Ziyanı faydasından çox islahatlar

FutbolPressTopaz Premyer Liqasında qış fasiləsindən sonra 3 tur geridə qalıb. Artıq komandaların çıxışı ilə bağlı müəyyən fikirlər yürütmək olar. İlk 3 tur ərzində əsas diqqətçəkən məqam “transfer pəncərəsi” zamanı fəal olanların o qədər də uğurlu nəticələr qazanmamasıdı. Başqa sözlə, görünən odu ki, islahatlar uğursuz alınıb. Ayrı-ayrı komandaların çıxışına nəzər yetirdikdə bu mənzərə daha qabarıq şəkildə nəzərə çarpır.

Fasilədən sonra ən yaxşı nəticə göstərən komandalar “Qarabağ” və “Sumqayıt”dı. Növbəti turda bir-birinə rəqib olacaq kollektivlər 3 matçda 7 xal toplayıb. “Sumqayıt”, həm də ən məhsuldar komandadı. Samir Abasovun yetirmələri 5 qola imza atıb. “Qarabağ”da isə məhsuldarlıq baxımından problemlər görünür. Dino Ndlovunun gedişindən sonra qol vurmaqda çətinlik çəkən Ağdam klubu cəmi 2 dəfə fərqlənib. Bu isə yalnız autsayder “Kəpəz”dən yaxşı nəticədi.

Ümumilikdə bu komandaların heç birinin qışda ciddi zəiflədiyini demək olmaz. Heyətdə böyük dəyişikliklər etməyən kollektivlər mövsümün ilk yarısındakı səviyyəni qoruyub, hətta “Sumqayıt” daha güclü görünür. Üstəlik, bu, heyətdə köklü dəyişikliklər olmadan baş tutub. “Qarabağ”da bir neçə futbolçu gedibsə, “Sumqayıt”a cəlb olunan oyunçular da əsasən ehtiyat skamyadadı. İndiki vəziyyət Ağdam klubuna çempion olmağa, “Gənclik şəhəri” təmsilçisinə isə 4-cu pillədəki mövqeyini qorumağa imkan verəcək.

Fasilədə heyətində çoxlu dəyişiklik edib, oyununda və nəticələrində artım müşahidə olunan yeganə komanda “Səbail”di. Paytaxt təmsilçisi 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətə imza atıb. Samir Əliyevin komandası yalnız çempionatın lideri “Qarabağ”a uduzub. O da minimal hesabla. Komandanın keçən tur “Qəbələ”ni məğlub etməsi isə kifayət qədər ciddi rəqib olduğunu göstərir. Qışda heyətini yeniləyən “Səbail”də keyfiyyət fərqi aşkar hiss olunur. Əsasən oynamaq imkanı qazanmayan futbolçuları yolan salan Samir Əliyev yeni cəlb olunanlarla döyüşkən komanda formalaşdıra bilib. Xüsusilə Yevgeni Koçuk, Fəhmin Muradbəyli kimi futbolçuların çıxışı diqqət çəkir. Komandanın fasilədən sonrakı 3 qolundan 2-nə məhz Muradbəyli imza atıb. Qışda “Səbail”də baş verən dəyişikliklərin komandaya müsbət təsir etdiyini indidən demək olar. Güman ki, komandanın oyunu getdikcə daha da inkişaf edəcək.

“Transfer pəncərəsi” zamanı lazımsız oyunçulardan xilas olan “Qəbələ” isə stabil deyil. “Qarabağ”la XV tur oyunundan sonra Roman Qriqorçukun komandasının gözləniləndən aşağı çıxış etdiyi ilə bağlı fikirlər səsləndirilmişdi. Ardınca “qırmızı-qaralar” çətinliklə də olsa, ikinci yerə iddialı “Zirə”yə qalib gəldilər. Ötən tur “Səbail”ə məğlubiyyət isə gözlənilməz oldu. “Qəbələ” fasilədən sonra heç cür sabitlik tapa bilmir. Heyət əvvəlki olsa da, həm oyun baxımından, həm də nəticələrdə geriləmə özünü göstərir. Böyük ümidlərlə transfer edilən Təmkin Xəlilzadə də istənilən keyfiyyəti ortaya qoya bilmir. Bunu hələ onun yeni komandasına tam uyğunlaşmaması ilə də izah etmək olar, ancaq “Zirə”dəki Təmkin olmadığı dəqiqdi.

