')

Bu gün:


FutbolPress.Az | Roma "Roma"lılarındı?  (I YAZI)

Roma "Roma"lılarındı?  (I YAZI)


oxunma sayı: 822 Paylaş:

FutbolPress“Qarabağ”la oyun Romada o qədər də böyük hadisə deyil. Halbuki bu qarşılaşma “Roma”nın ÇL-də yoluna davam edə bilməsi üçün olduqca vacib xarakterlidi.

Hətta bu gün - belə həyati əhəmiyyətli matçın keçiriləcəyi tarixdə də ön planda “Roma” – “Latsio” qarşıdurmasıdı. Azarkeşlər bu gərgin rəqabəti müzakirə etməkdə daha həvəslidilər, nəninki sevimli komandalarının Çempionlar Liqası perspektivlərini.

- “Qarabağ”la gəlmisiz? Hə, biz bilirik. Sabah olacaq oyun. Amma getməyəcəyik.

Daha çox “Roma”lıların olduğu şəhərin mərkəzi hissəsində bugünkü matçla bağlı soruşduqda oxşar cavabları alıram. Qeyri-adi deyil ki, yerli mətbuat “Stadio Olimpiko”da xeyli boş yerlərin olacağını yazır. Hətta Roma küçələrində səyyar bilet satışı təşkil edilsə də, komandanın baş məşqçisi Eusebio Di Françesko fanatları stadiona çağırsa da, dəyişən ciddi bir şey yoxdu.

- Biz futbolun beşiklərindən olan İtaliyanın mərkəzində böyük futbol ab-havası gözləyirdik...
- Bunun üçün daha yaxşı olardı ki, 2 həftə əvvəl gələrdiz.

2 həftə əvvəl isə paytaxtda əzəli rəqiblərin növbəti dueli gerçəkləşib. A Seriyasında bir-birini qarabaqara izləyən “düşmənlər”in duelində “xalqın komandası” qələbə qazanıb.

Roma “Roma”lıların şəhəridi. Öyrənirəm ki, “Latsio” azarkeşləri əsasən şəhərin kənar hissələrindəkilərdi. Mərkəz və yaxın ərazilərdə demək olar ki, tamamilə “canavarlar” qərarlaşıb. “Roma” şəhərdə daha populyar və azarkeş kütləsi artıq sayılır.

Hər iki klubun olduqca radikal fanat qrupu mövcuddu. Ancaq bu klassik sol – sağ qarşıdurması çərçivəsində deyil. Ölkədə son illər artan millətçilik meylləri “Roma” azarkeşlərinin də getdikcə sağa meyllənməsinə təsir edib. “Latsio”luların nasionalizmi haqda əlavə danışığa isə yəqin ki, ehtiyac yoxdu.

“Roma” tərəfdarları hamısı radikal sayılmır. Hətta biri ilə söhbətimdə belə deyir: “Mən “Roma”lıyam. Amma xarici klublara qarşı matçlarında “Latsio”nun qələbəsini istəyirəm”. 

Ünsiyyətdə olmağa imkan tapdığım bir “Latsio”lu isə bugünkü matçda “Qarabağ”a azarkeşlik edəcək. O, görüşün heç-heçə bitəcəyini gözləyir və “Roma”nın məğlub olmasını arzulayır. Hətta heç-heçə variantına “stavka” etməyi də düşünür...

“Əbədi şəhər”in mərkəzi hissəsində “Latsio”ya aid bir şey almaq istəsəz, ən yaxşı halda şərfini tapa bilərsiz. Nə qədər axtarsam da, bu klubun geyimlərinə rast gəlmədim. “Roma”da isə əksinə, hər tərəfdə atributlarını, Totti, De Rossi formalarını görə bilərsiz. Original və rəsmi olmayan bu əşyalar o qədər də baha deyil. Digər şəhərlərin klublarına aid eyni keyfiyyətdə formalar üçün isə daha çox xərcə düşmək lazımdı.

Ümumiyyətlə, Romanın əbədi “düşmənləri” uzun illər Milan klubları və “Yuventus”la ciddi rəqabətdə olublar. Bu şəhərdə ən sevilməyən isə “qoca sinyora” sayılır. Turinin həddən artıq varlı olması, “Yuventus”un ölkə daxilində hegemon imici romalılarda bu kluba qarşı, bir qədər sərt səslənsə də, nifrət yaradıb.

“Qarabağ”a qarşı isə yalnız xoş münasibət gördüm. Yəqin ona görə ki, debütant yerli azarkeşlərin sevimli komandasını qrupda saxlayacaq gücdə görünmür. “Atletiko” ilə matçlarla diqqət çəkən təmsilçimizi 1/8 finala bilet kimi görürlər. Əslində, “Roma” üçün belə əlverişli vəziyyətin yaranmasında əsas səbəbkar da elə məhz həmin “Atletiko”nu iki matçda büdrədən “Qarabağ”dı. Qurbanovun komandası niyə də bu dəfə “Roma”ya badalaq gəlib, ÇL tarixinin ən böyük sensasiyalardınan birini reallaşdırmasın və qrupda ikinci vəsiqənin taleyinin həm də özündən asılı olduğunu göstərməsin. Bu, romalıların marağını cəlb etməyən oyunu gecənin ən diqqətçəkəni də edə bilər.

Faiq Tahirov,   Roma



oxunma sayı: 822 | Paylaş:




?>