Qurban Qurbanov: “Hər klubda eniş olur”

Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB (Rumıniya) matçından (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Evdəki son matçımız oldu. Həm sizə, həm də azarkeşlərə təşəkkür edirəm. Sona qədər bizimlə oldular. Məğlub olsaq belə… Oyuna gəldikdə, danışacaq çox fikrim yoxdur. Futbolun bəzən düşünmədiyim anları var ki, bu gün onlar reallaşdı. 3 korner və 3 qol… Rəqibi təbrik edirəm. Komandam çox əziyyət çəkdi. Amma son illərdəki ən uğursuz seriyamız oldu. Hansı ki, uduzmamalı olduğumuz oyunlarda uduzduq.

– Bu gün Fabian Buntiçi qapıda qoymağa peşman olduz?
– Niyə?

– Mateuş Koxalski bəs?
– Koxalski zədəli idi.

– Künc zərbələrindəki səhvlərə necə?
– Ümumən baxdım. Amma normal epizodlar idi.

– Rəqibi necə təsvir edərdiniz?
– Pozitiv, nəticəyə oynamağı bilən komandadır. “Ayaks” və “Lion”dan fərqlənir. Bu mövsüm ən uğurlu seriyalarını keçirirlər.

– Rəqib baş məşqçi qələbəni bəxtə bağladı. Siz necə düşünürsüz? İkinci sualım da müdafiə xəttiylə bağlıdır. Müdafiə xəttini gücləndirməyi düşünürsüz?
– Bəlkə də əvvəllər daha çox inanırdım bəxtə. Belə hallar məşqçiliyə yeni başladığım vaxtlarda olub. İndi isə daha çox işgüzar olmaq lazımdır. Əziyyət çəkdikdə, Allah bəhrəsini verir. Bəxtin əvəzinə uğur deyərdim. Rəqib, əsasən, müdafiəyəmeylli idi. Müdafiəyə gəlincə, deməzdim bərbadıq. Sadəcə standart vəziyyətlərdə zəifik.

– Avrokuboklarda mövsümü başa vurduz. Növbəti mövsümdə komandanı gücləndirmək fikriniz var? Juninyonun yoxluğu bu gün özünü göstərdi. Məsələn, Aleksey Kaşukun qaçırdığı epizodu dəyərləndirmək olardı…
– Avropa təcrübəsinə baxsaq, böyük klublar 3-4 illik heyəti formalaşdırır. Bizim iş prinsipimiz böyük klubları analiz etməkdir. Hər klubda eniş olur. Ümumən bəzən heyətdə Juninyo kimi futbolçu olanda da məğlub oluruq. Onun kimi hücumçu belə bəzi qol epizodlarını qaçırır. Bundan əvvəl də görmüşdük. Kaşukun epizdou asan deyildi. Önəmli olan onun özünü o topa çatdırması idi. Gücləndirməyə gəlincə, mütləq lazımdır. Sadəcə qış aylarında istənilən transferləri etmək çətindir. Qarşıdakı aylarda bunun üçün çalışacayıq.

– Avrokuboklardakı çıxışınız ölkə çempionatına təsir edə bilər?
– Ola bilər. Çünki futbolçularım çox üzgün idi. Hələ qarşıda “Olimpiakos”la oyunumuz var. Belə böyük klublara qarşı oynamaq futbolçular üçün təcrübədir. Nəticədən sonra futbolçularda üzgünlük olur. Ola bilsin ki, bu, qarşıdakı oyunlarda özünü göstərsin. Amma bunun təsirində qalmamaq üçün çalışacayıq.

– Rəqibdə hansı futbolçu sizi cəlb etdi?
– Kollektiv olaraq cəlb etdilər. Tək-tək ad çəkməyim doğru olmaz. Əsasən, hücum xəttində liderlik qabiliyyəti olan oyunçular var idi.

– Leandro Andradeni vinger olaraq oynatmaq yaxşıdır, yoxsa “playmaker” kimi?
– Sol ayaqlı olsaydı həmişə sağ cinahda oynadardım. Digər futbolçulardan seçilir. Başqa xüsusiyyətləri var. Məncə, lazım olduğu qədər biz ondan faydalanırıq.

– Avroliqanın formatının dəyişilməsi, “Qarabağ”a nə dərəcədə təsir etdi? Yəni uğursuz nəticələrdə bunun rolu böyükdür?
– Bir az geriyə qayıdacam. Ümumən bu mövsüm çox yaxşı hazırlığımız olmuşdu. Hətta yoldaşlıq oyunlarında belə daha yaxşı və daha güvənli idik. Bunu həm “Linkoln”, həm də “Ludoqorets”lə oyunda gördük. Qrup oyunlarında da pis deyildik. Sadəcə nəticə olmadı. Bu mövsüm hiss etdik ki, daha təcrübəli komanda olmuşuq. Adicə Zaqreb “Dinamo”suyla matçlarımıza baxsaq, görərik ki, daha çox qol epizodları yaratmışıq. Cəsarətli futbol oynayırıq. Ola bilsin ki, hansısa oyunlarda ustalıq səviyyəmiz çatmayıb. Amma belə rəqiblərə qarşı daha yaxşı mübarizə aparan tərəf olmuşuq. Formata gəldikdə, inşallah ki, növbəti mövsüm bu barədə daha ətraflı danışa bilərik. Sadəcə formatın üzərinə atmayaq ki, belə oldu uduzduq.

Mirkamal