3 oyuna 4 xal toplayanlardan biri də “Neftçi”di. Bakı klubu “Keəpəz”ə qalib gəlib, “Zirə” ilə heç-heçə edibsə, 4-cü yer uğrunda əsas rəqibi “Sumqayıt”a uduzub. “Ağ-qaralar” da qışı heyətdəki ciddi islahatlarla keçiriblər. Komandanı xeyli sayda oyunçu tərk etdi, yerlərinə isə bir o qədəri gətirildi. Hələlik yeni transferlərin uğurlu/uğursuz çıxışından danışmaq üçün tezdi bəlkə də, ancaq indiyəqədərki oyunları əvvəlkilərdən çox da fərqlənmədiklərini deməyə əsas verir. Hücuma cəlb olunan Lukas Qomes nə Barqasdan, nə də Seqoviyadan üstün oyun göstərir. Əvəzində komandadan gedən gənc hücumçu Fəhmin Muradbəyli “Səbail”də şans qazanır və ümidləri doğruldur. Kampası hələlik tam olaraq iş başında görməmişik, yalnız Fransisko Qarsiya nəsə etməyə çalışır. Bu da hələ ən yaxşı səviyyədə alınmır.

Mövsümün ikinci hissəsinə yeni baş məşqçi və tamamilə fərqli heyətlə başlayan “Keşlə”də də vəziyyət oxşardı. Hələlik iddialılardan yalnız “Sumqayıt”la qarşılaşan Bakı klubu həmin matçda da uğursuzluğa düçar olub. Autsayder “Kəpəz”lə oyunda qazanılan qələbəni isə göstərici saymaq olmaz. Üstəlik, komandanın yeni transferlərinin keyfiyyət(sizlik)ləri narahatlığa əsas verib. Yuri Maksimov Nemenya Stoyanoviç və Pablo Podionu hələ heç meydana buraxmayıb. Ebrima Sohna, Andre Klennon, Herve Tçami, Vaqif Cavadov kimi meydanda olan futbolçular isə komandaya güc qatmayıb. “Keşlə”nin göstərdiyi oyun da gələcəyə ümidlə baxmağa imkan vermir. Güman ki, ciddi rəqiblərlə matçlarda “Keşlə”nin xal qazanması da müşkülə çevriləcək.

Fasilədən sonra gözlənilməz şəkildə uğursuz çıxış edən komanda “Zirə”di. Mövsümün ilk yarısında həm oyunu, həm nəticələri ilə göz oxşayan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv özünə bənzəmir. Təsadüfi deyil ki, qəsəbə təmsilçisi cəmi iki xal yığa bilib. Əsas rəqibi “Qəbələ”yə uduzan “Zirə”, “Sumqayıt” və “Neftçi” ilə heç-heçə edib. Hələlik daha zəif rəqiblərlə üzləşməyən komandanın getdikcə nəticələrini yaxşılaşdıracağını ehtimal etmək olar. Ancaq buna qədər üzləşdiyi komandalarla matçlarda cəmi iki xalın toplanması qışda baş verən dəyişikliklərin “Zirə”nin əleyhinə işlədiyini iddia etməyə əsas verir. Burda birmənalı olaraq səbəb kimi yeni transferlərin keyfiyyətsizliyini demək də düzgün olmaz, ancaq görünür, onlar hələ sistemə tam uyğunlaşmayıblar. Üstəlik zədə və cəzaların çoxluğu da “Zirə”yə istədiyini etməyə imkan vermir.

Autsayder “Kəpəz”isə fasilədən sonrakı 3 turun da ən zəifidi. Gəncəlilər bu müdət ərzində nə xal toplayıb, nə də qol vurub. “Neftçi” və “Qarabağ”a səfər məğlubiyyətləri bəlkə də başadüşüləndisə, ev oyununda “Keşlə”yə yenilgi komandada işlərin düzəlmədiyini demək üçün ciddi əsasdı. Komandanın hər 3 matçda eyni – 0:1 hesabı ilə uduzması da, komandanın bir qədər bəxtsizliyini göstərir. Qış transferlərinin çıxışına gəlincə, hücumçu Şadon Vinçester meydandakı oyunu yox, məşqdə komanda yoldaşı ilə dalaşması, Dieqo Souza artıq çəkisi ilə diqqət çəkir. Yalnız qapıçı Sergey Litovçenko və Giuli Manjqaladze komandanı gücləndirənə oxşayır.

“FutbolPress”

Məqalə AFFA yanında Media Komitəsinin müsabiqəsi çərçivəsində hazırlanıb