Amil Həmzəyev: “Mövsümün əvvəlində bizə inananlar az idi”

Azərbaycan Basketbol Liqasında mövsüm başa çatdı. “Sabah” finalda “Xəzri”ni 3:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə ölkə çempionu oldu.

“Xəzri”nin üzvü Amil Həmzəyev “FutbolPress”ə açıqlamasında finaldakı məğlubiyyət barədə danışdı:

“Final seriyasının ilk oyunu uğurlu keçdi, qalib gəldik. Rəqibin də müəyyən qədər itkiləri var idi. Bundan yaxşı faydalandıq. Lakin növbəti oyunlarda “Sabah” məsələyə daha ciddi yanaşdı. Bu da sonda çempion olmalarına səbəb oldu. Rəqibin heyətinin geniş olması imkan verirdi ki, matçın gedişini dəyişə bilsinlər. Bu baxımdan bizdə sıxıntılar var idi. Ehtiyat qüvvə bizə yetərincə kömək edə bilmədi”.

Həmzəyev komandanın bu mövsüm üçün çıxışını qənaətbəxş sayır:

“Komandamın çıxışını qənaətbəxş dəyərləndirirəm. Mövsümün əvvəlində bizə inananlar az idi. Lakin həm kubokda, həm də çempionatda final oynaya bildik. Bu da yaxşı kollektiv olmağımızın göstəricisidir. Düzdür, hər iki cəbhədə ikinci olduq, amma bu da təcrübədir. Bəzən edilən səhvlərdən nəticə çıxarıb, növbəti il daha yaxşı çıxış edə bilərsən”.

Müsahibim gələcək karyerası haqda qərar vermədiyini dedi:

“Hazırda gələcək karyeramla bağlı yekun qərar verməmişəm. “Xəzri”də qalmaq planım da var. Mövsüm yeni bitib. Milli komanda ilə təlim-məşq toplanışına qatılacağıq. 3X3 basketbol millisi ilə Avropa çempionatının seçmə mərhələsində iştirak edəcəyik. Yəqin ki, ordan döndündükdən sonra təklifləri dəyərləndirib qərar verəcəyəm”.

Məlik Məlikov