“Zirə” mövsümün ikinci yarısına uğurlu start verərək, “Araz-Naxçıvan”dan (1:0) sonra “Şamaxı” səfərindən (2:1) də qələbə ilə qayıtdı.
“Qartallar”ın kapitanı Qismət Alıyev “FutbolPress”ə qələbə ilə bağlı fikirlərini bölüşdü:
“Şamaxı səfəri hər bir komanda üçün çətin keçir. Həmin görüşə məşqlərdə çox istəklə hazırlaşırdıq. “Şamaxı” son görüşlərdə çox yaxşı çıxış edirdi. Bilirdik ki, Ayxan Abbasovun komadandarı hər zaman istəkli, döyüşkən kollektiv olub. Bizden öncəki oyunda “Qarabağ”dan xal almağa çox yaxın idilər. Çox vacib qələbə ilə 3 xal qazandıq”.
Azərbaycan millisinin müdafiəçisi ikinci yarıda yaxaladıqları uğurlu seriyanı belə şərh etdi:
“İkinci yarıya qələbəylə başlamaq komandaya əlavə güc verir. Artıq 2 oyun geridə qalıb. İkinci yarı hər zaman daha ağır keçir. Komandalarda yeni transferler olur. Artıq bütün rəqiblər bir-birini daha da yaxşı tanıyır. Bizim üçün ağır qrafik gəlir. İstər kubok oyunu olsun, istərsə də çempionat, hər biri vacibdir”.
28 yaşlı futbolçu cari mövsümdəki hədəfləri haqda da danışdı:
“Keçən mövsüm avroliqada oynadıq, kubokun finalına çıxdıq. Bu mövsüm də hədəfimiz eynidir. Getdikcə çempionatın səviyyəsi artır. Elə bir oyun yoxdur ki, o oyunda rahat qələbə qazanasan. Bizi qarşıda bir-birindən çətin oyunlar gözləyir. İndi hədəfimiz qarşıdan gələn “Qarabağ”la oyunu qazanmaqdır”.
Mirkamal Kazım