“Zirə”nin Bakıya yaxşı nəticə ilə dönəcəyinə inanıram”

“Zirə” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprdə “Omoniya” ilə qarşılaşacaq. Oyuna saat 21:00-da start veriləcək.

Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Zirə”ni çətin oyun gözləyir. İndi “Omoniya”nın necə olduğu haqda informasiyam yoxdur, amma bilirəm ki, kifayət qədər təcrübəli komandadırlar. Evdə oynayırlar və ilk 20 dəqiqə güclü təzyiq göstərəcəklərini düşünürəm. “Zirə” bunun öhdəsindən gəlməlidir”.

Mütəxəssis Azərbaycan təmsilçisinin müdafiədə daha diqqətli oynamalı olduğunu qeyd etdi:

“Ümumiyyətlə, “Zirə” bu mövsüm az qol buraxır, amma “Osiyek”lə oyuda rəqibə çox boşluqlar verdilər. Yəqin, Rəşad Sadıqov və məşqçilər korpusu bunun üzərində işləyiblər. Çünki “Omoniya”nın futbolçuları daha keyfiyyətlidir. Səfərdə oynayırsan və müdafiədə maksimum yaxşı olmalısan”.

Mircavadov “Zirə”yə inandığını və səfərdən yaxşı nəticə ilə dönəcəklərinə əmin olduğunu söylədi:

“Zirə” getdikcə daha çox təcrübə qazanır. “Şerif”lə oyuna baxaq, bir də “Osiyek”lə… Görün komandada necə fərq var. Həm də “Zirə”nin heyətindəki oyunçuların keyfiyyətləri yaxşıdır və sürətli əks-hücumlara çıxa bilirlər. “Omoniya” səfərində bundan istifadə etmək lazımdır. “Zirə”nin Bakıya yaxşı nəticə ilə dönəcəyinə inanıram. Amma oynamaq lazımdır ki, istədiyini əldə edəsən. Yaxşı deyim var, oynasan, xal var, oynamasan, xal yoxdur. İndi “Zirə” səfərdə yaxşı nəticə üçün oynamalıdır”.

Şahin Cəfərov