')

Bu gün:


FutbolPress.Az | “Əbədi şəhər”in əbədi təəssüratı (YAZI)

“Əbədi şəhər”in əbədi təəssüratı (YAZI)


oxunma sayı: 1109 Paylaş:

FutbolPressRomanı tanıyırdım. Aşiqi olduğum ölkənin mərkəzinin əksər küçələrini virtual olaraq gəzmişdim, görməli, tarixi yerlərin çoxuna bələd idim. Təəccüblənəcəyimə inanmırdım, ancaq hər şeyi ilə möhtəşəmlik mücəssəməsinə rast gələcəyimi bilirdim.

***          ***          ***

“Qarabağ”ın jurnalistlər üçün seçdiyi otelin yeri ideala yaxındı. Ordan şəhərin ən diqqətçəkən yerlərinə 40-45 dəqiqəyə rahat getmək olur. İlk günün axşamı fürsətdən istifadə edib, Romadakı tanış azərbaycanlı tələbələrlə görüşmək, bir qədər gəzişmək qərarına gəlirəm. Əlaqə saxladığım yoldaşın dediyi vaxtdan xeyli gec gəlməsindən aydın olur ki, axşam vaxtı şəhərdə nəqliyyatın xidmət səviyyəsi çox da yüksək deyil.

Keçmiş “Neftçimania”nın üzvü olan dostum boynunda “Neftçi”nin şərfi ilə gəlir. Hələlik “Qarabağ”la bağlı bir şey görməsək də, bu mənzərə olduqca xoş olur. Üç azərbaycanlı tələbə bizə italyanlardan, Romadan, görməli yerlərdən danışırlar.

Yoldaşlarımız deyirlər ki, buranın da küçələrində Bakıdakı kimi alışqan istəyənlərlə tez-tez qarşılaşa bilərsiz. Maraqlı informasiyanı beynimizə tam hopdurmamış bir italyan yaxınlaşır:

- Ce l'hai un accendino?

Yəni ki, yandıranın var, qaqaş? İdeal zamanlama hər birimizdə gülüş doğurur.

Tələbə dostlarımızın şəhərə bir qədər də laqeyd münasibəti fonunda İspaniya Pilləkanı, Trevi Fontanından Kolizeyə qədər hər yerin gecə görüntüsünü acgözlüklə beynimizə həkk etməyə çalışırıq.



İlk saatlardan hiss edirəm ki, “ədəbi şəhər”dən əbədi təəssüratla qayıdacam.

***         ***          ***

İkinci gün Romanı gündüz gözü ilə görürük. Dünyanın ən təmiz şəhəri deyil. Varlıdı. Bahalıdı. Heç də hər kəs sərt qaydalara riayət etmək məcburiyyətində deyil. Sərbəstdilər. Romada saxlanıb cərimələnənə qədər avtobusdan pulsuz istifadə edə bilərsiz.

Bahalı şəhər ekonom maşınları ilə diqqət çəkir. Nadir hallarda hansısa bahalı avtomibillə rastlaşmaq olar. Hər tərəfdə “Fiat”, “Opel”, “Volksvagen”, bəzən “Audi”lər gözə dəyir. Motosiklet isə küçələrin əvəzedilməzidi.



Bir də turistlər. Aydın məsələdi ki, Romanın əsas gəlir mənbəyi məhz onlardı. O qədər gəlmə var ki, arada italyanlar itib-batıb sanki. Ancaq onları tanımaq çətin deyil. Geyimləriylə dərhal nəzərə çarpan, ünsiyyətə açıq, danışmağı sevən, köməklərini əsirgəməyən italyanlar açıq havada əyləşməkdən də zövq alırlar. Restoranların əksəriyyətinin açıq hava masaları dekabrda – 2-3 dərəcəlik istiliyin olması fonunda belə boş qalmır.

Terror təhlükəsinə görə şəhərin əksər yerlərində yüngül hərbi texnika və əsgərlər iş başındadı. Öyrənirik ki, bu, daha çox görüntü xarakterlidi. Terrakt törətmək istəyən onsuz da bunu edə biləcəkmiş...



Roma şüşəli, dəbdəbəli şəhər təsiri bağışlamır. Bura hər şeyiylə tarix qoxur. Mərkəzi hissədə hündürmərtəbəli binalar da yoxdu.

İkinci günün daha çox diqqətçəkən məqamı Kolizey gəzintisi olur. Romanın əsas simvolu sayılan bu əzəmətli tarixi abidə və foruma giriş 14 avrodu. Ancaq jurnalistlər üçün burda açıq qapıdı. Peşəkar Futbol Liqasının ölkədaxili yarışlar üçün vəsiqəsi, “Qarabağ”ın oyunlarına olan fotolu akkreditasiyalar, hətta şəkilli vəsiqələrin şəkilləriylə də bilet əldə etmək mümkündü. Jurnalist yoldaşlardan yalnız biri istənilən məbləği ödəməli olur. Sözsüz ki, dəyərdi...



Romada futbol şəhəri ab-havası yoxdu. Yerli komandanın Çempionlar Liqasında vacib oyuna çıxacağı ümumiyyətlə hiss edilmir. İnsanlar daha çox A Seriyasını düşünənə oxşayır. Yenə ənənəvi “Roma” – “Latsio” söhbətləri...

“Latsio” azarkeşi ondan “Roma”nın Çempionlar Liqası oyunu barədə soruşmağımdan xoşhal olmadı. Ancaq mən bir az da dərinə gedib, əzəli rəqibin qitənin ən nüfuzlu klub turnirində qalib olma potensialı və bu baş verəcəyi halda nələr hiss edəcəyi barədə maraqlandım. Bu dəfə gülümsəyərək dedi:

- “Roma”nın ÇL qalibi olması üçün əvvəlcə “Latsio” həmin adı qazanmalıdı.

