Bu gün:


FutbolPress.Az | "Günahkar axtarırıqsa, birincisi mən özüməm" - Rəşad Sadıqov

"Günahkar axtarırıqsa, birincisi mən özüməm" - Rəşad Sadıqov


oxunma sayı: 383 Paylaş:

FutbolPressAzərbaycan millisi DÇ – 2018-in   seçmə mərhələsində Norveçə uduzub – 0:2. Matçdan sonra yığmanın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Təcrübəli müdafiəçi əvvəlcə matç barədə fikirlərini bildirib:

- Oyuna pis başlamadıq. Çox yaxşı oynamasaq da, rəqibə o qədər də imkan vermədik. Müdafiədə boşluq buraxmamağa çalışırdıq. Rəqib əsasən uzaqdan zərbələr endirə bilirdi. Fasilədən sonra daha açıq futbol göstərməyə çalışdıq. Bu tip rəqiblərlə belə oynadıqda isə boşluqlar qaçılmaz olur. Bizim də qol imkanlarımız oldu. Əgər yararlana bilsəydik, xalla qayıtmaq mümkün idi.

- Sanki “Qarabağ”ın futbolçularında yorğunluq var idi...
- Niyə ayırırsız ki “Qarabağ” futbolçularını?

- Belə deyək də, iki qolda da mərkəz müdafiəçilərinin səhvi oldu...
- Bizim əsas problemimiz odu ki, son nöqtəyə baxırıq. Məsələn, avtoqol oldu, hamı yapışır bir nəfərdən. Həmin top ora necə gəldi, vəziyyət necə yarandı, bu barədə danışan yoxdu. Hər şeyi daha detallı analiz etmək lazımdı. Təbii ki, rəqib sürətli hücumlarla bizi parça-parça edirsə, daş bizim – müdafəçilər və qapıçının başında çartlayacaq. Bu gün də müdafiə xətti hədəf oldu. Elə vəziyyət olur ki, həmlə eləməsən rəqib qol vuracaq, eləsən avtoqol olacaq. Qapı ilə 2 metr məsafədi, ani bir səhv qolla nəticələnir. Bir də ki, ümumiyyətlə, burda “Qarabağ”, “Neftçi”, “Qəbələ” futbolçuları ayırmaq lazım deyil.

- Biz ayırmırıq, sadəcə millinin əsasını Ağdam klubunun oyunçuları təşkil edir...
- “Qarabağ” futbolçuları bu gün sona qədər döyüşdülər. Ola bilər, hardasa texniki səhvlərə yol verdik, nəsə alınmadı. Əgər ayrı-ayrı oyunçulara nəzər yetirsək, son dəqiqəyə qədər hamı mübarizə apardı.

- “Qarabağ” yaxşı oynayanda tərifləyirik. Tənqidi də qəbul etmək lazımdı axı...
- Əgər sırf milli komanda tənqid olunsa qəbul etməyə hazıram. Ancaq “Qarabağ” ayrılırsa, bununla razılaşa bilmərəm. Nəsə səhv eləyirəmsə, bu forma altında eləmişəm. Onun tərəfdarı deyiləm ki, sabah desinlər, “Qarabağ”ın futbolçuları yaxşı oynadı, yaxud “Qarabağ” futbolçuları çoxluq təşkil elədi. Milli komandadı – yaxşı olanda da, pis olanda da. “Qarabağ”dan qabaq yığmanın futbolçularıyıq.

- Son illərdə Norveçlə 4-cü qarşılaşmanız idi. Əvvəlki oyunlarla müqayisədə bunu ən zəifi saymaq olarmı?
- Qol həmişə oyunun gedişinə təsir edir. Daha əvvəlki oyunlarda da Norveçə qarşı kompakt müdafiə olunmuşuq və boşluq verməməyə çalışmışıq. Sadəcə texniki səhvdən sonra hesabda geri düşdük və bundan sonra irəli atılmalı olduq. 10 il əvvəl olsaydı, birinci qoldan sonra yenə müdafiəçi buraxıb, həmin hesabı saxlayardıq, sonra da deyərdilər ki, bir topla uduzmaq yaxşı nəticədi. İndiki yığmada sevindirici hal odu ki, təslim olmuruq. Məşqçimiz daim irəli getməyi tələb edir. Belə olanda boşluqlar verməyimiz təbii haldı. Biz bu sürətə öyrəşməmişik. Milli çempionatda, hətta Çempionlar iqasında belə hücumçulara qarşı oynamamışıq. Rəqib güclü idi. İlk qol isə oyunumuzu tamamilə pozdu.

