“Zirzəmi”yə doğru

“Sumqayıt”ın Premyer Liqadakı qolsuz oyunlar 8-ə çatıb. “Kimyaçılar” qol vurmamaqla yanaşı, qələbə də qazana bilmir. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv 2025-ci ildə hələ üç xalla tanış olmayıb.

Komanda son olaraq “Neftçi”yə uduzub. Son dəqiqədə rəqibin penaltidən vurulan qoluna məyus olan “Sumqayıt” üçün artıq təhlükəli dönəm başlayır. Komanda uzun müddətdir, nə qol vurur, nə qələbə qazanır. Autsayderlərə yaxınlaşan “kimyaçılar” məzmunsuz oyunu ilə də diqqət çəkir.

“Neftçi” ilə matçın ilk hissəsində daha aktiv tərəf görünən “gənclik şəhəri” təmsilçisi qol epizodu da yaratsa da, alınmadı. Komandada hazırda əsas problem hücum xəttindədir. Mövsümün birinci dövrəsində yarımmüdafiəçi Cordan Rezabala irəlidəki aktivliyi hesabına bəzən özü qol vurur, bəzən komanda yoldaşlarının fərqlənməsinə şərait yaradırdı. Lakin onun gedişindən sonra hücumda yaradıcılıq çatmır və məntiqi olaraq qolsuzluq seriyası yaxalanıb. Vaqif Cavadov görüşdən sonra mətbuat konfransında nəticədə özlərini yox, hakimləri günahkar saydı. “Neftçi”nin mübahisəli penalti epizoduna toxunan mütəxəssis qol vura bilməyən komandasından da razılığını bildirib.

Baş məşqçi kimi Premyer Liqada ilk təcrübəsini yaşayan Cavadov üçün günlər qısalır. Uğursuz gedişat komandanı I Liqaya yuvarlaya bilər. Autsayder “Səbail”lə xal fərqi 5-ə enib. Sonuncu pillələrdəki komandalara nəzərə salanda indiki məqamda ən uğursuz oyun da məhz “Sumqayıt”ın ifasındadır. Cavadov problemlərə həll yolu tapmalı, komandanı toparlamalıdır. Əks halda, “zirzəmi”yə yuvarlanmaq qaçılmaz olacaq.

Şahin Cəfərov