Zirvədən “zirzəmiyə” – “Qəbələ”nin tarixi üçün rekviyem

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümü sona yaxınlaşır. Artıq çempionun da, çempionatı tərk edəcək klubun da adına aydınlıq gəlib. Çempiondan çox elitanı tərk edən “Qəbələ”dən danışıldı. Belə ki, uzun illər Premyer Liqada yerini qoruyub saxlamağı bacaran “qırmızı-qaralar” növbəti mövsümdən I Liqada çıxış edəcək. Enişli-yoxuşlu tarix yaşayan klubun keçdiyi yola nəzər salaq.

3 dəfə adı dəyişdirilən klub

“Qəbələ” Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy-Göl” olub. 2005-ci ilədək Xanlar rayonunu (indiki Göygöl) təmsil edib. 2005-ci il mayın 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. Yeni ad kluba düşərli olub. Elə həmin mövsümdə birinci dəstənin qalibi olaraq Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb.
2006-cı ilin avqustunda Premyer Liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən eyniadlı şəhəri təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” PFK adına dəyişdirilib.

Premyer Liqa “qızıl”ına həsrət çempion

“Qəbələ”nin yüksəliş dövrü 2013-cü ilə təsadüf edir. Turistik bölgənin təmsilçisi 2013-2014, 2014-2015, 2015-2016 mövsümlərində Premyer Liqada bürünc, sonrakı iki ildə isə (2016-2017, 2017-2018) gümüş medalları qazanıb. Həmçinin 2018/19-cu illər mövsümündə Azərbaycan Kubokunun final matçında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə kuboka sahib çıxıb. Vidaçılar ikinci dəfə kubok sevincini ötən il yaşayıb. Böhranlı günlərə rəğmən finaladək irəliləyən Elmar Baxşiyevin yetirmələri həlledici oyunda “Neftçi”nin məğlub etməyi bacarmışdı. Ölkə çempionluğu nəsib olmasa da, kubok yarışında özünü yaxşı göstərməyi bacaran bu komanda 3 dəfə də kubokun finalına yüksəlməyə bacarmış, ikisində kuboka sahiblənmiş, biri də “Qarabağ”a məğlub olmuşdu.

Avropa futbolu tarixində ilki bacaran komanda – “Qəbələ”

“Qəbələ”nin Avropa macərası da olduqca uğurlu alınıb. 2014-cü ildə Avropa Liqasında debüt edən komanda 2015/2016 mövsümündə Azərbaycan futbolu tarixində ilki yaşayıb – 4 mərhələ adlayaraq Avropa Liqasının qrup mərhələsində oynayan yeganə Azərbaycan klubu olub. Təmsilçimiz qrup yolunda “Dinamo” (Tbilisi, Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr), “Panatinaikos” (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubumuzun qrupda “Borussiya” (Dormund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya) qarşılaşmasına imkan yaradıb. “Qırmızı-qaralar” 2016-2017-ci illər mövsümündə də eyni uğuru təkrarlayıb. Bu dəfə “Samtredia” (Gürcüstan), MTK (Macarıstan), “Lill” (Fransa) və “Maribor”u (Sloveniya) mübarizədən kənarlaşdıran Roman Qriqorçukun “drujinası” yarışın tarixinə ardıcıl iki dəfə 4 tur adlayan ilk klubumuz kimi düşüb. “Qəbələ” bu dəfə qrupda “Anderlext” (Belçika), “Maynts” (Almaniya) və “Sent-Etyen”lə (Fransa) qarşılaşıb. 2017-ci ilin yayında isə “Qəbələ” bu turnirdə III təsnifat mərhələsinədək irəliləyib. Sonrakı illərdə “qırmızı-qaralar” daha iki dəfə UEFA Avropa Liqasının (2018/19, 2019/20) və bir dəfə UEFA Konfrans Liqasında (2022/23) iştirakçı olub, amma qrup mərhələsinə vəsiqə qazana bilməyib.

“Qəbələ”nin yetirmələrindən olan Urfan Abbasov həmin anları belə xatırlayır:

“Həmin illəri xatırladıqda deyə bilərəm ki, çox keyfiyyətli futbolçulara sahib idik. Heyətimiz olduqca güclü idi. Mübariz komanda formalaşmışdı. Həmin heyətin sayəsində ard-arda iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacardıq. Düzdür, bu həmin heyətlə Avropa səhnəsində uğur qazana bilsək də, ölkə çempionu ola bilmədik. Bəzən gözlənilməz anda xal itkiləri, müəyyən səhvlər bizə Azərbaycan çempionu olmağa imkan vermədi. Demək qismətimizdə yox imiş.

Zirvədən “zirzəmiyə” – I Liqaya…

Yəqin ki, çox insan son ölkə kubokunun qalibi olmuş komandanı növbəti mövsüm I Liqada görməyi düşünməzdi. Əslində son illər “Qəbələ” klubu çətinliklərin məngənəsində idi. Ölkənin ən yaxşı futbol akademiyasına sahib komanda son zamanlar ciddi maliyyə sıxıntıları yaşayırdı. Lakin bununla belə bölgə təmsilçisi həm akademiyanın bağlanmasına, həm də klubun dağılmasına imkan vermirdi və verə bilməzdi. Çünki “Qəbələ”nin dağılması Azərbaycan futboluna zərbə olacaqdı. Bundan sonra necə olacaq – hələ heç nə bilinmir. Yenidən toparlanıb elitaya qayıtmaq hədəfi, yoxsa… Hələ ki klub rəsmiləri açıqlamalarında bütün çətinlikləri bildirırlər, lakin sanki küskünlük də hiss edilir. İdman prinsipləri vacib idi, yoxsa onsuz da çətin vəziyyətdə olan klubu lap çətinə düçar olması… Maliyyə dəstəyi ciddi miqdarda azalacaq. Bu psixoloji-mənəvi sıxıntı kluba necə təsir edəcək?

Rəngarəng və qısa, lakin zəngin tarixi ilə rəğbət qazanan “Qəbələ”nin geridönüşü ümidiylə…

Məlik Məlikov