“Zirə” Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşacaq. “Qartallar” ilk oyunu avqustun 8-də səfərdə keçirəcək, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
“Osiyek” II təsnifat mərhələsində Estoniya təmsilçisi “Levadiya”nı iki oyunda da məğlub edib (5:1, 1:0).
Xorvatiya klubunun əsası 1947-ci ildə qoyulub. Komanda ev oyunlarını 13 min nəfərlik tutumu olan “Opus” arenada keçirir. Heyətin dəyəri 25,33 milyon avrodur. “Zirə”də isə bu rəqəm 10,10 milyon avrodur.
“Osiyek”ə Federiko Koppitelli rəhbərlik edir. O, ötən aydan komandanın sükanı arxasındadır. “Osiyek” onun başçılığı altında 2 rəsmi, 1 yoxlama oyunu keçirib. “Levadiya” ilə duellərdən qalib ayrına xorvatlar sınaq görüşündə Slovakiyanın “DAC 1904” komandasına uduzub – 2:3. Maraqlıdır ki, Koppitellinin yeganə məğlub olduğu komanda Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə hər iki matçda uduzub.
“Osiyek” son illərdə Xorvatiya çempionatında uğurlu nəticələri ilə yadda qalır. Son üç mövsümdə iki dəfə “bürünc” qazanan komanda 2020/21 mövsümünü isə ikinci bitirib. Komanda ötən il çempionatı 4-cü sırada bitirib.
Komandanın avrokuboklardakı ən yaxşı nəticə pley-off oynamaqdır. “Osiyek” 2017/18 mövsümündə Avropa Liqasında qrup mərhələsinə yüksəlmək yolunda Vyana “Austriya”sına uduzub.
Komandanın əsas qol silahı Ramon Mieresdir. 27 yaşlı hücumçu ötən mövsüm 12 qolla “Osiyek”in bombardiri olub. Argentinalı forvard bu mövsüm Konfrans Liqasında iki oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun “transfermarkt”da dəyəri 4 milyon avrodur.
“Osiyek” Xorvatiya çempionatında birinci turda “Sibenik”i qəbul edəcək. Görüş avqustun 4-də baş tutacaq. Komanda bundan 4 gün sonra isə “Zirə” ilə üz-üzə gələcək.
Kamil Əhməd