“Zirə” Premyer Liqada üç turdan sonra qələbə qazanıb. “Qartallar” XV turda azarkeşləri önündə “Sumqayıt”ı üstələyib – 4:1.
“Zirə”nin qapıçısı Aydın Bayramov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:
“Yaxşı komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, hər iki hissədə üstün olduq, çoxlu qol epizodları yaratdıq. Oyunun layiqli nəticəsi qələbə qazanmağımız idi. Oyundan əvvəl təzyiq yox idi, sadəcə ardıcıl məğlubiyyətlərdən sonra məsuliyyət hissi var idi”.
Qolkiper Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Şamaxı” ilə oyunundan söz açdı:
“Şamaxı” çempionatda son turlarda uğursuz olsa da, yaxşı kollektivdir. Komandalar kubok oyunlarına fərqli motivasiya ilə hazırlaşır. Ağır oyun olacağının fərqindəyik”.
Bayramov komanda olaraq hədəflərinin həm Premyer Liqada, həm də kubokda maksimum irəli getmək olduğunu bildirdi:
“Kubok avrokuboklar üçün qısa yoldur. Lakin indiki məqamda çempionatı da qurban vermək olmaz. Çalışacağıq ki, hər iki cəbhədə sona kimi mübarizə aparaq”.
Aydın Bayramov mövsümün əvvəlində digər qolkiper Tiaqo Silvaya rəqabətdə uduzsa da, son turlarda “çərçivə”ni özü qoruyur. Bayramov komandadakı rəqabətə də toxundu:
“Bizdə əsas və ya ehtiyat qapıçı anlayışı yoxdur. Qapıçılar arasında güclü rəqabət var və kimin oynayacağına baş məşqçi qərar verir. Lakin hər birimiz üçün vacib olan komandamızın uğur qazanmasıdır”.
Şahin Cəfərov