Cəlalın antirekordu

“Şamaxı”nın futbolçusu Cəlal Hüseynov 2025-ci ilin ilk avtoqolunun müəllifi olub.

Futbolpress.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının XIX turunun “Qarabağ”la səfər oyununda (2:3) öz qapısına qol vurub.

Bununla da Cəlal Azərbaycan çempionatlarının 33 illik tarixində yeni antirekord müəllifi olub. O, eyni komandanın heyətində eyni rəqiblə iki fərqli mövsümdə avtoqol edən ilk futbolçudur.

Hüseynov 2022/23 mövsümündə – 2022-ci il oktyabrın 30-da “Şamaxı” – “Qarabağ” görüşündə (0:4) də avtoqol edib.

O, eyni komandaların iki fərqli oyununda öz qapısına qol vuran ümumilikdə 3-cü futbolçudur. Amma digər iki oyunçu bu uğursuzluğu eyni mövsümdə yaşayıb. Jairo Rodriges “Neftçi”nin “Qarabağ”la 2016/17, Murad Xaçayev “Sumqayıt”ın “Sabah”la 2023/24 mövsümündəki iki görüşündə qapıları “səhv salıb”.