- “Qarabağ”ın yeni transferi Tarik Elyunussiyə qarşı oynadınız. Onunla bağlı ilkin təəssüratlarınız necədi?
- Düzü, indi “Qarabağ” haqda nəsə danışmaq istəmirəm. Transfer edilib, xeyrli olsun. Hazırda millinin düşərgəsindəyik. Bir az əvvəl xəbərim oldu. İndi mənim üçün o qədər də əhəmiyyətli deyil.

- Qırmızı vərəqə ilə cəzalandırılan Bədavi Hüseynov üç gün sonra San-Marino ilə oyunu buraxacaq. Bu, komandanın müdafiədəki oyununa nə dərəcədə təsir edəcək?
- Bir şeyi deyim... Əslində, bütün problemlərimiz Şimali İrlandiya ilə oyundan (0:1 – red.) başlayıb. Hətta həmin matçdan sonra hazırlıq keçəndə belə əvvəlki ruh yüksəkliyi yox idi. Şimali İrlandiyaya məğlubiyyət bizə böyük zərbə oldu. Əminəm ki, o matçda uduzmasaydıq, bu gün fərqli nəticə qeydə alınardı. Nə qədər özümüzü kökləməyə çalışsaq da, bunun böyük təsiri var. Seçmə mərhələnin əvvəlində özümüzü son tura qədər DÇ-yə vəsiqə qazanmağa kökləmişdik. Həmin məğlubiyyət bizə baha başa gəldi. Bu gün onun da təsiri var idi.
O ki qaldı Bədaviyə, heyətimiz genişdi. Digər futbolçularımızdan biri onu əvəzləyəcək. Çalışacağıq, Bakıda San-Marinonu məğlub edək. Bilirik ki, qalib gəlsək, rekord xal olacaq. Seçmə mərhələyə başlayanda başqa şeylər düşünürdük, ancaq istənilən halda sona qədər mübarizə aparmalıyıq. Bəlkə qrupda 3-cü olarıq, reytinqimiz qalxar, gələn püşkatmada daha zəif rəqiblərlə düşərik...

- Uzun müddətdi baş məşqçi Robert Prosineçkinin komandadan gedəcəyi deyilir. Bunun ab-havaya təsiri nə qədər olur?
- Futbolda belə şeylər olur. Məşqçiyə də, futbolçuya da təkliflər gəlir. Ancqa fakt budu ki, hazırda o, komandanın başındadı. Gələcəkdə necə olacağını indidən demək olmaz.  İnanmıram ki, bunun futbolçulara bir təsiri olsun.

- Yəni həminki Prosineçkidi... Dəyişiklik yoxdu ki?
- Xeyr. Heç bir dəyişiklik yoxdu. Elə həmin Prosineçkidi. Özünüz də gördüz, fasilədəki tapşırıqlarından sonra ikinci hissədə irəli atıldıq. Bizdən qələbə istəyir. Məğlub olanda da oynayıb uduzmağımızı gözləyir. Sadəcə olaraq, biz futbolçuların səviyyəsi budu. Əgər Şimali İrlandiyaya məğlubiyyətdən danışırıqsa, ən çox özümü günahkar görürəm. Son dəqiqədə cərimə meydançasından topu uzaqlaşdıra bilmədim. Bəlkə də buna görə ömrümün sonuna qədər özümü günahkar sayacam. Hamıdan çox mən istəyirdim ki, son tura qədər qrupdan çıxmaq şansımız olsun. Həmin oyunda səhv eləyərək, şanslarımızın üstündən xətt çəkdim. Əgər günahkar axtarırıqsa, birincisi mən özüməm.

"FutbolPress"



oxunma sayı: 383 | Paylaş: