kənarda qalacağı fikrindədir.

AFFA İcraiyyə Komitəsi eyni zamanda yeni mövsümdən komanda sayının artacağı ilə bağlı qərar verib. Yarışda 2025/26 mövsümündən 12 komanda mübarizə aparacaq.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında İK-də verilən qərarlarla bağlı fikirlərini bölüşdü:

“Komanda sayının artmasına müsbət yanaşıram. Uzun müddət idi, bu haqda fikirlər gedirdi. Nəhayət ki, yeni rəhbərlikdən sevindirici qərar gəldi. Sonuncu dəfə 10-12 il əvvəl bizdə 12 komanda olmuşdu. Legioner limitinin ləğvi fonunda komanda sayının artımı yerinə düşdü. Çünki oyunçular klub tapa biləcəklər.

Limitin ləğvi ilə yanaşı, tətbiq edilən kriteriyalar müsbətdir. Limitin ləğvinin stimullaşdırıcı tərəfləri var. Gələcəkdə inkişaf baxımından bir təkan ola bilər. Düşünürəm ki, yeni qərarlarda klublar və oyunçular üçün stimullar var. Bütün klublar 11 legioner oynatmaq məcburiyyətində deyil. İmkanı olanlar əcnəbilər gətirəcək. Lakin burda əsas məqam keyfiyyətdir. Digər klublar da yerli oyunçulardan istifadə etməklə bonus qazana bilər. Zamana ehtiyac var. Variantlar yoxlanılmalıdır. Düşünürəm ki, qərarlar inkişaf yolunda verilib, xeyirlisi olsun”.

Şahin Cəfərov