Allaş: “Araz-Naxçıvan”ı baş məşqçini tanıdığım üçün seçdim”

“Araz-Naxçıvan”ın qış transfer pəncərəsindən istifadə edərək Əyyub Allaşla anlaşdığını xəbər vermişdik.

Futbolpress.az xəbər verir ki, Mərakeş əsilli belçikalı futbolçu artıq məşqlərdə iştirak edir. O, keçidi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib:

“Elmar müəllimi “Qəbələ”dən tanıyıram. Necə məşqçi olduğunu yaxşı bilirəm. Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim. Baş məşqçi yazdı ki, razılıq olsa, yenidən məni komandasında görmək istəyir. Təklif gözlədiyim üçün menecerimlə bunu müzakirə etdik və yenidən Azərbaycana döndüyüm üçün xoşbəxtəm”.

27 yaşlı futbolçu Azərbaycan Premyer Liqasını izlədiyini bildirib:

“Azərbaycan çempionatını izləyirdim. Təklif gəldikdən sonra “Araz-Naxçıvan”ı bir qədər də incələdim. Komandanın turnir cədvəlindəki mövqeyi iddiasından xəbər verir. Yüksək yerlər uğrunda oynayan komandanın üzvü olmaq xoşdur”.

Allaş Naxçıvan klubuna kömək etmək üçün bura gəldiyini ifadə edib:

“Araz-Naxçıvan”ın uğur qazanmasına kömək etmək üçün buradayam. Mənim də hədəflərim hər zaman yuxarı yerlər uğrunda mübarizə aparmaqdır. Təbii ki, futbol proqnozları sevmir. Ona görə də indidən yayda vəziyyətin necə olacağını demək mümkün deyil. Ancaq çalışacağıq ki, yekun uğurlu alınsın”.

O, həmçinin bu keçiddə Elmar Baxşıyevin önəmli rolu olduğunu da gizlətməyib:

“Başqa klublardan da təklif var idi. “Araz-Naxçıvan”ı baş məşqçini tanıdığım üçün seçdim. Futbolçu üçün baş məşqçi amili çox vacibdir. Onun iş prinsiplərinə, tələblərinə bələdsənsə, deməli, getməyə dəyər”.

Təcrübəli oyunçu növbəti turda keçiriləcək “Kəpəz”lə görüşə hazır olduğunu söyləyib:

“Kəpəz”ə qarşı baş məşqçi şans verərsə, özümü oynamağa hazır sayıram. Formadayam. Düzdür, uyğunlaşmaq üçün qısa da olsa vaxt lazımdır. Ancaq əksər futbolçuları və baş məşqçini yaxından tanıdığıma və əvvəllər onlarla birgə oynadığıma görə, bu mərhələni tez keçirə bilərəm”.