')

Bu gün:


FutbolPress.Az | Yağışlı Oslo və islanmış ümidlər  - 2 (QEYD)

Yağışlı Oslo və islanmış ümidlər  - 2 (QEYD)


oxunma sayı: 1389 Paylaş:

FutbolPressİlk yazıdakı  ümidsizlik notları bu gün də eyni tonda davam elədi. 

Oyundan sonra Rəşad Sadıqovun açıqlamasından bir hissə: "Günahkar axtarırıqsa, ən böyüyü mənəm".

Yox, Rəşad, günahkar axtarışı bu qədər uzun çəkmir. Proses çoxdan başlayıb və dediyin kimi, hələ Şimali İrlandiya ilə Bakıdakı məğlubiyyətdən sonra komandada düşüş gözlənirdi.

Norveçlə oyuna hazırlıq çox abırsız formada oldu. Prosineçki bugünlərdə tapıldı və hələ də ictimaiyyətçün buvaxtadək harda olduğu, niyə hazırlığın gec başlaması haqda kəlimə də kəsmir.

Sual veriləndə də fısss-pısss... elə bil, yalnız ütülü sualları cavablamaq istəyir.

Robinin fısıldamaları xeyli artıb. Dünən oyunqabağı konfransda "yalnız oyun haqda sualları cavablayacam" deməyindən sonra AFFA-nın mətbuat xidməti rəhbəri Mikayıl Nərimanoğlunun "yalnız oyun ətrafında suallar olsun" xahişinə əməl elədik. Çünki əlavə heç bir suala cavab verməyən Prosineçki ən yaxşı halda öfff-pöfff eləyirdi.

İçi hava ilə dolu olan şarın partlamaq, "Məni niyə saxladınız, gül kimi təklif almışdım "Bursaspor"dan! Sizi görmək istəmirəm!" deməyi gəlir və biz onun içindəki bu fəryadı çox yaxşı hiss edirik. Ancaq bu azmış kimi, Robi, üstəlik, acıq çıxır.

***               ***               ***

Yığmanın pis oynaması və məğlubiyyəti sosial şəbəkələrdə milli, AFFA, baş məşqçi ətrafında ən müxtəlif tənqid, tənbeh, nigaranlıq, narazılıq salnamələrinin yaranmasına səbəb olub. Prosesləri yaxından izləyən, səfərdə olan biri kimi deyə bilərəm ki, həqiqətən, Robinin getmək istəyinin alınmaması onu əməlli-başlı demotivə edib. Adam start heyətində belə acıq çıxmaq elementlərini ortaya qoydu.

Hələ yaxşı formasını bərpa eləməmiş Namiq Ələsgərovu, naxoşladığı üçün oynamayan Cavid Hüseynovu ilk "11-lik"ə buraxmaq və sonadək əvəzləməmək.. buna ciddi izah tapmaq müşküldü.

Cavid hələ ilk hissənin gedişində yoruldu, əldən düşdü, Namiq isə heç cür oyuna qoşula bilmədi. Ancaq Robi Qaranı çıxarıb, Rahidi saldı. Demək olar ki, buna da oyundəyişdirici dəyişiklik demək olmaz.

Norveçin baş məşqçisi Lars Laqerbek: "Qələbə qazandıq, ancaq deməzdim ki, Azərbaycan dirəniş göstərdi, biz də çətinliklə qalib gəldik. Biz rəqibi səhv eləməyə məcbur etmədik, onların sayəsində imkan qazanıb, qol vurduq. Görüləsi işlər çoxdur".

Bəli, Norveç Azərbaycanın səhvləri sayəsində qalib gəldi, öz təşəbbüsüylə rəqibi səhv eləməyə vadar eləmədi.

Ən pisi odur ki, Bədavi Hüseynov indiyədək heç bir oyunda həm penaltiyə səbəb, həm də qırmızı vərəqəyə bais olmamışdı ("Qırmızı"sı olub, ancaq eyni oyunda həm də penaltiyə səbəb olmaq yox). Üstəlik, güvən yeri - kapitan Rəşad Sadıqov da avtoqol... Adamın, "Ala, noolub axı sizə?!" deməyi gəlir.

***               ***               ***

Bu komandada ab-hava pis vəziyyətdədir və bunun əsas səbəbi Prosineçkinin özünü artıq Azərbaycan millisində hiss etməməsidi. Onun özünü belə hiss eləməsinə əsas səbəbkar isə AFFA rəhbərliyidi. 

Təkrarən qeyd eləməkdə bəlkə fayda olar. Millinin düşərgəsində iqlim elə də yaxşı deyil. Burda təbii olmayan cərəyanlar baş qaldırıb. Yaxşı olar ki, vəziyyət ciddi təhlil edilsin və problemlər aşkarlansın. Ki, aşkarlansa, onda hesabat soruşulası iki obyekt/subyekt var - AFFA və Prosineçki. Aralarındakı pozulmuş anlaşma telləri ətrafa ziyankarlıq saçmaqda davam edir...


Elçin Cəlilov
Oslo, Norveç


oxunma sayı: 1389 | Paylaş:




?>