Veriləcək ən yaxşı cavab idi. Kalço həvəskarları bu komandaların son çempionluğu hansı ardıcıllıqla qazandıqlarını bilirlər – “Roma” sanki “Latsio”nun acığına A Seriyasının qalibi olmuşdu.

Cavabının davamı kimi mənə yaxın keçmişi xatırlatdı.

***           ***            ***

Əslində, oyun günü də “Qarabağ”la matç müzakirə edilmirdi. İnsanlar bu qarşılaşmaya laqeyd yanaşırdılar.

Şəhər daxilində ölkədə - Vatikanda Roma Papasını salamlayıb, “Qarabağ” və “Roma”nın U-19 komandalarının oyununa gedirik. “Tre Fontan” stadionuna çatanda aydın olur ki, burda işləmək mümkün olmayacaq.

Bizdə ilk olaraq belə təəssürat yarandı ki, bu stadionda medianın işləməsi, ümumiyyətlə, nəzərdə tutulmayıb. “Tre Fontan” yəqin ki, tarixində ilk dəfə bu qədər jurnalist görürdü. Betonun üzərində əyləşən bir qrup yerli də yalnız süstlüklə “yadda qaldı”.



Meydanda isə sözün əsl mənasında iki fərqli hissə baş tutdu. “Qarabağ” ilk hissədə rəqibindən aşkar geri qalırsa, fasilədə Rəşad Sadıqovun tapşırıqları matçın gedişini xeyli dəyişdirir. “Qarabağ”ın gəncləri ardıcıl hücumlar qursa da, buraxılan 2 qolun əvəzini çıxmaq mümkün olmur. Sonrakı dəqiqələrdə daha həlledici olan italyanıar yekunda 3:0 qalib gəlirlər.

Qırmızı vərəqə səbəbiylə axşamkı oyunu buraxmalı olan Rəşad Sadıqov matçdan sonra bütün problemlərdən danışır...

***            ***              ***

Nəhayət, gəlişimizin əsas səbəbi “Roma” – “Qarabağ” oyunu üçün “Stadio Olimpiko”ya yola düşürük.

Sürücü xanım yolboyu bütün məharətini göstərir. Bizi aparan avtobusun önündə gedən polis maşını sürətlə yolu boşaltmağa çalışır. Sürücümüz də dakar rallisivari hərəkətlərlə bizi mənzil başına maksimum tez çatdırmaq istəyirdi. Avtobusun yırğalanması bəzən etirazlara səbəb olsa da, ümumən zarafat, gülüşlə qarşılanır.

Hadisələri qabaqlayaraq, bir şeyi də qeyd edim ki, matçdan sonra bizi hava limanına aparan həmin sürücü xanım yenə eyni üsluba sadiq qaldı. Polis maşını, nəqliyyatın sıxlığı ən əhəmiyyətli deyilmiş, məsələ stilistikaymış...

“Stadio Olimpiko”nun media tribunasının girişində orkestrin canlı musiqisi ilə qarşılaşırıq. Azərbaycanlı jurnalistlərin xahişini yerə salmayan musiqiçilər bizimçün Çempionlar Liqasının himnini ifa edirlər.



***              ***             ***

Heç yarısı dolmayan “Stadio Olimpiko”da “Curva Sud” əla ab-hava yaradıb. Ancaq “Qarabağ” bu cür təzyiqin qarşısında ilk 45 dəqiqəni yaxşı nəticə ilə başa vurdu. Heyətdəki problemlərə baxmayaraq, Ağdam klubu mütləq qələbə istəyində olan rəqibinə qarşı əla mübarizə apardı. Xüsusilə, qapıçı İbrahim Şehiç və arxa xətt oyunçuları rəqibə özü istəyinə çatmağa imkan vermədi.

Fasilədən sonra isə İtaliya klubu istəyinə çatdı. Ardıcıl ofsayd şübhələrinə baxmayaraq, Perottinin qolu “Roma”nı qrup lideri kimi 1/8 finala yüksəltdi.

“Qarabağ” ilk dəfə iştirak etdiyi Çempionlar Liqasının qrup mərhələsiylə erkən vidalaşdı. Rəqiblər bəlli olanda bir sıra antirekordların təkrarlana biləcəyi fikirləri səslənsə də, Qurban Qurbanovun komandası layiqli mübarizə apardı. Yalnız “Çelsi” ilə ilk matç istisna olmaqla komandamız bütün görüşlərdə rəqiblərinə çətin anlar yaşatmağı bacardı. Bunun son akkordu isə gələcək qrup lideri “Roma”nın “Qarabağ”la öz ev oyununda 90 dəqiqə rahatlıq tapa bilməməsiylə vuruldu.



“Roma”nın təkcə bu matçın bilet satışından 1 milyon yarım qazandığını öyrəndikdən sonra “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin büdcənin azlığından danışması, yalnız bir sponsordan asılılığın çətinliyini bildirməsi və artıq daha çox yerli gənclərə güvənmək istədiklərini deməsi bu komandanın belə bir xəyalı məhdud imkanlarla reallaşdırdığına inanmağın necə çətin olduğunu yenidən xatırladım. Hətta "Stadio Olimpiko"dakı ÇL oyununu gördükdən sonra da tam dərk etmək mümkün deyildi.

İnanılmazdı, amma oldu...

Faiq Tahirov, Roma


oxunma sayı: 1109 | Paylaş:




?>