Azər Bağırov: “Hər şeyə sədd qoymaq olmaz”

Azərbaycan Premyer Liqasının XIX turunda “Kəpəz” – “Turan Tovuz” (5:2) komandaları üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, nominal meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov oyun haqda fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.

– Öncəliklə 20 Yanvar hadisəsinə görə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xırda anlaşılmqzlığa görə tovuzlu azarkeşlərdən üzr istəyirəm. Oyun çətin keçdi. Futbolçuları oyuna yaxşı kökləmişdik. Son dəqiqəyə qədər mübarizə aparıb, istəklərimizi həyata keçirdilər.

– Növbəti turda “Səbail”lə derbi oyunu var. Bugünkü uğurun ardını gətirə biləcəksiz?

– İnşallah ki, çalışacağıq. Son oyunlara da baxsaq komanda ruh yüksəkliyi altında çıxış edir. Uşaqlar da səhvləri minimuma endirməyə çalışır.

– 5:2 hesablı qələbə sizin uğurdu, yoxsa yeni sponsorun gəlişinin?

– Bu, uşaqların uğurudur. Meydançada onlar mübarizə apardılar.

– Hansı mövqeyə oyunçular cəlb etmək istəyirsiz?

– Qış transferində kiminsə adını çəkmək doğru deyil. Hər şeyi zaman göstərəcək. Bəzi 100 faizlik transferlərimiz baş tutmadı.

– “Səbail”in qələbəsinin bugünkü qələbənizə təsiri oldu?

– Biz oyunumuza baxırıq. “Səbail”in oyunu barəsində heç nə danışmamışıq.

– Turan Manafovun hazırki durumunu bəyənirsiz?

– Bu il pis oynamır, amma yaxşı da oynayır deməzdim. Potensialı daha çoxdur. Bugünkü gündə sol ayaq futbolçular içərisində Azərbaycanda ən yaxşıdır.

– Son dəqiqələrdə futbolçularınız vaxtı öldürürdü. Sizin tapşırığınız var idi?

– Hər şeyə məşqçinin qarışmağı düzgün deyil. Buna pis baxıram deyə bilmərəm. Çünki dünya futbolunda belə hallar olur. Az güclə oyunu başa vurmaq istəyirdilər. Hər şeyə sədd qoymaq olmaz.

– Bir neçə futbolçunu göndərmək istəyib, göndərə bilmirsiz. Bu məsələ nə yerdədir?

– Klub rəhbərliyi tərəfindən danışılır. Rəhbərlik sağ olsun istəklərimizi icra edir.

Mirkamal Kazım