FCSB ilə oyuna doğru: “Qarabağ” qələbə axtarışında

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB ilə qarşılaşacaq. Rumıniya təmsilçisi ilə görüşə saat 21:45-də start veriləcək.

“Qarabağ” sona iki tur qalmış 36 komanda arasında 33-cü sıradadır. Aktivində üç xal olan “atlılar” bu görüşdə məğlub olsa, sona bir tur qalmış turnirlə vidalaşacağı dəqiqləşəcək. FCSB isə daha yaxşı vəziyyətdədir. 11 xalla 10-cu sırada yer alan rumınların növbəti mərhələ şansları daha yüksəkdir.

Rumıniya klubu bu mövsüm Avropa Liqasında səfərdə keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzub. “Hoffenhaym”la qolsuz bərabərə qalan FCSB “Reyncers”ə böyükhesabla (0:4) uduzub, PAOK-a isə minimal hesabla qalib gəlib.

“Qarabağ” isə bu mövsüm Bakıda keçirdiyi hər Avroliqa matçında uduzub. “Atlılar” “Malmö”yə (1:2), “Ayaks”a (0:3) və “Lion”a (1:4) məğlub olub.

Şahin Cəfərov