“Zirə” Avropa Liqasına qələbə ilə başlayıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Moldovada “Şerif”i məğlub edib – 1:0.
Ötən mövsümü uğurlu keçirən və çempionat ilə ölkə kubokunda gümüş medal qazanan “Zirə”nin zəngin avrokubok təcrübəsi olan “Şerif” qarşısında şansları bərabər görünürdü. Düzdür, moldovalılar əvvəlki gücündə deyil, yenilənmiş heyət var və mövsümün ilk oyununda problemlər qaçılmaz idi.
Matça yaxşı başlayan “Zirə” oldu. “Qartallar” ilk 15 dəqiqədə bir-iki şans yaratdı, sürətli hücumlarla rəqibi təzyiq altına salmağı bacardı. Lakin hava şəraitinin isti olması da oyuna təsirini göstərdi. Temp tez-tez düşür və futbolçularda yorğunluq hiss edilməyə başlamışdı. İlk hissədə rəqibinə ciddi qol imkanı verməyən “Zirə” fasilədən sonra da etibarlı müdafiəsi ilə diqqət çəkdi. Ruan Renato və Stefan Aka “Şerif”in hücumçularını nəzarətdə saxlamağı bacarmışdı. Rəqib həmlələri artırmasına baxmayaraq, təmkinini qoruyan “qartallar” sona iki dəqiqə qalmış fərqləndi və cavab oyunu öncəsi yaxşı üstünlük yaxalayıb.
“Şerif” əvvəlki gücündə görünməsə də, hələ hər şey bitməyib. Moldovalılar avrokubok ənənəsi olan komandalardandır və son illərdə Moldova futboluna dominantlıq edir. Bakıdakı görüşə “Zirə” nisbətən daha rahat çıxsa da, buraxılacaq bir qol komandanı təzyiq altına sala bilər. Hər bir halda, Sadıqov bəlkə də, sabahdan oyunun təhlillərinə başlayacaq və cavab matçına kimi tam hazır olmağa çalışacaqlar.
İkinci oyun iyulun 18-də Bakıda olacaq.